Daxili Qoşunlar yüksəliş
mərhələsini yaşayır
"Azərbaycan dövləti, dövlətçiliyinin inkişafı və möhkəmlənməsi üçün Daxili Qoşunların xidməti yüksək səviyyədədir və məni qane edir".
İlham ƏLİYEV
Müstəqil Azərbaycan dövləti bu gün qazanılan müvəffəqiyyətlərin miqyasını davamlı şəkildə genişləndirir, yeni-yeni uğurlara imza atır, xalqımızın sosial-rifah halı yükslən xətt üzrə inkişaf edir. Nəhəng quruculuq işləri, saysız-hesabsız tikililər, səhiyyə ocaqları, təhsil müəssisələri, məcburi köçkünlər, şəhid ailələri, əlillər, veteranlar üçün binalar, qəsəbələr, yollar, müasir memarlıq üslubunda inşa olunan körpülər və s. məqsədyönlü tədbirlərin həyata keçirilməsi ölkəmizin iqtisadi yüksəlişinin bariz nümunəsidir.
Təbii ki, bütün bu uğurların - iqtisadi yüksəlişin davamlı olması üçün ölkədə sabitlik və təhlükəsizliyin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Mövcud dünya təcrübəsi də konkret misallar timsalında dəfələrlə sübuta yetirmişdir ki, sabitliyə əsaslanmayan inkişafın yaşanması praktiki olaraq mümkün deyil.
1990-cı illərin əvvəllərində ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyət də növbəti dəfə təsdiq etdi ki, tərəqqinin kökündə dayanan əsas amillərdən biri sabit və təhlükəsiz şəraitin bərqərar olmasıdır. Həmin dövrdə isə Azərbaycanda hakimiyyətdə müxtəlif qüvvələrin tez-tez bir-birini əvəzləməsi, səriştəsiz idarəçiliyin tətbiqi, xalqın mənafeyinin şəxsi maraqlara qurban verilməsi, ölkəmizin zorla cəlb olunduğu müharibə və bu qəbildən olan digər hallar ölkədə xaotik bir durumun formalaşmasına rəvac vermiş, xarici təhlükələrin miqyası böyümüş, daxili sabitlik ciddi şəkildə pozulmuşdu. Yalnız xalqın istək və təkidli tələbinə uyğun olaraq ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan sabit və dinamik inkişaf yoluna çıxmışdır. Həmin dövrdə müstəqil Azərbaycan dövlətçiliyinə təhlükə yaradan qüvvələri müvəffəqiyyətlə zərərsizləşdirən ümummilli lider ölkəmizə qarşı yönəlmiş xarici hədələrin neytrallaşdırılmasına, möhkəm özüllər üzərində qurulan bir sabitliyin yaranmasına nail olmuşdur.
Yaranmasının artıq 19 ili tamam olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları bu sabitliyin qorunaraq davam etməsi kimi qarşısına qoyulmuş mühüm vəzifənin yerinə yetirilməsinə hər zaman böyük məsuliyyətlə yanaşmağa və ona göstərilən bu yüksək etimadı doğrultmağa çalışmışdır. Böyük bir şərəf yolu keçən, yarandığı gündən daim dövlətin və dövlətçiliyin keşiyində yenilməz əzmkarlıqla dayanan Daxili Qoşunların inkişaf və yüksəliş yolu xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Daxili Qoşunlar ümummilli liderin söz və əməl vəhdəti, xüsusi diqqət və qayğısı nəticəsində formalaşmış, inkişaf etmiş, yüksək döyüş hazırlığına malik peşəkar bir quruma çevrilmişdir.
Tarixə nəzər salsaq görərik ki, Daxili Qoşunların 19 illik salnaməsinin hər səhifəsində ulu öndər Heydər Əliyevin fəaliyyətinin nəticələri, izi hiss olunur. Daxili Qoşunlar müstəqil Azərbaycanın həmyaşıdı kimi yaranma, formalaşma, inkişaf dövrünü məhz böyük öndərlə birgə onun tövsiyələrinə, göstərişlərinə istinad edərək keçmişdir. Onu da xatırlatmaq yerinə düşərdi ki, məhz ümummilli liderin müvafiq fərmanı ilə 12 mart Daxili Qoşunlar Günü elan olunmuşdur.
