Qeyri-nağd ödəniş sisteminin inkişafı ölkədə daha şəffaf və çevik maliyyə sisteminin formalaşmasını təmin edəcəkdir

 

Son illər idarəçilikdə formalaşmış müsbət ənənələrdən biri məhz budur ki, hökumətin fəaliyyəti hər rüb üzrə adekvat dəyərləndirilir, hər bir mərhələdə görülən işlərlə bağlı ictimaiyyətə geniş məlumat verilir. Xalqa xidmət məramını daim rəhbər tutan möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü əsasında Nazirlər Kabinetinin xalq qarşısında hesabat verməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir. Effektiv müzakirələrlə yaddaqalan belə hesabatlar həm də bəzi mövcud problemlərin real həll mexanizmlərinin tapılması baxımından da səmərəli vasitəyə çevrilmişdir.

Hökumətin 2010-cu ilin sosial-iqtisadi yekunları ilə bağlı keçirilmiş iclasında səslənən fikirlər Azərbaycanın dinamik inkişaf yolunda yeni-yeni nailiyyətlərə imza atdığını, qarşıya qoyduğu strateji vəzifələrin öhdəsindən uğurla gəldiyini bir daha təsdiqləyir. Yüksək inkişaf özünü beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat və telekommunikasiya sisteminin formalaşmasında, modern sosial, təhsil, rabitə və səhiyyə infrastrukturunda, insanların həyat tərzində, müasir informasiya texnologiyalarına çıxış imkanlarında göstərir. Respublikanın iqtisadi resurslarının düzgün və məqsədyönlü realizə edilməsi, antiböhran tədbirlərinin gücləndirilməsi, real sektorun dəstəklənməsi, maliyyə-bank sektorunun fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması müsbət nəticələrini ilk növbədə makroiqtisadi göstəricilərin artımında göstərir.

Möhtərəm Prezident İlham Əliyev ölkəmizin dinamik inkişafının hazırkı mərhələsində cəmiyyətdə rast gəlinən müəyyən neqativ hallara, xüsusən də korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsini də vacib sayır. Xatırlatmaq yerinə düşər ki, Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında cənab İlham Əliyev sahibkarları dəsləklədiyini, onların fəaliyyətinə yersiz müdaxilələrin yolverilməz olduğunu bildirmiş, aidiyyəti dövlət qurumlarından yol verdikləri neqativ halların aradan qaldırılmasını israrla tələb etmişdir.

Dünya təcrübəsi göstərir ki, neqativ hallara qarşı mübarizə sahəsində ən mühüm vasitələrdən biri də bütün sahələrdə şəffaf maliyyə alətlərinin, xüsusən də qeyri-nağd ödəniş sisteminə keçidin təmin edilməsidir. İqtisadi sahədə keçid dövrünün başa çatması, ölkənin sosial-iqtisadi cəhətdən sürətlə modernləşməsi adekvat olaraq Azərbaycanda da sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaf maliyyə mexanizmlərinin tətbiqini zərurətə çevirmişdir. Şəffaflıq və hesabatlılığın təmin olunması hazırkı dövrdə özəl sektorun da inkişafının vacib elementi kimi çıxış edir. Bu reallığı nəzərə alan möhtərəm Prezident İlham Əliyev həmin iclasda vergilərdən yayınmanın qarşısının alınması, dövlət büdcəsinin gəlirlərinin artırılması, çevik və şəffaf maliyyə alətlərinin tətbiqi baxımından qeyri-nağd ödəniş sisteminə keçidin, habelə əvvəlki illərdən başlanmış işlərin 2011-ci ildə daha da genişləndirilməsi zərurətini xüsusi vurğulamışdır: "Elə etməliyik ki, ticarət, məişət, iaşə obyektlərində nağd şəkildə ödəmələr minimuma endirilsin. Artıq kredit kartları var, bizim əhalimizin böyük hissəsi kredit kartlarına malikdir. Hər bir məntəqədə, hər bir ticarət obyektində, hər bir restoranda kredit kartlarından, ödəmə kartlarından istifadə olunmalıdır. Belə olan halda, əlbəttə ki, vergilər bazası heç səy göstərilmədən, avtomatik olaraq genişlənəcəkdir".

