Qədim yaradıcılıq sahəsinin
yeni inkişaf mərhələsi
Mədəniyyət tariximizin parlaq səhifələrini şərəflə yazan milli teatr dövlət müstəqilliyimizi qazandıqdan sonra öz inkişafının yeni mərhələsinə qədəm qoydu, milli teatra diqqət və qayğı daha da artırıldı. Aktyor və rejissorların səmərəli, mükəmməl fəaliyyət göstərmələri üçün teatr binalarının təmiri, bərpası həyata keçirildi (bu iş indi də davam edir). Eləcə də yaradıcı kollektivlərin əməkhaqları dəfələrlə artırıldı, ayrı-ayrı istedadlı, görkəmli sənətkarlara fəxri adlar, mükafatlar, Prezident təqaüdü verildi. Yaradıcılıq şəraitinin daha da yaxşılaşdırılması yolunda dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirildi, sənətkarların, dramaturqların, rejissorların yubileyləri qeyd edildi. Azərbaycan teatrının beynəlxalq əlaqələri də genişlənməkdədir. Respublikada fəaliyyət göstərən 27 dövlət teatrının və bu şəbəkəyə daxil olan digər qurumların səmərəli fəaliyyətini təmin etmək məqsədilə dövlət onlara hər cür qayğı göstərir. Əlbəttə, teatrların fəaliyyətini dünya standartlarına uyğun şəkildə təmin etmək üçün zamanın tələblərindən asılı olaraq müxtəlif sərəncamlar imzalanır, proqramlar həyata keçirilir, yeni layihələr hazırlanır.
Böyük maarifçi Həsən bəy Zərdabinin və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə Azərbaycanda milli teatrın yaradılması XIX əsrin sonlarına təsadüf edir. Mirzə Fətəli Axundovun 10 mart və 17 aprel 1873-cü il tarixdə tamaşaya qoyulmuş "Lənkəran xanın vəziri" və "Hacı Qara" komediyaları bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirdi. Bəllidir ki, ilk teatr binasını tikdirən məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olub. Ötən 138 il ərzində milli teatrın inkişafında fədakarcasına yaşayıb yaratmış insanların mənalı həyat yolu heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə sənət korifeyləri xatırlanır, onların təcrübəsindən, qoyub getdikləri mənəvi irsdən öyrənilir. Əlbəttə, Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, təbliğində, estetik zövqün formalaşmasında, maariflənmənin sürətlənməsində mühüm vəzifələr yerinə yetirərək mütərəqqi ideyaların əsl carçısına çevrildi. Ümummilli lider Heydər Əliyev bu sahəyə diqqətlə yanaşaraq Azərbaycan milli teatrının qazandığı böyük nailiyyətlərlə bağlı deyirdi: "Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır".
Ulu öndərin uzaqgörənliklə proqramlaşdırdığı bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul edilmişdir.
2006-cı ildə "Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Məhz elə bu qanunda da milli teatrın çağdaş inkişaf mərhələsinin əsası qoyuldu. Ölkə Prezidenti İlham Əliyev 19 fevral 2007-ci il tarixdə imzaladığı "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamında isə milli mədəniyyətimizin inkişafında böyük rol oynayan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutuldu.
Həmişə fəxr və fərəhlə deyirik ki, Şərqdə ilk teatr, ilk opera Azərbaycanda yaradılıb. Deməli, qazanılmış adət-ənənələri qoruyub inkişaf etdirmək üçün müasir dövrdə hər bir mədəniyyət müəssisəsi dünya standartları səviyyəsində fəaliyyət göstərməlidir. Əgər ötən əsrin əvvəllərində insanları maarifləndirmək naminə heç bir maliyyə təminatı olmayan, əksinə nadan qüvvələr tərəfindən təzyiqə, təqibə məruz qalan bir dövrdə ağıllı və savadlı insanlar zülmün içindən çıxış yolunu taparaq teatr yarada bilirdilərsə, indi hər cür şəraitin və köməyin olduğu zamanda lazımdır ki, dünya arenasına çıxmaq üçün, həm də xarici ölkələrdə kadr hazırlığı, müştərək layihələr əsasında həyata keçirilsin. Dövlət başçısı İlham Əliyev tərəfindən "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyanı təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədilə dövlət proqramı təsdiqlənmişdir. Həmin proqramda mövcud vəziyyətə uyğun olaraq Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə teatr təhsili sisteminin yaxşılaşdırılması məqsədilə on il müddətinə bir sıra vacib tədbirlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu proqramın təsdiqində məqsəd ondan ibarətdir ki, teatr siyasətinin formalaşması və teatr prosesində idarəetmənin optimallaşdırılması üçün bu sahədə islahatlar aparılsın, hər bir teatr binası standartlara uyğun səviyyədə təmir edilsin, onların maddi-texniki bazası möhkəmləndirilsin. Yeni teatr siyasətinin düzgün həyata keçirilməsi həm də mədəniyyətin hərtərəfli təbliği ilə bağlıdır. Eləcə də ümumbəşəri və milli-mənəvi dəyərlərin qorunması dünya mədəniyyətinə inteqrasiyanı təmin etməklə əlaqəli şəkildə həyata keçirilərsə, bu, sənətin inkişafına səbəb olur. Bu baxımdan da həm maliyyə və informasiya resurslarından səmərəli istifadə edilməlidir, həm də hər bir teatrın repertuarı günün tələblərinə uyğun formalaşdırılmalıdır.