Həmin tarixin Daxili Qoşunlar Günü elan olunması təsadüfi deyil. Belə ki, 1992-ci il martın 12-də Daxili Qoşunların şəxsi heyətinin ərazi bütövlüyümüz uğrunda başladıqları döyüş yolu Azərbaycanın bütün cəbhə zolağından keçmişdir. Hələ 1991-ci ilin dekabrında keçmiş SSRİ DİN Daxili Qoşunlarının Bakı qarnizonundakı 5-ci diviziyasının bazasında yaradılan Azərbaycan Daxili Qoşunlarının ilk hərbi hissələri bir neçə ay sonra - 1992-ci il martın 12-də Ağdam rayonunun Papravənd və Qalayçılar kəndlərində ilk döyüşlərə atılmışdır. Sonradan, 1995-ci ildə ümummilli liderin müvafiq fərmanı ilə martın 12-si Daxili Qoşunların yaranma günü kimi qeyd edilməyə başlanmışdır. Daxili Qoşunların şəxsi heyəti Ağdam, Ağdərə və Füzuli kimi cəbhə zonalarında gedən döyüş əməliyyatlarında fəal iştirak etmiş, düşmənin böyük sayda hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdir. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 496 nəfər həlak olmuş, 1166 nəfər yaralanmış, 268 nəfər itkin düşmüşdür. Göstərdikləri qəhrəmanlıq və igidliyə, eləcə də hərbi borclarının yerinə yetirilməsinə vicdanla yanaşdıqlarına görə Daxili Qoşunların 9 hərbi qulluqçusu (onlardan 8-i ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, şəxsi heyətin yüzlərlə üzvü müxtəlif dövlət mükafatları ilə təltif olunmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində əldə edilmiş atəşkəsdən sonra Daxili Qoşunlarda quruculuq və inkişafın növbəti mərhələsi başlanmışdır. Eyni zamanda, 1994-cü ildə məlum atəşkəs müqaviləsindən sonra respublikanın gərgin bir dövründə qoşunların üzərinə çox böyük məsuliyyət düşmüşdür. Həmin dövrdə də ölkədə sabitliyin keşiyində dayanmaq, dövlət əhəmiyyətli obyektləri mühafizə etmək, dövlətə qarşı xəyanətdə təqsirləndirilənləri zərərsizləşdirib müvafiq orqanlara təhvil vermək, hər bir vətəndaşın əmin-amanlığını qorumaq kimi əsas vəzifələrinin öhdəsindən Daxili Qoşunlar layiqincə gəlmişdir. Hərbi qulluqçularımız cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə təlimlərdə və xüsusi əməliyyatlarda fəal iştirak etmiş, qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla başa çatdırmışlar. Şəxsi heyət bu vəzifələri dövlətə, dövlətçiliyə böyük məhəbbət və sədaqət hissi ilə yerinə yetirmişdir. Bütün bu fəaliyyət dövlətimizin, dövlətçiliyimizin qorunmasına, qanunun aliliyi prinsipinə xidmət etmişdir. Bu uğurlu əməliyyatlar zamanı şəxsi heyətin göstərdiyi peşəkarlıq və cəsarət vətən uğrunda hər bir xidmətə layiqincə dəyər verən ulu öndər tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 mart tarixli fərmanları ilə "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Hissəsinin Döyüş Bayrağı haqqında" Əsasnamə, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Döyüş Bayrağının təsviri", "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi haqqında" Əsasnamə və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının emblemi" təsdiq olunmuşdur.
