İnkişafın Azərbaycan modeli: nəzəri-metodoloji kontekstdə

 

Tarixən formalaşmış elmi nəzəriyyələr göstərir ki, praktikada qazanılmış uğurlu nəticələrin izahı inkişafın sabit və dayanıqlı səciyyə daşıması baxımından son dərəcə vacibdir. Konkret elmi postulatlara, nəzəri konstruksiyalara əsaslanmayan inkişaf prosesinin uzunmüddətli və səmərəli olması qeyri-mümkündür. Bu baxımdan son illər müstəqil Azərbaycanın özünəməxsus inkişaf xüsusiyyətlərinin, milli inkişaf modelinin öyrənilməsi istiqamətində təşəbbüslərin artması da tamamilə təbiidir: respublikamız iqtisadi sahədə keçid dövrünü başa vurmuş, ötən illərdə milli iqtisadiyyatın inkişafı üçün yeni qanunlar qəbul olunmuş, özəlləşdirmə prosesi, vergi, torpaq islahatı başa çatmışdır. İnfrastrukturun yeniləşdirilməsi keyfiyyətcə yeni mərhələyə adlamış, güclü yanacaq-energetika, neft sənayesi formalaşmış, sahibkarlığın milli inkişafda rolu artmış, sosial problemlərin böyük qismi həllini tapmış, respublikamızın dünya iqtisadi-təsərrüfat sisteminə uğurlu inteqrasiyası təmin olunmuş, Azərbaycan nəinki özü, bölgə dövlətləri üçün də etibarlı enerji təhlükəsizliyi sistemi yaratmışdır.

Xüsusən də Azərbaycanın 2008-2010-cu illərdə qlobal böhrandan minimum itki ilə çıxaraq makroiqtisadi göstəricilərə imza atması beynəlxalq müstəvidə Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşması ilə bağlı müzakirələrə rəvac vermişdir. Lakin etiraf etməliyik ki, son dövrlərə qədər Azərbaycanın milli inkişaf modelinin tədqiqi istiqamətindəki araşdırmalar sistemli və ardıcıl xarakter daşımır, praktik nəticələrin nəzəri cəhətdən əsaslandırılması prosesində müəyyən lənglik, süstlük nəzərə çarpırdı. Respublikanın bir ictimai-iqtisadi formasiyadan digərinə keçid prosesində həyata keçirdiyi kompleks təşkilati-hüquqi tədbirlər sisteminin nəzəri əsasda tədqiq edilməsi, əldə olunan elmi nəticələrin ümumiləşdirilməsi prosesi nisbətən diqqətdən kənarda qalmışdı. Azərbaycan iqtisadçılarının respublikanın dünyada maraqla izlənən bənzərsiz inkişaf modelini elmi nöqteyi-nəzərdən əsaslandırması, bu istiqamətdə sanballı elmi tədqiqatlar aparması xüsusilə aktual məsələlərdən biri kimi özünü göstərirdi.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya rəhbəri və ön söz müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" kitabı bu baxımdan ilk fundamental tədqiqat əsəri kimi dəyərləndirilməlidir. Əsərdə respublikamızın ötən 17 ildə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirdiyi islahatların dolğun mənzərəsi yaradılmış, əldə olunmuş yüksək makroiqtisadi göstəricilər fonunda milli iqtisadi inkişaf modelinin səciyyəvi xüsusiyyətləri göstərilmişdir. Eyni zamanda, respublikamızın qlobal böhrandan minimum itki ilə çıxmasının səbəbləri, hökumətin bu sahədə həyata keçirdiyi preventiv tədbirlərin mahiyyəti analitik şəkildə diqqətə çatdırılmışdır.

"Azərbaycan" qəzetinin əsərin müzakirəsi ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetində təşkil etdiyi "dəyirmi masa"da milli inkişaf modelinin tədqiqi istiqamətindəki nəzəri-metodoloji araşdırmalar diqqətə çatdırılmış, maraqlı müzakirələr aparılmışdır. Tədbirdə universitetin rəhbərliyi ilə yanaşı, aparıcı professor və müəllimləri, habelə tədqiqatçıları iştirak etmişlər.

"Dəyirmi masa"nı giriş sözü ilə açan Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin Baş redaktoru Bəxtiyar SADIQOV dedi:

- Hörmətli "dəyirmi masa" iştirakçıları!

Sosial-iqtisadi inkişaf yolunda yüksək nailiyyətlər qazanaraq inamla irəliləyən Azərbaycan bu sahədə özünəməxsus cəhətləri ilə seçilən uğurlu bir modelin əsasını qoymuşdur. İqtisadi tərəqqinin davamlılığını və yeni müvəffəqiyyətlərin qazanılmasını təmin edən bu modelə indi dünya miqyasında da kifayət qədər ciddi maraq göstərilir, onun özəllikləri tədqiqat predmetinə çevrilir. Ən böyük hakim olan zaman isə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycanı liderlər cərgəsinə yüksəldən inkişaf strategiyasının, o cümlədən bu strategiyanın sosial-iqtisadi əsaslarının nə dərəcədə uzaqgörənliklə müəyyənləşdirildiyni real nəticələr əsasında sübut edir.

Tarix bu həqiqəti aksiomaya çevirmişdir ki, hər hansı cəmiyyətdə davamlı sosial-iqtisadi inkişafı üç mühüm amil - çoxmülkiyyətçiliyə əsaslanan iqtisadiyyat, azad rəqabət və qiymətlərin liberallaşdırılması şərtləndirir. Ötən əsrin son onilliyində kifayət qədər mürəkkəb şəraitdə dövlət müstəqilliyini əldə edən Azərbaycanda ilk illərdə hakimiyyətdə olan səriştəsiz insanlar yeni iqtisadi transformasiya prosesində bu şərtlərin reallaşmasını təmin edə bilmədilər. Müxtəlif səbəblər üzündən Azərbaycanda özünü göstərən iqtisadi tənəzzül daha da dərinləşdi, makroiqtisadi göstəricilərdə ciddi geriləmələr baş verdi. Paralel olaraq insanların həyat səviyyəsi sürətlə pisləşməyə, insan inkişafının indeksi çox aşağı göstəricilərlə ifadə olunmağa başladı.

Yaranmış vəziyyətlə barışmaq niyyətində olmayan, gələcək təhlükəsizliyinə, inkişafına təminat almaq istəyən Azərbaycan xalqı yenə də böyük müdriklik göstərərək üzünü böyük oğlu Heydər Əliyevə tutdu. Xalqın arzusu və təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndərin gərgin və titanik əməyi, həyata keçirdiyi məqsədyönlü siyasət və islahatlar sayəsində iqtisadi tənəzzülə son qoyuldu. Ölkə daxilində yaradılan möhkəm sabitlik xarici investisiyaların Azərbaycana axınını təmin etdi. İqtisadiyyatın azad bazar münasibətləri əsasında müxtəlif aparıcı sahələrinin inkişafına start verildi. Ölkənin maliyyə vəziyyəti sabitləşdi, inflyasiya cilovlandı, əhalinin pul gəlirləri artmağa, xalqın maddi rifah halı yüksəlməyə başladı.

1994-cü ilin sentyabrında 8 ölkəni təmsil edən 11 transmilli neft şirkəti ilə imzalanan "Əsrin müqaviləsi" Heydər Əliyevin yeni neft strategiyasının təntənəsi olmaqla yanaşı, Azərbaycanın inkişafında tamamilə yeni mərhələ açdı. Bu müqavilə ümumi sosial-iqtisadi inkişafa böyük töhfələr verməkdən tutmuş ölkənin təhlükəsizliyinin gücləndirilməsinə, beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə qədər geniş spektrdə olduqca vacib rol oynadı. Neft-qaz sektoru, belə demək mümkünsə, Azərbaycan iqtisadiyyatının inkişafında lokomativ rolunu oynadı. Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın yaradılması prosesini uğurla reallaşdıran ulu öndər aqrar sektorun yenidən qurulması, dövlət mülkiyyətinin özəlləşdirilməsi və bununla bağlı müvafiq qanunvericilik bazasının yaradılması sahəsində də möhtəşəm nailiyyətlərin müəllifinə çevrildi. Eyni zamanda, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, eləcə də bu qəbildən olan digər tədbirlər sayəsində iqtisadiyyatın böyük sürət dinamikasına malik tərəqqisinə nail oldu.