Azərbaycanı müasir dövlətə çevirmək məqsədini qarşıya qoyan, maliyyə, bank, vergi sisteminin davamlı şəkildə təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirən Prezident İlham Əliyev hələ 22 noyabr 2005-ci il tarixli "Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalamışdır. Bu sərəncam Azərbaycan Respublikasında ödəniş sistemlərinin inkişaf etdirilməsini, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsini, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsini, habelə Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramının tətbiq edilməsini nəzərdə tuturdu. Sərəncamla Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən bütün təşkilatlarda, habelə dövlət müəssisələrində və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində əməkhaqlarının 2006-cı il yanvarın 1-dən başlayaraq ödəniş kartları vasitəsilə ödənilməsi üçün tədbirlərin görülməsi tapşırılmışdı. Eyni zamanda sərəncamla pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması məqsədilə POS-terminalların beynəlxalq standartlara uyğun tətbiqi qaydalarının hazırlanması məsələsi önə çəkilirdi. Bundan başqa, 14 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da nağdsız ödəniş vasitələrinin (POS-terminallar, bankomatlar, info-köşklər) quraşdırılmasının sürətləndirilməsi üçün stimullaşdırıcı tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Nağdsız hesablaşma sivil dünyada pul dövriyyəsinin geniş yayılmış formasıdır. Bu forma ilk dəfə Qərb ölkələrində meydana gəlmiş və geniş surətdə tətbiq edilmişdir. İlk maqnit kartlar təqribən 30 il əvvəl, mikroprosessor kartlar isə bir qədər sonra yaranmışdır. Plastik kartlarla pul vəsaitlərinin saxlanması və hərəkəti nağd pulların iştirakı olmadan həyata keçirilir. Qeyri-nağd ödənişi həyata keçirmək üçün hazırda əksər dünya ölkələrində plastik kartlardan istifadə olunur.

Nağdsız hesablaşmalar zamanı real pul nominalları faktiki olaraq görünmür, alqı-satqı əməliyyatları elektron formada reallaşır. Bu halda pulun alıcıdan satıcıya ödənişi bank vasitəsi ilə həyata keçirilir. Yəni pul vəsaitləri alıcının bank hesabından satıcının bank hesabına ödənilir. Bütün nağdsız hesablaşmalar bank vasitəsilə aparılr. Bank sistemlərində istifadə edilən elektron hesablaşmalar sisteminin fəaliyyət mexanizmi də plastik kartların istifadəsinə əsaslanır. Özündə əhalinin bankomatlar, POS-terminallar vasitəsi ilə ticarət və ictimai iaşə təşkilatlarında həyata keçirdiyi hesablaşmaların elektron sistemini birləşdirir. Hazırda dünyanın 200-dən çox ölkəsində plastik kartlardan istifadə olunur.

Qərbin sənayecə inkişaf etmiş ölkələrində plastik kartlar daha geniş tətbiq edilərək çek kitabçalarını tədricən sıxışdırır. Bu kartların digər üstünlüyü ondadır ki, vətəndaş külli miqdarda nağd pul vəsaitini özü ilə gəzdirmək məsuliyyətindən azad olur, ticarət zamanı əlavə vaxt itkisinə yol verilmir. Eləcə də günün istənilən vaxtı bankomatlar vasitəsilə şəxsi hesabından nağd pul çıxara bilir, özünü bütün zamanlarda rahat, güvənli hesab edir.

Qeyri-nağd ödəniş sisteminin geniş yayılması Azərbaycanda maliyyə-bank sisteminin inkişafı ilə yanaşı, cəmiyyətdə şəffaf maliyyə mexanizmlərinin tətbiqi, vergi bazasının genişlənməsi baxımından vacibdir. Yəni hər bir vətəndaş plastik kartlar vasitəsilə artıq ödəniş etmək (xüsusən də rüsum və məcburi ödənişlər, cərimələr zamanı) riskindən xilas olur. Məsələn, yol polisi əməkdaşları vətəndaşlardan cərimələri qeyri-nağd formada POS-terminallar vasitəsi ilə qəbul edirlər. Nəticədə korrupsiya və rüşvətxorluğa zəmin yaradan hallar aradan qalxır. Ən müxtəlif ticarət və iaşə obyektlərində vergidən yayınmaların qarşısı alınır, büdcəyə daxil olmalar artır. Nəticədə iqtisadiyyat güclənir, büdcədən maliyyələşən təşkilatlarda çalışan vətəndaşların sosial rifah halı yaxşılaşır.