Bu gün isə Heydər Əliyev ideyalarını həyata keçirən onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Silahlı Qüvvələrə, o cümlədən Daxili Qoşunlara diqqət və qayğı göstərərək onların inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanmasını təmin etmişdir. Daxili Qoşunlarda aparılan islahatlar, döyüş hazırlığı, maddi-texniki təminat, hərbi qulluqçuların sosial vəziyyəti və digər proseslər baxımından son 8 il bir intibah dövrü kimi xarakterizə olunur. Bunu Daxili Qoşunların yüksək döyüş hazırlığı, maddi-texniki və sosial təminatı ilə yaxından tanış olan peşəkar hərbçilər, mütəxəssislər, yüksək rütbəli zabitlər, generallar da qeyd etmişlər.
Ancaq ən önəmlisi ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunların xidməti döyüş fəaliyyətinə verdiyi qiymətdir. Cənab Prezident demişdir ki, "Daxili Qoşunlar xüsusilə son zamanlar çox sürətlə inkişaf edir. Daxili Qoşunların döyüş hazırlığı, nizam-intizamı çox yüksəkdir. Bu gün Daxili Qoşunların qarşısına qoyulan vəzifələr yüksək səviyyədə yerinə yetirilir və məni qane edir". Bu, çox yüksək qiymətdir və şəxsi heyətimiz cənab Ali Baş Komandanın bu sözləri ilə fəxr edir.
Həqiqətən də bu gün Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına, maddi-texniki bazasına, silah-sursatına görə MDB-də nümunə olmaqla yanaşı, Avropanın bir çox müvafiq qurumları ilə də müqayisə edilə bilər. Daxili Qoşunlara tez-tez Avropa dövlətlərindən, o cümlədən qardaş Türkiyədən nümayəndələr gəlir və onlar əhatəli tanışlıqdan sonra qoşunlar haqqında yüksək fikirlər söyləyirlər. Məsələn, Türkiyənin jandarma komandanı, ordu generalı Fevzi Türkeri söyləmişdir ki, Azərbaycan belə qoşunları ilə fəxr edə bilər. Bu gün Daxili Qoşunların silahı, texnikası, xüsusi vasitələri Avropada istehsal olunan ən müasir avadanlıqlardır. Bütün bu işlərin görülməsində dövlət başçısının dəstəyi çox böyükdür. Elə buna görə də Daxili Qoşunların hər bir sahədə təminatında heç bir problem yoxdur.
Döyüş hazırlığının yüksək səviyyədə saxlanması da daima daxili işlər naziri general-polkovnik Ramil Usubovun və komandanlığın nəzarətindədir. İstər cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində, istərsə də xüsusi əməliyyatlarda şəxsi heyət müsbət nəticələr əldə edir. Əlbəttə ki, bu uğurların arxasında böyük zəhmət, təlimlər, səhra çıxışları dayanır. Komandir heyətinin bilik və bacarığının təkmilləşdirilməsi məqsədilə qoşunların yeni silahlardan istifadə qaydalarını daha yaxşı mənimsəməsi üçün müntəzəm olaraq metodiki təlim toplantıları, döyüş atışlı taktiki təlimlər keçirilir. Eyni zamanda, il ərzində müntəzəm olaraq səhra çıxışları zamanı bütün növ silahlardan, müasir rabitə qurğularından, gecəgörmə cihazlarından istifadə vərdişləri daha da təkmilləşdirilir. Bütün nəzəri və praktiki təlimlər yalnız bir məqsədə - Daxili Qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanmasına xidmət edir.
2009 və 2010-cu ilin iyun aylarında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərlik etdiyi Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların helikopter, zirehli nəqliyyat, artilleriya qurğuları, müasir silah və texnikadan istifadə etməklə keçirilən birgə taktiki təlimlərdə qoşunların şəxsi heyəti əsl peşəkarlıq göstərmişdir. Təlimlərdə yüksək nəticələr əldə etmiş hərbi qulluqçularımız cənab Ali Baş Komandan tərəfindən mükafatlandırılmışlar. Cənab Prezidentin bu diqqət və qayğısı şəxsi heyətin ruh yüksəkliyinə səbəb olmuşdur.