Əsası ulu öndər tərəfindən qoyulmuş bu inkişaf strategiyası hazırda onun layiqli siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına, zamanın tələblərinə uyğun yeni çalarlarla zənginləşdirilərək uğurla davam etdirilir. Ölkə başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasətin strateji məqsədi sosialyönümlü, diversifikasiya olunmuş, özünüinkişaf qabiliyyətli milli iqtisadiyyatın qurulmasıdır. Azərbaycan bu sahədə tarix üçün olduqca qısa sayılan zaman kəsiyində həqiqətən də qibtəediləcək nailiyyətlər qazanmışdır. Son 7 ildə iqtisadiyyatın inkişaf dinamikası daha sürətli xarakter almış, Azərbaycan ümumi daxili məhsulun artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq etmiş, iqtisadiyyatın neftdən asılılıq dərəcəsi azaldılmışdır.

Bununla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafını özündə əks etdirən çoxsaylı dövlət proqramları qəbul olunmuş, paytaxt və regionların tərəqqisi təmin edilmişdir. İnfrastruktur yenilənmiş, təzələri yaradılmışdır. Əhalinin məşğulluğu davamlı olaraq yüksəlmiş, yoxsulluğun səviyyəsi azaldılmışdır. Ölkənin təbii və iqtisadi potensialından səmərəli istifadə əmsalı davamlı olaraq artmışdır. İnsanların həyat şəraiti daha da yaxşılaşmışdır. Təsadüfi deyil ki, BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatında Azərbaycan son 5 ildə bu sahədə ən sürətli irəliləyişə imza atan ölkə sayılmışdır.

İqtisadiyyatın uğurlu inkişafının bariz göstəricilərindən biri də 2009-cu ildə özünün zirvə nöqtəsinə çatan qlobal maliyyə-iqtisadi böhranının ölkəmizə təsirlərinin minimum həddə olmasıdır. Böhran şəraitində Azərbaycanda iqtisadi artım davam etmiş, ölkəmiz möhtəşəm bir nailiyyətə imza ataraq iqtisadi sahədə keçid dövrünü başa vurmuşdur. Bütün bunlar iqtisadi inkişafın nə dərəcədə mükəmməl xarakter daşıdığının bariz göstəricisidir.

Azərbaycan iqtisadiyyatının inkişaf modelinin elmi-nəzəri əsaslarının işlənib hazırlanması, bu istiqamətdə geniş tədqiqat işlərinin aparılması isə vacib tələblərdən biridir. Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsi adekvat olaraq bütün sahələrdə modernləşməyə əsaslı təkan verdiyindən, təbii olaraq respublikanın milli inkişaf strategiyasının mahiyyətinin elmi prinsiplər əsasında açılmasına, obyektiv təhlillər aparılmasına geniş yer verilməlidir. Təəssüflə vurğulamaq lazımdır ki, ictimai və humanitar yönümlü elmi-tədqiqat institutları, o cümlədən ali məktəblər respublikanın milli inkişaf modelinin səciyyəvi cəhətlərini konkret elmi-nəzəri konsepsiya şəklində ortaya qoymağa, onu əsaslandırmağa yalnız son dövrlərdə başlamışlar. Halbuki ulu öndərin əsasını qoyduğu inkişaf modelinin siyasi, iqtisadi, hüquqi, ideoloji-nəzəri mahiyyətini açmaq, perspektiv nəticələrini müəyyən etmək baxımından yeni elmi yanaşmalara ehtiyac var.

Bu mənada, bugünkü tədbirin Dövlət İqtisad Universiteində təşkil olunması da anlaşılandır. İndi dünyanın böyük həvəslə öyrənməyə başladığı Azərbaycanın inkişaf modelinin ölkəmizdə elmi, nəzəri əsaslarının işlənməsinə böyük ehtiyac var. Ancaq bu sahədə kifayət qədər zəruri addımlar atılmır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Ramiz Mehdiyev özünün "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində yazır: "Bu gün dünya Azərbaycanı yenidən kəşf edir. Ölkəmizə olan bu diqqət və marağın əsasında Prezident İlham Əliyevin fədakar fəaliyyəti dayanır. Artıq politoloji tədqiqatlarda "Azərbaycan modeli" haqqında fikirlər səslənir. Lakin bizdə hələ də inkişafın Azərbaycan modeli ilə bağlı fundamental təhlillər aparılmır, bu modelin uğurlarını dəstəkləyən və onun əsas meyillərini üzə çıxaran əsərlər yazılmır".

Təəssüf ki, akademik Ramiz Mehdiyevin bu haqlı iradından sonra da Azərbaycanda iqtisadçılar tərəfindən iqtisadi inkişafın nəzəri konsepsiyasının əsaslandırılması, iqtisadi siyasətin nəzəri cəhətlərinin işlənib hazırlanmasında fundamental xarakterə malik əsərlər meydana çıxmayıb. Bu sahədə ilk addım yenə də akademik Ramiz Mehdiyev tərəfindən atılmışdır. Belə ki, hörmətli akademikin ideya və ön söz müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" kitabı bu istiqamətdə göstərilən ilkin təşəbbüs kimi səciyyələndirilə bilər. Kitabda ölkəmizin ötən 17 ildə keçdiyi tərəqqi yoluna nəzər salınmış, milli inkişaf modelinin səciyyəvi xüsusiyyətləri göstərilmişdir. "Azərbaycan" qəzetinin fəal iştirakı ilə ərsəyə gəlmiş "İnkişafın Azərbaycan modeli" kitabı diskussiyalar, "dəyirmi masa"lar, təhlillər üçün zəmin yaradır.

Lakin iqtisadi sahədə keçid dövrünü arxada qoyan və bununla öz tərəqqisində tamamilə yeni mərhələ açan Azərbaycan iqtisadiyyatının inkişaf modelinin daha geniş elmi-nəzəri əsaslarının işlənib hazırlanması vəzifəsi bu gün əsasən iqtisadçı alimlərin üzərinə düşür. Digər tərəfdən, iqtisadi sahədə keçid dövrünün sona yetməsi ölkəmiz qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələr Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin açılması deməkdir. Söhbət ölkəmizin inkişaf etmiş ölkələr sırasına daxil olmasından gedir. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: "Azərbaycanda iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır. Biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq və qarşımıza bu məqsəd qoyulubdur. Biz bu məqsədə çatacağıq".

Yeni məqsədə doğru irəliləyən Azərbaycanın keçdiyi və keçəcəyi yolun elmi-nəzəri əsaslarının işlənib hazırlanması günün vacib tələbidir. Yenə də burada əsas iş iqtisadçıların öhdəsinə düşür və inanmaq istərdik ki, artıq bu istiqamətdə fundamental əhəmiyyətə malik əsərlər ərsəyə gətiriləcək.

Bu barədə məruzə etmək üçün söz Dövlət İqtisad Universitetinin rektoru, professor, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin HACIYEVə verilir.

 

Şəmsəddin HACIYEV:

- Azərbaycanın çağdaş iqtisadi inkişaf yolunun dəyərləndirilməsində, qısa müddət ərzində fenomenal inkişafın əldə olunmasının səbəbiyyət paradiqmasının identifikasiyası mühüm elmi-nəzəri əhəmiyyət kəsb edir. Mahiyyət və istifadə ediləcək instrumental aparat baxımından bu məsələnin həlli nəzəri-metodoloji və praqmatik - real iqtisadi siyasət müstəvilərində mümkündür. Bugünkü "dəyirmi masa"nın məqsəd və məramını nəzərə alaraq Azərbaycan iqtisadiyyatının inkişaf yolunun özünəməxsusluğu ilə fərqlənən "iqtisadi inkişaf modeli" kimi identifikasiyasının məhz real iqtisadi siyasət prizmasında aparılmasını məqsədəmüvafiq hesab edirik. Hörmətli akademik Ramiz Mehdiyevin ideya rəhbərliyi və "Azərbaycan" qəzetinin təşkilatçılığı ilə nəşr edilmiş, indi bizim də müzakirəsinə yığışdığımız "İnkişafın Azərbaycan modeli" adlı monoqrafik əsər bu baxımdan qiymətli mənbə hesab edilə bilər. İqtisadi inkişafımızın lakonik təsviri olan bu kitabda aparılan uğurlu iqtisadi siyasətin əsas istiqamətləri və inkişafın əldə olunmuş nəticələri öz fraqmental əksini tapmışdır. Hamımıza aydındır ki, indiki uğurlu inkişafımızın memarı və arxitektoru ulu öndər Heydər Əliyev olmuşdur.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, dəfələrlə deyildiyi kimi, həlledici olmaqla bərabər, olduqca çoxcəhətli və çoxşaxəli spektrə malikdir. Ölkəyə rəhbərlik etdiyi bütün müddət ərzində cəmiyyətin və dövlətin həyatında onun fəaliyyət dairəsindən və diqqət mərkəzindən kənarda qalan hər hansı bir əhəmiyyətli məsələ olmamışdır. Bununla belə, hesab edirik ki, ümummilli liderin fəaliyyətində ölkənin iqtisadi inkişafı məsələləri həmişə üstün mövqeyə malik olmuş, müstəsna prioritetliyi ilə fərqlənmişdir.