Proqramda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi nəticəsində təbii ki, bir sıra nailiyyətlər əldə olunur və bu iş ardıcıl davam etdirilir. Ən başlıcası, milli teatr sənəti həm qorunub saxlanılmalı, həm də inkişaf etdirilməlidir, buna görə də onun şəbəkəsi müasir tələblərə uyğun qurulsa, bu, bir tərəfdən də tamaşaçının teatra olan tələbatının ödənilməsi üçün şərait yaratmaq deməkdir. Qədim teatrı həm də gəncləşdirmək gərəkdir. Bu səbəbdən də istedadlı gənclərin teatra cəlb olunmasına önəm verilməlidir.
Proqramda öz əksini tapan tədbirlərin on il ərzində müntəzəm davam etdirilməsi nəzərdə tutulur. Elə tədbirlər var ki, onlar iki ildən bir həyata keçirilməlidir. Məsələn, müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransların təşkili. İldə bir dəfə nəzərdə tutulan tədbirlər də var.
Ötən ilin fevralında Bakıda ilk dəfə olaraq milli teatr festivalı keçirildi. On ay müddətində davam edən bu möhtəşəm tədbirdə 27 teatr iştirak etdi. Festival müddətində tanınmış teatr tənqidçilərinin, aktyor və rejissorların iştirakı ilə "dəyirmi masa" da təşkil olundu. Mərasim günlərində həm yeni tamaşalara baxış keçirildi, həm də Azərbaycan teatr tarixini əks etdirən fotosərgi nümayiş olundu.
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi altında həyata vəsiqə alan maraqlı tədbirlərdən biri 2010-cu ilin noyabr ayında Bakıda keçirilən beynəlxalq teatr konfransı oldu. Dünyanın 32 ölkəsindən Bakıya təşrif buyurmuş 70-ə yaxın nümayəndənin iştirak etdiyi bu beynəlxalq tədbirin mühüm əhəmiyyəti danılmazdır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın açılış mərasimində demişdir: "Beynəlxalq təcrübə ilə davamlı tanışlıq mexanizmi, genişmiqyaslı qastrol fəaliyyəti, canlı ünsiyyət, yaradıcılıq mübadiləsi olmadan müasir mərhələdə teatrların inkişafından danışmaq mümkün deyil. Bu istiqamətdə də son illər xeyli canlanma duyulur. Ötən illər ərzində respublika teatrları dünyanın 20-dən artıq ölkəsində - Almaniyada, Türkiyədə, Rusiyada, Tatarıstanda, Belarusda, Gürcüstanda, Fransada, Mərakeşdə, Finlandiyada, İranda, Misirdə, Hollandiyada, Estoniyada, Bolqarıstanda, Ukraynada, İsveçrədə keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil etmişlər". Bununla bahəm, elə həmin ilin payızında Bakıda A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının "İpək yolu" adlı mərhələsi də keçirildi. Bu festival çərçivəsində də Kanadadan, Fransadan, Rusiyadan gəlmiş məşhur teatr kollektivləri ölkəmizdə çıxış etdilər.
Dövlət proqramına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin son illər reallaşdırdığı layihələr - "Teatr görüşləri" beynəlxalq layihəsi, Mədəniyyət günləri, festivallar çərçivəsində A.P.Çexov adına Moldova Dövlət Rus Dram, Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Dram, Səudiyyə Ərəbistanının "Modern", Moskvanın "Qelikon Opera", Tatarıstanın Qaliəskər Kamal adına Dövlət Akademik Dram, Estoniyadan "Dpean fabrik" Kukla teatrları və Qalina Vişnevskayanın Opera Mərkəzi paytaxtımızın qonağı olmuşdular.
