"Azərbaycanda elmin problemləri və inkişaf perspektivləri" kitabı nəşr olunmuşdur

 

"Elm" Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzində Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev və dosent Şahin Ağayevin "Azərbaycanda elmin problemləri və inkişaf perspektivləri" kitabı nəşr olunmuşdur.

AzərTAc xəbər verir ki, kitabda müəlliflərin 2009-2010-cu illərdə müxtəlif mətbu orqanlarda müvafiq mövzularla bağlı çap edilmiş məqalələri öz əksini tapmışdır. Nəşrə daxil edilmiş materiallarda Azərbaycan elminin müasir inkişaf göstəriciləri, mövcud və gələcək prioritetləri, bu sahənin tərəqqisinə təsir edən beynəlxalq meyarlar, elmi kadr hazırlığının problemləri və s. məsələlər təhlil edilir, vacib olan elmi istiqamətlər araşdırılır.

Əsas qayəsi müasir Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası problemini ortaya qoymaq və onun həlli yollarının elmi-nəzəri konsepsiyasını təqdim etmək olan kitabda "Azərbaycanda fizika və riyaziyyat elmlərinin müxtəlif istiqamətlər üzrə 1996-2007-ci illərdəki inkişaf dinamikası", "Elmi nəşrlərin qiymətləndirilməsi: mövcud vəziyyət və perspektivlər" və digər mövzularda maraqlı materiallar dərc olunmuşdur.

Professor Cahangir Məmmədlinin redaktorluğu ilə nəşr edilmiş kitaba akademik Böyükkişi Ağayev rəy vermişdir.

 

 

Azərbaycan.- 2011.-11 mart.- S. 8.