Tarixə çevrilmiş XX əsrin 70-ci illərində, SSRİ tərkibində Azərbaycan iqtisadiyyatının inkişaf xüsusiyyətləri və dövlət müstəqilliyinin bərpasından ötən təxminən 20 il ərzində keçdiyimiz inkişaf yolunun hətta səthi qiymətləndirilməsi fikrimizin təkzibedilməz sübutu ola bilər. Məlum olduğu kimi, 90-cı illərin əvvəllərində Azərbaycanın milli müstəqilliyinin bərpası yanlız iqtisadi böhranla deyil, eyni zamanda, hərbi müdaxilə, torpaqlarımızın işğalı, daxili siyasi hərc-mərclik, keçid dövrünün özünəməxsus problemləri və bütövlükdə cəmiyyətin səbatsızlığı ilə müşayiət olunmuşdur. Belə şəraitdə ölkəmizin qazandığı iqtisadi uğurlar, məhz Heydər Əliyevin rəhbərliyi və gərgin əməyi sayəsində mümkün olmuşdur.

Akademik Ramiz Mehdiyevin doğru olaraq qeyd etdiyi kimi, "Bu illərdə həyata keçirilən yenilikçi qərarlar, Azərbaycanı zəif və tənəzzülə uğramış iqtisadi sistem, geridə qalmış siyasi institusional quruluş və marqinal içtimai şüurla xarakterizə olunan cəmiyyətdən, dayanıqlı siyasi sistem, bazar xarakterli iqtisadi struktur və mərhələlərlə formalaşan demokratik institutlarla səciyyələnən ölkəyə çevirmişdir".

Qeyd olunanlar və qeyri-iqtisadi xarakterli kənar təsirlərin fonunda əldə olunmuş fenomenal nəticələrin sistemli təhlili əsasında əminliklə belə bir qənaəti formalaşdırmaq olar ki, yaranmış şəraitdə Heydər Əliyevin bilavasitə dövlət rəhbəri kimi formalaşdırdığı milli iqtisadi inkişaf strategiyası əslində elmi əsaslara söykənən, strateji milli maraqlara xidmət edən, demokratik dəyərlərə malik və dünyaya açıq olan, sosialyönlü iqtisadi inkişaf modelinə çevrilmişdir.

Azərbaycanın iqtisadi inkişafının xüsusi model kimi identifikasiyası bir neçə məqamla şərtlənir. Birincisi, qeyd edildiyi kimi, çox ağır geoiqtisadi fonda iqtisadi inkişafın bərpa edilməsidir. Şəraitin mürəkkəbliyi təsərrüfatçılıq mexanizminin əsaslı surətdə dəyişilməsi, ağır iqtisadi tənəzzül, daxili sosial-siyasi xaos, xarici təcavüz, sovet imperiyasından qalan son dərəcə ağır miras və müstəqilliyin ilk illərindəki naşı rəhbərliyin sistemsiz və dağıdıcı fəaliyyəti kimi amillərlə şərtlənirdi. İkincisi, iqtisadi inkişafın təmin edilməsində Azərbaycanın istifadə etdiyi alət və vasitələrdir. Dünya təcrübəsinin nəzəri və praktiki dərslərini nəzərə almaqla bərabər, Azərbaycanın iqtisadi siyasəti heç bir kənar tövsiyəyə, hətta maddi stimullarla dəstəklənən "kömək" təşəbbüslərinə arxalanmadı. Yəni, böhranla mübarizənin əsas yükü daxili resurslar və milli məqsədlərin prioritetliyi çərçivəsində beynəlxalq əməkdaşlığın yaratdığı imkanların (bir sıra məqamlarda ciddi kommersiya riski ilə şərtlənən açıq və gizli təhdidlərə rəğmən) üzərinə düşdü. Bu xüsusiyyət özünü beynəlxalq təşkilatlarla qurulan şəffaf və məqsədyönlü siyasətdə, qonşu və dost hesab etdiyimiz iri ölkələrlə siyasi-iqtisadi münasibətlərdə, dünyanın tanınmış şirkətlərinin Azərbaycana investisiya yatırmasının stimullaşdrılması tədbirlərində əks etdirir. Üçüncüsü, fikrimizcə, iqtisadi inkişafın daxili mənbələrinin düzgün seçilmiş istifadəsi strategiyalarından ibarətdir. Bu, həm neft və qaz, tranzit potensialı və polimetal ehtiyatlarına aiddir, həm də təsərrüfatçılıq mexanizminin çevik transformasiyası, iqtisadi islahatların milli sahibkarlığın inkişafına və sosial siyasətin tədricən genişlənməsinə yönəldilmiş xarakteri ilə müəyyənləşir.

Hesab edirik ki, Azərbaycan modelinin daha mühüm bir dominantı dövlətin iqtisadi inkişaf və iqtisadi idarəetmədə rolu ilə bağlıdır. Ölkədə ümumdaxili məhsulun istehsalında özəl sektorun payının 85 faizə çatmasına baxmayaraq, dövlətin iqtisadi fəaliyyətdə tənzimləyici təsiri yetərincə güclüdür. Bu dövlət vəsaitlərinin məqsədəuyğun və diversifikasiyanı təmin edən şaxələndirilmiş istifadəsi metodu vasitəsilə daxili bazarın aktivliyinin qorunmasında əks olunur. Sonuncu məqam 2008-2010-cu illərdə dünyanı bürümüş iqtisadi böhranla Azərbaycanın əldə etdiyi şəksiz nailiyyətlərdə özünü göstərir. Milli inkişaf modelinin daha bir cəhəti dövlətin iqtisadi siyasətinin inkişafın davamlılığı, dayanıqlılığı və tarazlığına hədəflənməsi hesab edilməlidir. Bu iqtisadi siyasət də populyar tədbirlərə yox, real nəticəliyə, qısa deyil, uzunmüddətli məqsədlərə üstünlük verilməsi və dövlətin iqtisadi fəaliyyətinin qiymətləndirilməsinə heç də həmişə marjinal meyarlarla yanaşılmamasında ifadə edilir. Bu məqam ölkə miqyasında infrastrukturun əsaslı modernləşdirilməsi, regionların sosial-iqtisadi inkişafının ciddi dəstəklənməsi, məcburi köçkünlərin, şəhid və əlil ailələrinin həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlərin həyata keçirilməsində bariz şəkildə ifadə olunur. Azərbaycan modelinin növbəti mühüm bir məziyyəti də milli iqtisadi sistemin dünya təsərrüfat sisteminə inteqrasiyasının özünəməxsusluğu ilə şərtlənir. İqtisadiyyatın açıqlıq səviyyəsi yetərincə yüksəkdir, lakin milli iqtisadi sistem arzuolunmaz kənar təsirlərdən çevik və güclü qorunma mexanizminə malikdir. Bu özünü sonuncu qlobal maliyyə böhranı zamanında göstərdi. Milli bank sisteminin mövcud strukturunun daha çox daxili mənbələrə əsaslanması faktı, yəni, bank sisteminin bir çox ölkələrdən fərqli olaraq, şirnikləndirici əcnəbi mənşəli böyük vəsaitlərin cəlbinə ənənəvi olaraq önəm verməməsi böhran zamanı ciddi itkilərdən qorudu. Mərkəzi Bank tərəfindən kommersiya banklarına hərtərəfli yardım siyasətinin həyata keçirilməsi isə beynəlxalq böhranın təsirlərinə qarşı səmərəli kompensasiya effektini əldə etməyə imkan verdi.

Digər tərəfdən, hökumət böhran şəraitində bir çox ölkələrdən fərqli olaraq, daxili bazarın aktivliyinin qorunması üçün büdcə vəsaitlərinin istifadəsində ciddi qənaətlərə yol vermədi. Eyni zamanda, xarici iqtisadi əlaqələrimizin bütövlükdə şaxələndirilmiş xarakterini də vurğulamaq vacibdir. İki və çoxtərəfli dövlətlərarası ticarət-iqtisadi əməkdaşlıq müqavilələri, inteqrasiya birliklərində məqsədyönlü fəaliyyət, nəqliyyat-tranzit əlaqələrinin bir-birini tamamlayan çox elementli və çox marşrutlu sistemi və s. ölkədə inkişafın dayanıqlığına müsbət təsir göstərmişdir.