Son illərdə respublikada fəaliyyət göstərən teatr binaları əsaslı təmir olunur, yenidən qurulur, aktyor və rejissorların, eləcə də digər sənət adamlarının hərtərəfli fəaliyyəti üçün şərait yaradılır. Əlbəttə, teatr binasının təmiri teatr sənətinin təkmilləşməsi deyil. Əsas məsələ repertuarın düzgün qurulmasıdır. Bu səbəbdən də Mədəniyyət və Turizm Nazirliyində müəyyən layihələr hazırlanır, yeni iş prinsipləri qurulur. Teatr sahəsində çalışanların yaradıcılıq baxımından öz işlərini dünya səviyyəsində qurmaqları üçün həyata keçirilən hər bir işin bünövrəsində yeni təfəkkür dayanmalıdır. Teatrın əvvəlki şöhrətini özünə qaytarmaq üçün nazirlik tərəfindən mədəniyyət ocaqlarının rəhbərlərinə qətiyyətlə tapşırılıb ki, hər bir teatrın yaradıcı kollektivi adıçəkilən quruma öz layihəsini təqdim etsin. Yeniliyin də biri ondan ibarətdir ki, teatrlarda daha əvvəlki illərdə olduğu kimi tamaşalar dövlət sifarişi ilə hazırlanmayacaq. Çalışılacaq ki, klassik və müasir dramaturqlara, dünya ədəbiyyatının nümunələrinə müraciət olunsun. Əyalət çərçivəsindən çıxmaq üçün teatrda oynanılacaq tamaşalar dünya standartlarına uyğun gəlməlidir.
Ötən illərdə teatr binaları təmir edilərək istifadəyə verildikcə yeni nailiyyətlər də gördük. Məsələn, kamera, gənclər və gənc tamaşaçılar teatrı birləşərək bir kollektiv şəklində fəaliyyətə başladı. Bu gün də Gənc Tamaşaçılar Teatrının həqiqətən tamaşaçı sarıdan korluğu yoxdur. Gənclər, uşaqlar, hətta böyüklər də bu mədəniyyət ocağına həvəslə gedirlər. Repertuar da düzgün və maraqlı seçilir, rejissor yozumu, aktyor oyunu da diqqət çəkir. Akademik Milli Dram Teatrı da təmirdən sonra bir neçə tədbirə ev sahibliyi etdi. Burada beynəlxalq teatr konfransı və digər mərasimlər keçirildi. Hazırda yaradıcı kollektiv yeni tamaşalar üzərində çalışır. Təmirdən sonra bu kollektivin debütü mart ayında gözlənilir. Musiqili Komediya Teatrının binası isə təmirə dayandırılıb.
Qəbul edilən proqramların, imzalanan sərəncam və layihələrin həyata keçirilməsində məqsəd budur ki, bütün sahələrdə baş verən güclü inkişaf teatr aləmində də öz əksini tapsın. Mədəniyyət ocaqlarının salonları tamaşaçı sarıdan korluq çəkməsin. Təqdim olunan əsərlər müasir dünyagörüşünü əks etdirsin, sanballı, mükəmməl təsir bağışlasın. Yəni Azərbaycan teatrı istənilən tamaşaçı ilə dünya səhnəsinə çıxa bilsin. Müasir inteqrasiyanın tələbi budur! Bakıda keçirilən müxtəlif tədbirlər, festivallar, beynəlxalq konfranslar, xarici teatr kollektivləri ilə yaranan ünsiyyətlər təsdiqləyir ki, həqiqətən də ölkəmizdə bu qədim yaradıcılıq sahəsinin yeni mərhələsi başlayır. Bu mərhələlərin möhkəm və uğurlu olması isə teatr rəhbərliyinin, yaradıcı kollektivin qəti mövqeyindən, məsuliyyətindən, istedadından, sənətə bugünün baxış bucağından nəzər salmasından çox asılıdır. Teatr tamaşaçını güldürməyi, düşündürməyi mütləq bacarmalıdır. Şit, bayağı, süni gülüşlə tamaşaçını ələ almaq "jestinə", bir sözlə, zövqsüzlüyə xitam verilməlidir. Əlbəttə, şərəfli tarixi və parlaq keçmişi olan Azərbaycan milli teatrının bu sınaqlardan da qalib çıxacağına əminik!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-11 mart.- S. 7.