Hər an döyüşə
hazır əsgər
O həm də ən müasir
silaha və mükəmməl hərbi vərdişlərə
malikdir
Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərində, bütün strukturlarında maddi-texniki təchizatın, sosial məsələlərin həllinin, o cümlədən hərbi bilik və bacarıqların, döyüş qabiliyyətinin artırılması üçün yaradılan şəraitin yüksək səviyyədə olması artıq düşmən tərəfə də bəllidir. Düşmən yaxşı bilir ki, Azərbaycanın təkcə təmas xəttində üzbəüz dayandığı ordu birləşmələri deyil, bütövlükdə Silahlı Qüvvələri, onun ölkədaxili təyinatlı qoşun növləri də son dövrlər qüdrətini xeyli artırıb, yüksək döyüş potensialına malik olub.
Şübhəsiz ki, bunun arxasında Azərbaycan dövlətinin və onun başçısı İlham Əliyevin dayanıqlı siyasəti, eyni zamanda, güclü vətəndaş yanğısı, böyük vətən sevgisi dayanır. Ordu quruculuğunda qazanılan böyük uğurların nəticəsidir ki, son aylarda düşmən tərəfin canına əsməcə düşüb, Prezident İlham Əliyevin təbirincə desək, düşmənin son aylarda verdiyi isterik və əsəbi, qorxu ilə dolu açıqlamalar bunun əyani sübutudur.
2011-ci ildə Azərbaycanın ordu quruculuğu və müdafiə xərclərinin 3 milyard dollardan artıq olacağı bir daha onu sübut edir ki, düşmən tərəfin narahatlığı əbəs deyil! Bu il həm də müdafiə sənayesi sahəsində yeni müəssisələrin işə salınması gözlənilir. Şübhəsiz ki, ordumuzun və hərbi qurumların ehtiyaclarının tam ödənilməsi üçün yaradılan istehsal sahələri və müəssisələr böyük əhəmiyyət kəsb edir. Artıq Azərbaycana ən yüksək müdafiə sənayesi texnologiyaları gətirilir. Bu isə Silahlı Qüvvələrimizin, həmçinin ordu quruculuğu işinin NATO standartlarına sürətlə uyğunlaşdırılması deməkdir.
Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissələrindən olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları da son dövrlər döyüş qabiliyyətini, eyni zamanda, şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəltməkdə davam edir. Bunun üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların hərbi hissə və bölmələrinin son illərdə keçirilmiş birgə əməliyyat-taktiki təlimində qoşunlar yüksək döyüş qabiliyyəti nümayiş etdirmiş, döyüş hazırlığı prosesində hücum əməliyyatlarının aparılmasının, dağ şəraitində döyüş texnikası və silahlarının tətbiq edilməsinin üsul və metodlarını mükəmməl öyrənmiş, şəxsi heyətin bilik və bacarığı xeyli təkmilləşdirilmişdir.
DİN-in Daxili Qoşunlarının Zaqataladakı "N" nömrəli hərbi hissəsi də şərəfli mübarizə yolu keçib. Yarandığı gündən üzərinə düşən missiyanı fədakarlıqla yerinə yetirən hərbi hissənin şəxsi heyəti bu gün də qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlir. Hərbi xidmətin yüksək səviyyədə aparılması, əsgərlərin hərbi vərdişlərə dərindən yiyələnməsi üçün hər cür şərait yaradılıb. Bu amil isə şəxsi heyətin vətənpərvərlik ruhunun, döyüş əzminin artırılmasına həmişə müsbət təsir edir.
Daxili Qoşunların Zaqataladakı "N" nömrəli hərbi hissəsinin xeyir-duası hələ 2008-ci ilin payızında Zaqatalaya səfəri zamanı Prezident İlham Əliyev tərəfindən verilib. Hərbi hissənin ərazisindəki tikinti işlərinin gedişi ilə tanış olan dövlət başçısı öz tövsiyələrini bildirməklə yanaşı, hərbi xidmət işinin tərkib hissəsi kimi sosial məsələlərin əhatəli həllinin vacibliyini xüsusi qeyd edib.