Heydər Əliyevin inkişaf strategiyasının dayanıqlığı və nəticəliliyinin ən yaxşı sübutu, həmin baza modeli əsasında Prezident İlham Əliyevin 2003-cü ildə bəyan etdiyi "Stabillikdən inkişafa doğru" tərəqqi strategiyasının ötən 7 ildə qazandığı uğurlardır. Bu uğurlar, beynəlxalq təşkilatların, analtik mərkəzlərin və tanınmış ekspertlərin, 2008-2010-cu illərdə Azərbaycanın iqtisadi inkişaf yoluna və dövlətin iqtisadi siyasətinə verdikləri yüksək qiymətlərdə öz əksini tapmışdır. Qeyd etməyi zəruri hesab edirik ki, iqtisadi inkişafımıza dünyanın verdiyi belə qiymətlər faktiki statistik göstəricilərə əsaslanmaqla Azərbaycanın hər bir guşəsində, xalqımızın hər bir sosial qrupunun həyatında əksini tapan dinamik inkişafda qabarıq təzahür edir.

Dünya iqtisadiyyatında böhranın hələ də davam etdiyi 2010-cu ildə də Azərbaycan iqtisadiyyatı sabit inkişaf nümayiş etdirərək dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında möhtərəm Prezidentin qeyd etdiyi kimi, ölkədə "...2010-cu ildə ÜDM təxminən 5 faiz, əhalinin pul gəlirləri 12,3 faiz artmışdır, inflyasiya cəmi 5,7 faiz təşkil etmişdir. Ölkəmizə 15,5 milyard dollar sərmayə qoyulmuşdur, bizim valyuta ehtiyatlarımız 20 milyard dollardan 29,4 milyard dollara qalxmışdır. Qeyri-neft sektoruna qoyulan investisiyalar neft sektorundakından çoxdur. 15,5 milyard dolların 9,3 milyardı qeyri-neft sektoruna qoyulmuşdur. Bütün bunlar, bu nəticələr onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur, tərəqqi və inkişaf yoludur. 2010-cu ildə sosial sahədə böyük işlər görülmüşdür. 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb tikilmiş və təmir edilmişdir, 5 Olimpiya İdman Mərkəzi tikilmişdir. Minimum əməkhaqqı və pensiyanın baza hissəsi qaldırılmışdır, ünvanlı sosial yardım proqramı uğurla icra edilir. Bu onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və iqtisadiyyatımız tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Ancaq bununla bərabər, güclü sosial siyasət bizim əsas vəzifəmizdir".

Əlbəttə, bütün bu əldə olunanlar tarixi nailiyyətdir və iqtisadi uğurlarımızın təməlində düşünülmüş siyasət və səmərəli idarəetmə sistemi dayanır. Ümumi həcmi 41 milyard manatdan çox olan ÜDM istehsalında özəl sektorun payının son illərdə 85 faizə çatması, ölkəmizdə qeyri-dövlət sektorunun inkişafına dövlətin qayğısının yüksək səviyyəsini göstərir. Eyni zamanda, iqtisadi siyasətdə qeyri-neft sektorunun üstün inkişafı son illərdə diqqət mərkəzində dayanan mühüm məqsədlərdəndir. Məsələn, 2010-cu il ərzində ÜDM-in real artımı qeyri-neft sektorunda 5,9 faiz, neft sektorunda isə 2,6 faiz olmuşdur. 2010-cu ildə neft strategiyasının uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın tarixində rekord səviyyədə - 51 milyon ton neft hasil edilmiş və 27 milyard kubmetr qaz təhvil verilmişdir.

Ümumilikdə qeyd etmək lazımdır ki, ötən illər ərzində ölkənin strateji inkişaf istiqamətlərini müəyyən edən dövlət proqramlarında nəzərdə tutulmuş məqsəd və hədəflərə nail olunması üçün ciddi tədbirlər həyata keçirilmişdir ki, bütün bunlar da ölkə əhalisinin sosial-iqtisadi həyat səviyyəsinin yaxşılaşdırılması və yoxsulluq həddinin minimum səviyyəyə endirilməsinə imkan vermişdir. Məsələn, 2010-cu ildə dövlət büdcəsi xərclərinin 39 faizi, yəni, 4653 milyon manatı məqsədli proqramların həllinə yönəldilmişdirsə, 2011-ci ilin büdcəsindən məqsədli proqramların maliyyələşdirilməsi məqsədilə 5390 milyon manat (büdcə xərclərinin təxminən 42,3 faizi) planlaşdırılmışdır.

2004-2008-ci illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın qəbulundan altı il ötüb. Müvəffəqiyyətlə yekunlaşan birinci proqramın davamı olaraq 2009-2013-cü illəri əhatə edən ikinci proqramın ikinci ilinin icrası da uğurla başa çatmışdır. Bunun nəticəsidir ki, qısa müddətdə regionların davamlı və dinamik inkişafı təmin edilmiş, regionların əhalisinin sosial təminatının daha da gücləndirilməsi, sosial infrastrukturun yenidən qurulması və məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsini təmin etməklə istehsal infrastrukturunun modernləşdirilməsi, özəl sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Bu proqramların reallaşdırılmasının əsas uğurlarından biri iqtisadiyyatın enerji sektorunun asılılığından çıxması və qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsidir. Regionlarda iqtisadi fəallığın artırılması məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ilbəil artırılır. Altı il bundan əvvəl Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdı, bu gün həmin göstərici 9,1 faizdir. Bu onu göstərir ki, hətta böhran illərində Azərbaycanda yoxsulluğa qarşı çox ciddi mübarizə aparılıb.

Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarında, Azərbaycanda həyata keçirilən sistemli iqtisadi islahatlar mütəmadi olaraq öz yüksək qiymətini almışdır. 2008-ci ilin yekunlarına əsasən, Azərbaycan dünyada "İslahatçı ölkə" elan edilmişdir. Son dövrlərdə dünyanın ən mötəbər beynəlxalq iqtisadi strukturlarından hesab edilən Dünya İqtisadi Forumu Azərbaycanı informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə MDB məkanında birinci yerə layiq görmüşdür. Həmin forum tərəfindən hər il tərtib olunan Qlobal Rəqabət qabiliyyətliliyi İndeksinə görə Azərbaycan 2008-ci ilin nəticələrinə görə tutduğu 69-cu mövqedən, 2009-cu ildə 18 pillə (!) irəliləyərək 133 ölkə içərisində 51-ci mövqeyə yüksəlmişdir. Bu həm də ona görə əlamətdardır ki, bu nailiyyət bütün dünyanı bürüyən qlobal iqtisadi böhran fonunda əldə olunmuşdur. 2010-2011-ci illərin müvafiq hesabatında da Azərbaycan iqtisadiyyatı öz rəqabət qabiliyyətliliyinə görə yüksək mövqeyini saxlayır və bütün MDB ölkələrini, eləcə də Braziliya, Meksika, Türkiyə kimi dinamik iqtisadi inkişaf nümayiş etdirən ölkələri qabaqlayır. Makroiqtisadi sabitlik indeksi üzrə 14 pillə irəliləyərək 139 ölkə içərisində 13-cü yerdə qərarlaşmışdır. Ölkəmizin rəqabət qabiliyyətliliyinin yüksəldilməsində büdcə siyasətinin mühüm rolu vardır. 2008-ci ildə Azərbaycan "Büdcə balansı" subindeksinə görə 134 ölkə içərisində 31-ci yeri tuturdu. 2009-cu ildə ölkəmiz bu göstəriciyə görə 133 ölkə içərisində 6-cı (!) mövqeyə, 2010-cu ildə isə 4-cü mövqeyə yüksəlmişdir. "Fich Ratinqs" agentliyi ölkəmizə ilk dəfə olaraq investisiya reytinqi vermişdir.

Beləliklə, qısa məlumatlar sübut edir ki, ulu öndər Heydər Əliyevin müdrikliklə əsasını qoyduğu Azərbaycanın iqtisadi inkişaf modeli son illərdə daha müvəffəqiyyətlə, akselerativ effektlə fəaliyyət göstərir. Azərbaycanın sözün bütün mənalarında qürur hissi keçirməli olan çağdaş uğurlarının əsasında isə möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "...Güclü siyasət, siyasi iradə, siyasi və iqtisadi islahatlar, düşünülmüş strategiya və taktika" dayanır.

 

Bəxtiyar SADIQOV: Azərbaycan inkişaf yolunu dünya iqtisadiyyatının inkişaf meyillərinə uyğun qursa da, respublikamızın milli iqtisadi inkişaf modeli heç bir dövləti təkrarlamır. Məhz buna görə də bu model dünya miqyasında böyük maraqla qarşılanır, onun nəzəri-metodoloji şərhinə ehtiyac duyulur. Bu barədə danışmaq üçün söz iqtisad elmləri doktoru, professor Əvəz BAYRAMOVa verilir.