Respublikanın ən iri, sistem əhəmiyyətli banklarından olan "Texnikabank" ölkə başçısının müvafiq sərəncamını, II regional Dövlət Proqramını, habelə dövlət başçısının dəyərli tövsiyə və tapşırıqlarını rəhbər tutaraq son illərdə nağd ödəniş sistemindən qeyri-nağd ödəniş sisteminə keçid istiqamətində kompleks tədbirlər həyata keçirir, milli ödəniş sisteminin inkişafı ilə bağlı Dövlət Proqramının icrasında fəal iştirak edir. Bankımız bu məqsədlə yeni törəmə müəssisə olan "Texkart" MMC-ni təsis etmiş, son texnologiyalarla təchiz olunmuş prosesinq mərkəzini yaratmışdır. "Texkart" Prosesinq Mərkəzi plastik kartlar bazarında yüksək keyfiyyətli xidmət göstərməklə yanaşı, müştərilərə multifunksional kartlar vasitəsilə yeni məhsullar təklif etməyə imkan verir. Bu mərkəz eyni zamanda, plastik kartlar üçün komissiyaları əhəmiyyətli dərəcədə azaltmaqla müəssisə və təşkilatların vəsaitlərinə qənaət edilməsinə şərait yaradır. Hazırda "Texkart"la respublika ərazisində fəaliyyət göstərən digər prosesinq xidmətləri arasında interfeysin qurulması prosesi gedir. İnterfeys əlaqələrinin qurulması əhali və sahibkarlıq fəaliyyətilə məşğul olan şəxslər üçün bank xərclərinin azalması ilə yanaşı, kart sistemlərinin inkişafına və möhkəmləndirilməsinə güclü zəmin yaradacaqdır.

Xüsusi vurğulamaq istərdim ki, ötən illərdə "Texnikabank"ın bankomatlarının və POS-terminallarının sayı əhəmiyyətli dərəcədə artmış, əhaliyə göstərilən xidmətlərin daha çevik və şəffaf mexanizmlər əsasında təmini və s. neqativ hallarla mübarizənin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Hazırda bankın 90 bankomatı, 450 POS-terminalı mövcuddur. Biz yaxın perspektivdə bu şəbəkəni daha da genişləndirmək niyyətindəyik. "Texnikabank" ASC Azərbaycanda elektron (nağdsız) ödəniş sistemlərinin təkmilləşdirilməsi və genişləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə müştərilərə plastik ödəniş kartlarının verilməsində və xidmət yerlərində POS-terminalların quraşdırılması üçün yeni kampaniyaya başlamışdır. Belə ki, "Texnikabank" ASC müştərilərinə təklif etdiyi bütün növ kartların dəyərində 50 faiz endirim edir. Fəaliyyət növündən asılı olmayaraq istənilən fiziki və hüquqi şəxsin POS-terminal quraşdırılması üçün müraciəti zamanı heç bir ödəniş tələb olunmur. Nəhayət, nağdsız əməliyyatlar nəticəsində sahibkarın müvafiq hesabında yığılan vəsaiti hesabdan məxaric edən zaman heç bir xidmət haqqı tutulmur.

Milli ödəniş sisteminin şəffaflığının daha da artırılması istiqamətində son dövrdə geniş vüsət almış tədbirlərə töhfə olaraq "Texnikabank" ASC 2011-ci ildə plastik kartlar bazarında bir sıra yeniliklər etməyi planlaşdırır. "Texnikabank" bank sektorunda hər zaman innovativliyi ilə seçilir. Belə ki, bank Beynəlxalq Viza Assosiasiyası və "Masterkart İnternational" ilə birlikdə xüsusi çip kartların nəqliyyat, təhsil və səhiyyə sahələrində geniş tətbiqini nəzərdə tutan yeni layihə üzərində işləyir. Çoxfunksiyalı çip kartların ilkin olaraq universitet tələbələrinə təklif edilməsi nəzərdə tutulur. Tələbələr bu çip kartlardan təqaüdlərinin alınması, universitetə giriş-çıxış zamanı və nəqliyyatda, əsasən də metroda istifadə edə biləcəklər.

Onu da qeyd edim ki, "Texnikabank" 2010-cu ili uğurla başa vurmuş, bütün iqtisadi-maliyyə göstəriciləri üzrə xeyli artıma nail olmuşdur. 2011-ci il 1 yanvar tarixinə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 10 faiz artaraq 500 milyon manatı ötmüşdür.

Bir sözlə, "Texnikabank" ölkədə sahibkarlığa, o cümlədən bank sektoruna göstərilən yüksək diqqətin müqabilində üzərinə düşən məsuliyyəti düzgün müəyyənləşdirərək ölkə iqtisadiyyatının inkişafı prosesinə töhfəsini verməyə çalışır. Başlıca məqsədimiz ölkə iqtisadiyyatının inkişafı üçün zəruri olan kreditləşmə siyasəti həyata keçirmək, habelə sosial layihələrdə yaxından iştirak etməkdir. İnanırıq ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində respublikanın iqtisadi həyatında sahibkarlığın rolu daha da güclənəcək, iş adamlarının fəaliyyətinə daha geniş imkanlar açılacaqdır.

 

 

Etibar ƏLİYEV,

"Texnikabank" ASC-nin

Müşahidə Şurasının sədri,

iqtisad elmləri namizədi

 

Azərbaycan.- 2011.-11 mart.- S. 7.