Nəhayət, 2009-cu ildə tikinti başa çatıb və dekabrın 3-də daxili işlər naziri general-polkovnik Ramil Usubovun iştirakı ilə hərbi şəhərciyin açılış mərasimi keçirilib. Hərbi hissədə hərbi xidmətin yüksək səviyyədə təşkili üçün hər cür şəraitin, texniki və tədris imkanlarının yaradılmasından əlavə, hərbçi ailələri üçün 60 mənzilli yaşayış binası da istifadəyə verilib. Şübhəsiz ki, uşaqlar da unudulmayıb, onlar üçün əyləncə, istirahət və idman meydançaları inşa edilib. Hissə komandiri polkovnik V.Abbasov bildirdi ki, keçirilən bütün məşğələlərin əvvəli vətənpərvərlik mövzusu ilə başlanır. Müharibədən, işğal altındakı torpaqlarımızdan, Azərbaycan əsgərinin hər cür fədakarlığa hazır olması üçün yetərincə hərbi bilik və bacarıqlara yiyələnmək zərurətindən söhbət açılır.
Bu gün hərbi hissədə erməni işğalçılarına qarşı müharibədə Daxili Qoşunların döyüşçüsü kimi şərəfli yol keçmiş zabitlər əsgərlərin kamil yetişməsi üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Belə zabitlərdən kapitan Vahid Ələkbərov, baş leytenant Nəsimi Məstəliyev və baş gizir Şahin Allahverdiyev Daxili Qoşunların sıralarında xidmətdən qürur duyduqlarını, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda savaşlar başlasa, yenə düşmən üstünə şığımağa hazır olduqlarını qətiyyətlə bildirirlər. Müharibənin odundan-alovundan keçmiş bu hərbçilərlə söhbət etmək, onların ordu quruculuğu, vətənpərvərlik haqqında fikirlərini dinləmək, ən nəhayət, keçmiş döyüşçü dostlarının qəhrəmanlıqları ilə bağlı kövrək və qəzəb dolu xatirələrini eşitmək olduqca xoş və duyğusaldır. Belə oğullarla söhbət edəndə düşünürsən ki, Azərbaycan əsgəri zəfər yürüşlərinə başlasa, düşmənin duruş gətirə bilməyəcəyinə artıq heç kəsdə şübhə qalmayıb! Göstərdiyi misilsiz qəhrəmanlığı ilə təkcə vaxtilə sıralarında qulluq etdiyi Daxili Qoşunların deyil, bütün Silahlı Qüvvələrin, bütün Azərbaycan xalqının qürur və iftixarına çevrilmiş Milli Qəhrəman Mübariz İbrahimov bir daha sübut etdi ki, torpağımızın bir qarışı da düşmən əlində qala bilməz! Bu gün ilk növbədə hərbçilər - Silahlı Qüvvələrin bütün qoşun növlərində xidmət edən hər bir əsgər, zabit, komandir belə düşünür. Əsgərin hər an vətəni və torpağı yolunda hər cür fədakarlığa hazır olması günümüzün reallıqlarındandır.
Hissə komandirinin müavini mayor Aydın Nağıyev əsgərlərin mənəvi-psixoloji hazırlığının gücləndirilməsində qəhrəmanlıq təbliğatının əhəmiyyətini xüsusi qeyd etdi:
- Vətən, torpaq sevgisindən uzaq olan düşmən tərəf Azərbaycan övladının qəhrəmanlığı qarşısında həmişə sarsılıb. Yenə Mübariz İbrahimovu xatırlayaq! Mən inanmıram ki, illər ötsə belə, Mübarizin qəhrəmanlığını düşmən unuda bilsin! O da danılmaz faktdır ki, belə oğulların sayı sıralarımızda yüzlərlə, minlərlədir!
Təlim-məşq meydanında söhbət etdiyimiz Elvin Əliyev, Tehran Bağırlı, Elşad Yusifov, Malik Hacıyev və digər əsgərlər də belə düşünürlər. Düşünürlər ki, dislokasiya yerindən asılı olmayaraq, hər bir əsgər özünü istənilən anda düşmənlə üzbəüz səngərdə, düşmən üzərinə yürüşdə görməlidir. Başqa sözlə, əsl və mükəmməl əsgər vətənin müdafiəsinə hər an hazır olan əsgərdir!
Daxili Qoşunların Zaqataladakı "N" nömrəli hərbi hissəsindən məhz belə bir yüksək ovqatla ayrıldıq. Əminliklə demək olar ki, mövcud təyinatı üzrə qarşısında duran vəzifələri layiqincə yerinə yetirmək bacarığında olan şəxsi heyət işğalçı düşmənə qarşı yürüşə göndərilə biləcəyini də bir an unutmur! Unutmur ki, 19 il əvvəl düşmənlə döyüşə-döyüşə yaradılmış Daxili Qoşunların əsgəri məhz belə olmalıdır! Məhz belə, başqa sözlə, Mübariz İbrahimov kimi!
Telman Nəzərli
Azərbaycan.- 2011.-11 mart.- S.6.