 

Əvəz BAYRAMOV:

- Bəri başdan qeyd edək ki, inkişaf modelinin yüksək effektivliyinin əsasında Heydər Əliyevin formalaşdırdığı metodoloji platforma dayanır. Sistem dəyişikliyinin həyata keçirilməsi prosesində ulu öndərin tətbiq etdiyi yanaşma nəzəri-metodoloji prizmadan daha çox kritik realizmin baza konspektləri ilə səsləşir. Belə ki, reallığın antoloji iyerarxiyası yalnız empirik səviyyə ilə məhdudlaşmır. Reallıq, empirik səviyyə və gerçəklik anlayışları məzmun və məna tutumu baxımından identik anlayışlar deyildir. Empiriya - reallığın, yaxud aysberqin "görünən" hissəsi, gerçəklik isə antoloji anlamda ara səviyyə olmaqla hadisələrin sistemləşməsi kəsimində reallığın təzahürüdür.

Azərbaycanın iqtisadi inkişaf modelinin ideya başlanğıcı milli rifahın təminatından qaynaqlanır. "Öncə milli mənafedir" deyimi cəmiyyətin inkişaf prosesinə məhz bu rakursdan yanaşmanın alternativsiz olduğunu ifadə etməkdədir. "Rifah" anlayışı kifayət qədər geniş diapazonda şərh edilə bilər və edilir də! Azərbaycan gerçəkliyi sözügedən konseptin real məzmununa sırf praqmatik nöqteyi-nəzərdən yanaşıldığını ortalığa qoyur. Milli inkişaf modelinin əsas xarakterik xüsusiyyətlərindən biri proqram-məqsədli yanaşmanın prioritet rolu ilə bağlıdır. İqtisadi reallığın ifrat dinamizmi, kəmiyyət-keyfiyyət çevrilmələrinin hansısa konkret qanunauyğunluq çərçivəsində rasional yozumunun prinsipcə mümkünsüzlüyü proqram-məqsədli yanaşma bazasında formalaşdırılan hipotezlərin gerçəkliyə daha çox adekvat olduğunu üzə çıxarır.

Ənənəvi yanaşmalar (müasir iqtisadi gerçəklik müstəvisində) nəinki özünün məntiqi strukturu nöqteyi-nəzərindən iqtisadi hadisə və proseslərin məqsədyönlü tənzimlənməsi yönümündə yararsızdır, həmçinin ifrat bəsitləşmə və ideallaşmaya yol verməklə xarici təhdidlərdən qorunma imkanlarını belə dar çərçivəyə salır.

Proqram xarakterli inkişaf elə ilk başlanğıcdan qeyri-müəyyən olanı, "görünməyəni", rasional kalkulyasiyası mümkünsüz olanı prosesdən sərf-nəzər edir. Proqram-məqsədli yanaşmanın konseptual mahiyyətinin əsasında konkret məqsədə (yaxud məqsədlərə) yönəlmə dayanır. Məqsəd - iqtisadi sistemin müəyyən inkişaf səviyyəsinə (arzuedilən) çatma halının təsviri aspektində formalaşdırılır. İkinci mühüm cəhət ondan ibarətdir ki, proqram yanaşması çərçivəsində cari situasiyanın arzuedilən istiqamətdə dəyişmə tezliyini və yekun olaraq bütövlükdə cəmiyyətin hədəflənən nöqtəyə çatma "məsafəsini" riyazi dəqiqliklə qiymətləndirmə imkanı yaranır.

Üçüncü xarakterik xüsusiyyət proqram-məqsədli yanaşmanın "ünvanlılığı", subyekt müəyyənliyi, resurs potensialının konkret həcmində təzahür edir. Başqa sözlə, hədəflənən məqsədə çatma prosesinin subyekti (yaxud subyektləri), vasitə və üsulları, resurs təminatı və konkret zaman intervalı proqramda əksini tapır. Qeyri-müəyyənliyin əhatə dairəsi əhəmiyyətli dərəcədə daralır, iqtisadi proses "idarəediləbilən" hala gətirilir, yekun olaraq iqtisadi inkişafın dayanıqlılığı təmin edilir. Apardığımız araşdırmalar Azərbaycanın inkişaf modelinin məntiqi strukturuna izomorf olan nəzəri ehtimalları dəqiqləşdirməyə imkan vermişdir:

- inkişafın tsiklik xarakteri texnoloji amillə səbəbiyyət bağlılığındadır;

- inkişaf "dalğaları" makroiqtisadi və texnoloji dəyişikliklərin sinxronluğu, çox amilliyi və iqtisadi prosesin dönməzliyi ilə əsaslandırıla bilər;

- eyni zaman intervalında inkişafın faza və tsikl müxtəlifliyi gerçəkdir;

- iqtisadi inkişaf-sistemli xarakter daşımaqla iqtisadi varlığın keyfiyyətcə yeniləşməsi yönümündə gedən dəyişikliklər kompleksidir;

- sosial-iqtisadi prosesin institusional təminatı təkamül prinsipindən (dəyişiklik-varislik-seçim) törəyənlərlə əsaslandırıla bilməz;

- inkişafın mərkəzi konsepti tarazlıq deyil, dinamikadır;

- qeyri-xətti səciyyə daşıyan səbəb-nəticə bağlılığı əvvəlki inkişafın hərəkət trayektoriyası ilə üst-üstə düşməyə bilər;

- ən əlverişli qərarın qəbulunda, yaxud seçimində bir yox, çoxlu sayda kriteriyalara əsaslanmaq lazımdır.

Modeldə işgüzar tsiklin tənzimlənməsi prosesində dövlətin yeri və rolu institusional baxımdan öz sistemliliyi ilə fərqlənir. Dövlət - arbitr keyfiyyətindən daha çox sosial əməkdaşlığın daha da möhkəmlənməsi, sosio-mədəni identikliyin reallaşdırılması, monolit bütövlük yaradan subyekt kimi çıxış edir. Eyni zamanda, tənzimlənmənin iyerarxik strukturu yeni interpretasiyada həyata keçirilir. "Piramida" sisteminin bürokratik yüklənməsinin gerçək mahiyyətinə istinadla meydana çıxa biləcək yubanmaların aradan qaldırılmasına nail olmaq məqsədilə optimal nizam siyasəti yeridilir. Belə ki, dövlət başçısı iqtisadi proseslərin tənzimlənməsi sisteminin (piramidanın) zirvəsində deyil, mərkəzində mövqe tutur. Başqa sözlə, əksər iqtisadi subyektlərə münasibətdə eyni məsafədə dayanır. Bu cür tənzimləmə üsulu həm mikro, mezo, həm də makro və meqa səviyyələr (iqtisadiyyatda) arasında inteqrativ bağlılığın formalaşması və məcmu sosial-iqtisadi effektin yüksəldilməsi nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir.

Model - iqtisadi prosesin dinamizminə adekvat olaraq ən yeni texnoloji ukladın qərarlaşmasına əlverişli şərait yaradır. Məhz bu gün cənab İlham Əliyevin rəhbərliyi altında formalaşdırılan milli rəqabət üstünlükləri yaxın 50 il ərzində nəinki geoiqtisadi, həmçinin geosiyasi rəqabət mübarizəsində öncül mövqelərdə qalmağa imkan verəcəkdir. Rəqabət üstünlüklərinin milli interpretasiyası elmin, təhsilin və səhiyyənin inkişafını, informasiya mühitinin formalaşmasını, ekoloji tarazlığı, yüksək həyat səviyyəsinin, aparıcı istehsal sistemlərinin yaradılmasını, sosiomədəni inkişafı və s. özündə ehtiva edir. Intellektual, elmi-texniki və maliyyə potensialının təmərküzləşməsi (ayrı-ayrı təkrar istehsal sistemləri çərçivəsində) insan kapitalının inkişafı zəruriliyi ilə determinə olunmuş formada həyata keçirilir.

Cənab Prezidentin məhz qeyd edilən interpretasiyanı önə çəkməsi bir tərəfdən qlobal iqtisadi böhrandan qorunmada, digər tərəfdən isə regional inkişafın geoiqtisadi proyeksiyasında mühüm rol oynamışdı. Regionların sosial-iqtisadi inkişafına münasibətdə həyata keçirilən paradiqmal yeniləşmə milli iqtisadiyyatın geoiqtisadi anlamda sistem kimi formalaşmasına, daha konkret şəkildə ifadə etsək, klassik ölkədən "ölkə-sistemə" transfer etmədə mühüm istinad nöqtəsi keyfiyyətində çıxış edir. Buna görə də təəccüblü deyildir ki, çox qısa bir zaman kəsiyində Azərbaycan həm regional, həm də transregional müstəvidə lider ölkəyə çevrilmişdir.

 

Bəxtiyar SADIQOV: Şəxsi qənaətimə görə, milli inkişaf modelinin xüsusiyyətlərinin elmi tədqiqi üçün son 15 ildə ölkədə həyata keçirilən iqtisadi islahatları təhlil prizmasından keçirmək və mövcud reallıqları obyektiv qiymətləndirmək lazımdır. Amma yəqin ki, bizim hörmətli iqtisadçı alimlərin də məsələyə fərqli subyektiv baxışları var. Bu barədə danışmaq üçün söz iqtisad elmləri doktoru, professor Rasim HƏSƏNOVa verilir.

 

Rasim HƏSƏNOV:

- Azərbaycanın iqtisadi inkişaf modelinin qiymətləndirilməsi bir neçə qarşılıqlı təsirə malik müstəvilərdə aparıla bilər. Fikrimizcə, istinad nöqtəsi sayılacaq müstəvilərdən biri iqtisadi sistemimizin transformasiyası hesab oluna bilər. Son on beş ildə əldə olunmuş fenomenal uğurlara rəğmən, aparılan iqtisadi siyasətin ən mühüm xüsusiyyəti inkişafın əsaslı islahatlar şəraitində təmin olunmasıdır.

Dövlət müstəqilliyinin bərpası Azərbaycanda iqtisadi böhranın dərinləşməsi ilə eyni vaxta təsadüf etmişdir. Bu səbəbdən yaranmış şəraiti düzgün qiymətləndirən ümummilli lider Heydər Əliyev dövlət rəhbəri kimi ilk çıxışlarında bəyan etdi ki, "Azərbaycanda iqtisadi islahatlar ideologiyaya əsasən deyil, real həyat həqiqətlərinə uyğun apaılacaq".

İqtisadi sistemin transformasiyası yönümündə görülmüş işlərə əsaslanaraq ölkədə iqtisadi islahatların aşağıdakı analitik xüsusiyyətlərini formalaşdırmaq olar:

- ölkənin əsas təbii-iqtisadi ehtiyatlarının aktiv təsərrüfat dövriyyəsinə cəlbinin müxtəlif formalarla stimullaşdırılması;

- liberal bazar prinsiplərinə əsaslanan təsərrüfat mexanizminin, əlverişli və xüsusi mülkiyyətə əsaslanan sahibkarlıq mühitinin formalaşdırılması;

- iqtisadiyyatın ardıcıl tədbirlər vasitəsilə açılması, dünya təsərrüfat sisteminə rasional inteqrasiyanın təmin olunması.

İslahatların ilk vacib addımı 1994-cü ilin yanvarından milli valyutanın ölkə ərazisində yeganə ödəniş vasitəsi elan olunması hesab edilir. Ulu öndər Heydər Əliyevin bu müdrik qərarı ilə əslində ölkənin bütöv iqtisadi fazasının yaradılması başlandı. Daha sonra 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə ölkənin dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində sıçrayış baş verdi. İslahatların üçüncü ən mühüm hadisəsi Azərbaycanın ilk Konstitusiyasının qəbulu oldu. Konstitusiya xüsusi mülkiyyətin, azad sahibkarlığın, yeni torpaq münasibətlərinin, dünya iqtisadiyyatına inteqrasiyanın hüquqi əsaslarını təsbit etdi və dövlətin idarə olunmasında müstəsna əhəmiyyəti olan hakimiyyətin bölgüsü baş verdi.

İqtisadi idarəetmə sisteminin yenidən qurulmasının əsas əlaməti dövlətin iqtisadi fəaliyyətdə rolunun transformasiyası ilə səciyyələnir. Burada əsas meyli dövlət iqtisadi idarəetmə sisteminin, istehsalın idarəedicisindən əsas ictimai xidmətlərin təminatçısına çevrilməsi təşkil etmişdir. İri dövlət müəssisələrinin korporativləşdirilməsi həyata keçirilmiş və bir sıra dövlət müəssisələri fərdi mülkiyyətə verilmişdir. Neft gəlirlərindən istifadənin milli maraqların təmin edilməsinə istiqamətləndirilməsi üçün Dövlət Neft Fondunun yaradılması və neft gəlirlərindən uzunmüddətli istifadə strategiyasının qəbulu mühüm addımlar hesab edilməlidir.

Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyası son 7-8 ildə ölkəmizin tamamilə yeni və sürətli modernizasiya müstəvisinə çıxmasını təmin etmişdir. Maliyyə resurslarının cəlbinə və idarəolunmasına, xarici borclanmaya təmkinli münasibətin göstərilməsi, iqtisadiyyatın daxili potensialının səfərbər olunmasına önəm verilməsi, mövcud resurslardan səmərəli istifadə ilə yanaşı, onların artımının real sektora mənfi təsirlərinin qarşısının alınması, maliyyə bazarının sistemli strelizasiyası və inflyasiya tarqetləşdirilməsi meyillərinin qorunması kimi cəhətlərlə yanaşı, iqtisadi fəallığın stimullaşdırılması üçün bank fəaliyyətinin institusional və funksional müstəvilərdə məqsədli tənzimlənməsi kimi məsələlərə önəm verilmişdir.

Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi, "Bütövlükdə bu mənzərə bir daha onu göstərir ki, Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır, daxili resurslara söykənir, Azərbaycanda iqtisadi və sosial məsələlərin həllində düşünülmüş proqram, strategiya, hər il üçün layihə paketi vardır".

Fikrimizcə, son illərdə Azərbaycanın iqtisadi inkişaf modelinin ən mühüm məziyyəti iqtisadi sistemin dayanıqlığının gücləndirilməsi, inkişafın davamlılığının və tarazlığının təmin edilməsi hesab olunmalıdır. Müasir Azərbaycan reallıqları baxımından, iqtisadi inkişafda formalaşmış nisbətlərin qorunması və yaxşılaşdırılması, gözlənilməz kənar təsirlərin kompensasiyaedici mexanizminin formalaşdırılması önəmli vəzifələr hesab edilir. Konkret siyasət tədbirləri baxımından şərh etsək, bu nəticələr, neft gəlirlərindən inkişaf mərhələsinə adekvat istifadənin təmin edilməsi, o cümlədən dövlət büdcəsi ilə Dövlət Neft Fondu arasında qarşılıqlı maliyyə axınlarının yaradılması vasitəsilə cari dövlət xərclərinin maliyyələşdirilməsində, "ehtiyat yastığı" hesabına fasiləsizliyin və eyni zamanda, maliyyə bazarında stabilliyin təmin edilməsi üçün "sterilləşdirmə" xarakterli vəsaitlərin akkumulyasiyasının təmin edilməsi; bank sisteminin fəaliyyət qabiliyyətliliyinin saxlanılması məqsədilə pul-kredit siyasətinin çevikliyinin təmin edilməsi; real sektorda qiymətlərin formalaşmış səviyyəsinin, o cümlədən əməkhaqqı və məzənnə siyasəti vasitəsilə saxlanılması və s. xüsusilə nəticəli olmuşdur.

Qeyd edilən məqamlar bilavasitə inkişafın davamlılığına xidmət edir. Lakin inkişafın davamlılığının təmin edilməsi baxımından bir sıra digər tədbirlər də xüsusi vurğulanmalıdır. Dövlət büdcəsinin xarakterinin əhəmiyyətli dəyişməsi, o cümlədən daxili iqtisadi fəallığın artırılması üçün dövlət vəsaitlərinin istifadəsinə xüsusi diqqət verilməsi, o cümlədən büdcə və dövlət təsərrüfat subyektlərinin sərbəst vəsaitlərinin dövriyyəyə cəlbinin stimullaşdırılması, xüsusilə regional inkişafın dəstəklənməsi prizmasından əhəmiyyətlidir. Müasir mərhələdə Azərbaycanda iqtisadi inkişafın ərazi tarazlığının təmin edilməsi, yerli resursların təsərrüfat dövriyyəsinə cəlbi, investisiya resurslarının əyalətlərə istiqamətləndirilməsi, qeyri-neft sektorunun inkişaf prioritetliyinin bərpa edilməsi və bütövlükdə əhalinin sosial şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsi və keyfiyyətinin yüksəldilməsi problemlərinin həllinin əsas vasitəsidir. İqtisadi inkişafın davamlılığı baxımından mühüm siyasət elementlərindən biri ölkənin xarici iqtisadi doktrinasının mahiyyət paradiqmasının dəyişməsi hesab edilə bilər. Belə ki, xarici iqtisadi doktrinamız resursların istifadəsində ənənəvi marjinal faydalılığın artırılmasına deyil, geoiqtisadi mövqenin möhkəmləndirilməsi vasitəsilə milli strateji məqsədlərin həllinə üstünlük verilməsinə hədəfləndirilir. Ona görə də son illərdə Azərbaycanın iqtisadi inteqrasiya və ikitərəfli əməkdaşlıq siyasətində vurğuların məqsədyönlü dəyişməsi müşahidə edilir.

 

Bəxtiyar SADIQOV: Qeyri-neft sektorunun yüksəlişi, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması, yeni iş yerlərinin açılması, sosial xarakterli bir çox problemlərin həlli sahibkarlığın inkişafından keçir. Azərbaycanın milli inkişaf modelindən danışarkən sahibkarlığa göstərilən yüksək diqqət və qayğını xüsusi qeyd etmək lazımdır. İqtisad elmləri doktoru, professor Qabil MANAFOV bununla bağlı bizə daha ətraflı məlumat verəcəkdir.

 

Qabil MANAFOV:

- Bu gün Azərbaycan iqtisadiyyatı özünün keyfiyyətcə yeni, daha yüksək inkişaf dövründə - dayanıqlı və davamlı inkişaf mərhələsində fəaliyyət göstərir. Davamlı inkişafın təmin edilməsi ilk növbədə iqtisadi inkişafın strategiyası, onun səmərəliliyinin yüksəldilməsi mexanizmləri və imkanları ilə bilavasitə bağlı olub, ölkədə həyata keçirilən makroiqtisadi siyasətin xarakteri ilə müəyyənləşir.

Hazırkı dövrdə davamlı inkişafla sıx əlaqəli olan inkişaf forması kimi dayanıqlı inkişaf çıxış edir. Dayanıqlı inkişaf tarazlı inkişafdır, iqtisadiyyatın müxtəlif sahələri, real sektorla bank sektoru, iqtisadi siyasətlə sosial siyasət, büdcə gəlirləri və xərcləri, ölkənin iqtisadi regionları arasında zəruri tarazlığın və səmərəli iqtisadi proporsiyaların formalaşdığı bir inkişafdır. Dayanıqlı inkişafın əsas göstəriciləri və xüsusiyyətləri kimi makroiqtisadi sabitlik şəraitində ÜDM-in və digər vacib makroiqtisadi göstəricilərin fasiləsiz artımı, sahibkarlığın sürətlə inkişafı və ölkənin iqtisadi göstəricilərində onun yüksək xüsusi çəkisi, ölkənin möhkəm iqtisadi və maliyyə dayaqları üzərində inkişafı, sosial-iqtisadi inkişafın müxtəlif sahələri və istiqamətləri üzrə dövlət proqramlarının və investisiya layihələrinin reallaşdırılması, böyük həcmli maliyyə axınları, habelə xarici amillərin qeyri-əlverişli təsiri şəraitində iqtisadiyyatın sabit və fasiləsiz inkişaf tempinin qorunub saxlanılması, iqtisadi resurslardan səmərəli və məqsədyönlü istifadənin təmin olunması, ölkənin milli maraqları gözlənilməklə dünya iqtisadiyyatına inteqrasiyası çıxış edirlər.

Dayanıqlı inkişafın təmin olunması və davamlı inkişafa keçid baxımından ölkədə sahibkarlığın inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu gün regionlarda sahibkarlığın dinamik, tarazlı və sürətli inkişafı ilk növbədə ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi siyasətin məntiqi nəticəsidir. Dövlət başçısının ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı yeritdiyi qətiyyətli iqtisadi siyasət sahibkarlıq fəaliyyətinin makroiqtisadi tənzimlənməsi və inkişafı proseslərinin demokratik, bazar iqtisadiyyatı prinsipləri əsasında həyata keçirilməsinə şərait yaratmaqla yanaşı, ölkənin son dövrlərdə əldə etdiyi iqtisadi uğurlarda özəl bölmənin rolunu və əhəmiyyətini son dərəcə yüksəltmişdir. Son 5 il ərzində ölkənin ümumi daxili məhsulunda qeyri-dövlət bölməsinin payı 73,5 faizdən 85 faizə yüksəlmiş, iqtisadiyyatın bütün sahələrində - sənayedə, kənd təsərrüfatında, tikintidə, xidmət sahəsində özəl bölmənin üstün mövqeyi təmin edilmişdir.

Qeyri-neft sektorunun inkişafı, ölkənin makroiqtisadi göstəricilərində onun xüsusi çəkisinin və sosial-iqtisadi problemlərinin həllində rolunun daha da artırılması sahibkarlığın inkişafının əsas strateji hədəflərindəndir. Təbii ki, son 5 ildə sahibkarlıq fəaliyyətinin sürətli inkişafı, onun iqtisadi potensialının güclənməsi və respublika iqtisadiyyatında rolunun artması hazırda ölkəmizin mütərəqqi inkişafından doğan obyektiv qanunauyğun bir proseslə - sahibkarlıq fəaliyyətinin inkişafını şərtləndirən zəruri və əlverişli iqtisadi mühitin yaradılması, bu məqsədlə işlək iqtisadi alət və mexanizmlərdən, ilk növbədə, pul-kredit vasitələrindən bacarıqla istifadə edilməsi ilə bilavasitə əlaqədardır.

Son 5 il ərzində bilavasitə ölkə Prezidentinin göstərişi ilə dövlət tərəfindən milli sahibkarlığın investisiya problemlərinin həlli üzrə maliyyə köməyi mexanizminin formalaşdırılması və onun iqtisadi səmərəsinin təmin edilməsi istiqamətində vacib işlər görülmüşdür. Belə ki, son dövrlərdə hər il dövlət büdcəsindən bu məqsədlə təqribən 100 milyon dollara qədər vəsait ayrılır. Gələcəkdə daha yüksək səviyyədə həyata keçirilməsi nəzərdə tutulan bu xərclərin əsas məqsədi ölkədə yaradılmış əlverişli investisiya mühitinin keyfiyyətcə yüksək pilləyə qaldırılmasından, perspektivdə sahibkarlığın inkişaf sürətini artırmaq üçün pul-kredit siyasətinin stimullaşdırıcı təsirinin daha da gücləndirilməsindən ibarətdir. Hazırda sahibkarlığın inkişafının əsas səbəblərindən biri də dövlətin məqsədyönlü inzibati və iqtisadi tədbirləri nəticəsində bölgələrin iqtisadi infrastrukturunun yenidən qurulması və bu istiqamətdə irihəcmli və məqsədyönlü investisiya layihələrin reallaşdırılması, həmin məqsədlə dövlət büdcəsindən külli miqdarda xərclərin maliyyələşdirilməsidir.

Beləliklə, ölkədə sahibkarlıqla bağlı real vəziyyətin araşdırılması əyani olaraq göstərir ki, işgüzar fəaliyyətin inkişafına yönəldilmiş iqtisadi siyasət bu sahəyə əsaslı dövlət dəstəyi nəticəsində uğurla həyata keçirilir. Bununla da sahibkarlığın perspektivdə daha dinamik, tarazlı və sürətli inkişafını təmin etmək üçün güclü təməl yaranmışdır.

 

Bəxtiyar SADIQOV: Hər bir ölkənin inkişafında onun maliyyə sistemi mühüm rol oynayır. Azərbaycanın milli inkişaf modelinin əsas xüsusiyyətlərindən biri də maliyyə və bank sisteminin çevik və işlək mexanizmlər əsasında qurulmasıdır. Bu barədə danışmaq üçün söz iqtisad elmləri doktoru, professor Damət BAĞIROVa verilir.

 

Damət BAĞIROV:

- ABŞ-ın ipoteka bazarında daşınmaz əmlak köpüyünün partlaması ilə başlanan maliyyə böhranı dünya iqtisadiyyatını bürüyərək bütün ölkələrə mənfi təsirini göstərmişdir. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi rəhbərliyi altında zamanında antiböhran tədbirləri həyata keçirilmiş, maliyyə sabitliyinin qorunmasını, iqtisadi artımı və ölkənin iqtisadi təhlükəsizliyini təmin edən bütün zəruri işlər görülmüşdür.

2009 və 2010-cu illərdə dövlət büdcəsi sosial və investisiyayönümlü olmuş, həyata keçirilən iqtisadi islahatlar, bir çox dövlət proqramları maliyyələşmə mənbələrini əsasən dövlət büdcəsində tapmışdır. Dövlət büdcəsinin strukturunda da əsaslı dəyişikliklər edilmiş, onun gəlir və xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi ildən-ilə artmağa başlamış, büdcə kəsirinin maliyyələşdirilməsində inflyasiya yaradan mənbələrdən, əsasən də bank kreditlərindən imtina edilmişdir. 2009-cu ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 29,9 faiz, xərcləri isə 30,4 faiz təşkil etmişdir. Bu da 2008-ci illə müqayisədə müvafiq olaraq 3,1 faiz və 3,6 faiz çoxdur.

Qlobal böhran şəraitində dövlətin büdcə vasitəsilə iqtisadiyyata müdaxiləsinin artırılması, büdcə xərclərinin çoxaldılması hesabına fiksal tənzimlənmənin və ya yenidən bölgü funksiyasının gücləndirilməsi beynəlxalq təcrübədə antiböhran tədbirlərinin tərkib elementləri kimi qəbul edilir. Ona görə də dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-də daha da yüksək xüsusi çəkilərə malik olması mövcud durumda təqdirəlayiq hal hesab edilə bilər.

Ölkədə pul axınlarına nəzarəti həyata keçirmək, mövcud maliyyə resurslarından səmərəli istifadə etmək üçün investisiya siyasətinin düzgün qurulması çox vacib şərtdir. Qeyd etmək lazımdır ki, ölkəmizin investisiya qoyuluşu cəhətdən cəlbedici bir məkana çevrilməsi də ulu öndərin uzaqgörən siyasətinin mühüm nəticələrindən biridir. Ötən müddət ərzində Azərbaycanda investisiyalar çərçivəsində çoxsaylı layihələr həyata keçirilmişdir. O cümlədən 2010-cu ildə bütün mənbələrdən əsas kapitala 15,3 milyard manat həcmində investisiya qoyulmuşdur.

Ölkənin maliyyə imkanlarının artması nəticəsində istifadə edilmiş ümumi investisiyanın strukturunda əhəmiyyətli dəyişikliklər baş vermiş, daxili investisiyaların həcmi xarici investisiyaları üstələmişdir. İqtisadi cəhətdən kifayət qədər güclənən Azərbaycan xaricdən investisiya cəlb etməklə bərabər, həm də özü daha güclü potensial investor kimi çıxış etməyə başlamışdır. Azərbaycanın investisiyalar qoyduğu ölkələr arasında Gürcüstan, Türkiyə, Ukrayna, Belarus və Moldova da yer alır.

Ölkə iqtisadiyyatının inkişafında bank sistemi və pul-kredit siyasəti xüsusi rol oynayır. Mərkəzi Bank hələ böhrandan öncə mühüm preventiv tədbirlər həyata keçirmişdir. Hələ böhranın təsirləri hiss olunmazdan əvvəl bank aktivlərinin yüksək və riskli artım templəri Mərkəzi Bank tərəfindən məhdudlaşdırılmış, xarici borcların həcmi tənzimlənmiş, kapitallaşma və maliyyə ehtiyatlanması səviyyəsi əhəmiyyətli dərəcədə artırılmış, prudensial tənzimləmə normativləri və çərçivəsi sərtləşdirilmişdir. Görülmüş tədbirlər nəticəsində 2010-cu ildə qlobal maliyyə və bank bazarlarında baş verən böhran fonunda Azərbaycanın bank sistemi yüksək maliyyə dayanıqlığı nümayiş etdirmişdir.

 

"Dəyirmi masa"da aparılan müzakirələrdə çıxış edən Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Xanhüseyn KAZIMLI dedi: "Azərbaycanın son illərdəki dinamik iqtisadi inkişafının elmi cəhətdən öyənilməsi və tədqiq edilməsi Dövlət İqtisad Universitetinin qarşısında duran başlıca vəzifələrdən biridir. Burada qeyd edildiyi kimi, hələ bir neçə il əvvəl universitetdə "İnkişafın Azərbaycan modeli" ilə bağlı beynəlxalq konfrans keçirilmişdir. Bəli, Azərbaycan yalnız iqtisadi deyil, həm də sosial baxımdan inkişaf edir. Ölkəmizdə elm və təhsil, idman, səhiyyə inkişaf edir, ordumuz qüvvətlənir. Bu isə artıq inkişafın Azərbaycan modelini gündəmə gətirmişdir. Bu baxımdan akademik Ramiz Mehdiyevin ideya müəllifliyi və ön sözü ilə ərsəyə gəlmiş "İnkişafın Azərbaycan modeli" kitabı 1994-2009-cu illərdə Azərbaycanın iqtisadi və sosial inkişafına dair zəngin ensiklopedik materialdır".

İqtisad elmləri doktoru, professor Bədirxan MUSAYEV də "İnkişafın Azərbaycan modeli" əsərinin iqtisadçı alimlər üçün örnək olduğunu bildirdi: "Akademik Ramiz Mehdiyevin ideya müəllifliyi ilə ərsəyə gələn "İnkişafın Azərbaycan modeli" kitabı da Azərbaycanın ulu öndər Heydər Əliyevin sayəsində başlanan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni keyfiyyət mərhələsinə qədəm qoyan inkişafımızın öyrənilməsinə və tədqiqinə dair dəyərli əyani vəsaitdir. İqtisadi inkişafla bağlı bir çox modellər var. Məsələn, Yaponiyada əsas məqsəd dövlətin inkişafıdır. Sosial məsələlər ikinci dərəcəlidir. Elə dövlət var ki, sosial məsələləri daha çox önə çəkirlər. Azərbaycanda isə bu iki məsələ paraleldir. Yəni, iqtisadiyyatın inkişafı paralel şəkildə sosial problemlərin həllinə, işsizliyin aradan qaldırılmasına, vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edir. Bütün bunlar bizə inkişafın Azərbaycan modelini dünyaya təqdim etməyə imkan verir. Hesab edirəm ki, biz iqtisadçılar bu məsələyə elmi cəhətdən daha əzmlə yanaşmalı, iqtisadi inkişafın Azərbaycan modelinin elmi-nəzəri əsaslarını işləyib hazırlamaq üçün səylərimizi artırmalıyıq".

 

Bəxtiyar SADIQOV:

- Fikrimcə, bugünkü "dəyirmi masa" çox məhsuldar keçdi, burada dəyərli fikirlər söylənildi. Bundan sonra da bizim qarşımızda böyük vəzifələr durur. Çünki Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub. İrəlidə isə inkişaf etmiş dövlətlər cərgəsinə qoşulmaq vəzifəsi dayanır. Prezident İlham Əliyev bu vəzifəni qarşıya qoyub. Bu inkişaf prosesində, şübhəsiz ki, elmin də öz sözünü deməsi vacibdir. Elm həm baş verənləri izah etməli, eyni zamanda, bizim düzgün yolla addımlamağımız üçün əvvəlcədən proqnozlar irəli sürməlidir.

Biz indidən neftsiz dövrə hazırlaşırıq. Bu çox mühüm məsələdir. Qeyri-neft sektorunun, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının inkişafı əsas prioritetlərdir. Azərbaycan Prezidenti İlham Əliyev də həyata keçirdiyi məqsədyönlü siyasəti ilə dövlətimizin və xalqımızın 100 il bundan sonrakı taleyini düşünür.

Bu gün Azərbaycanın regionları dinamik inkişaf edir. Bu inkişaf çoxşaxəlidir. Regionlarda müasir yol infrastrukturu yaradılır, turizm, aqrar sahə inkişaf edir. Dövlət bu inkişafın təmin olunması üçün üzərinə düşən bütün vəzifələri tam yerinə yetirir. Regionların sosial-iqtisadi inkişafına dair ikinci dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş müşavirədə bu barədə ətraflı söz açıldı. Bir daha gördük ki, inkişafın Azərbaycan modelinə uyğun olaraq bölgələrimiz necə tərəqqidədir.

Azərbaycanda ordumuzun qüdrətlənməsi, müdafiə sənayesinin inkişafı istiqamətində böyük işlər gedir. Ərazisinin bir hissəsi işğal altında olan dövlətin orduya, müdafiə sənayesinə xüsusi diqqət yetirməsi olduqca vacibdir. Bu il bu məqsədlə 3 milyard dollar vəsait nəzərdə tutulur. Əgər müharibə şəraitində olmasaydıq, onda görün, ölkəmizin iqtisadi inkişaf sürəti necə olardı.

Əlbəttə, mövcud uğurların elmi qiymətləndirilməsi, milli inkişaf modelinin xüsusiyyətlərinin fundamental şəkildə tədqiqi vacibliyi iqtisad elminin qarşısına yeni vəzifələr qoyur. Bir daha əmin olduq ki, alimlərimiz "İnkişafın Azərbaycan modeli" üzərində işləyirlər. İnanırıq ki, gələcəkdə bu istiqamətdə daha ciddi araşdırmalar aparılacaq, yeni-yeni əsərlər ortaya qoyulacaqdır.

 

 

Azərbaycan.- 2011.-11 mart.- S. 4, 5.