Xüsusi qeyd etmək istəyirəm ki, hərbi qulluqçuların sosial bazasını da cənab Ali Baş Komandan daim diqqətdə saxlayır. Bu sahə ilə bağlı cənab Prezident davamlı olaraq sərəncamlar imzalayır. 2010-cu ildə hərbi qulluqçuların əməkhaqqı artırılmış, şəxsi heyətin məişət şəraitinin yaxşılaşması üçün böyük işlər görülmüşdür. Bu gün Daxili Qoşunların hərbi şəhərcikləri, əsgər yataqxanaları, hamam-camaşırxana kompleksləri, təlim mərkəzləri, mərkəzləşdirilmiş istilik sistemi, hər bir avadanlıqla təmin olunmuş xidməti mənzillər hərbi qulluqçuların ixtiyarındadır. Artıq şəxsi heyətin 80 faizdən çox hissəsi xidməti mənzillərlə təmin olunmuşdur. Bu il daha bir 12 mərtəbəli yaşayış binasında mənzillərin orderləri hərbi qulluqçulara təqdim ediləcək. Binada uşaq bağçası, musiqi məktəbi, xarici dil kursları və digər vacib, tələb olunan sahələr fəaliyyət göstərəcəkdir.
Daxili Qoşunların Nabranda meşə və dəniz əhatəsində olan istirahət mərkəzində hərbçi ailələri çox cüzi məbləğdə ödənişlə istirahət edirlər. Eyni zamanda, Daxili Qoşunların ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş hərbi hospitalı da əsgər və zabitlərə, onların ailələrinə yüksək səviyyədə xidmət göstərir. Bu, Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsinin, Daxili Qoşunların gündən-günə inkişaf edərək gücünün artmasının məntiqi sübutudur. Eyni zamanda, ölkə Prezidentinin qoşunlara verdiyi yüksək qiymət və qayğısının daha bir nümunəsidir.
Gənc çağırışçılar isə Daxili Qoşunlara qəbul olunduğu gündən xüsusi diqqət və nəzarət əhatəsində olurlar. Təbii ki, əsgərlər müxtəlif düşüncə tərzinə, fərqli əqidəyə və fiziki göstəricilərə malik olurlar. Ona görə də hər bir əsgərlə fərdi tərbiyə işi aparılır. Bu sahədə görülən bütün fəaliyyət də yalnız dövlətə, xalqa sədaqət, vətənpərvərlik hissinin aşılanması çərçivəsində görülür. Fiziki cəhətdən zəif, çəkisi az olan əsgərlər xüsusi menyu ilə qidalanırlar. Daxili Qoşunların yardımçı təsərrüfatının məhsulları da əsgərlərin qida rasionuna daxil edilir. Bütün bunların sayəsində əsgərlərin yemək kalorisi 4500-ə qaldırılıb. Bu, aparıcı dövlətlərin ordusunun müvafiq göstəriciləri ilə də müqayisə oluna bilər, hətta bir çoxundan üstün sayılır. Daxili Qoşunlarda xidmət edən əsgərlər arasında sosial bərabərlik hökm sürür. Yəni xidmət bütün əsgərlər arasında eyni qaydada bölünür. Hətta əsgərlər hansı tarixdə məzuniyyətə gedəcəklərini də əvvəlcədən bölükdə asılan qrafikdə görürlər. Dəfələrlə sübut olunmuşdur ki, bütün problemlər əsgərlər arasında bərabərliyin pozulması səbəbindən yaranır. Bu, Daxili Qoşunlarda daima nəzarətdə saxlanılan bir sahədir. Silahlı Qüvvələrin Ali Baş Komandanının əsas tələblərindən biri komandir heyəti tərəfindən əsgərə yüksək diqqət və qayğı göstərilməsidir. Azərbaycan əsgəri ölkə Prezidentinin diqqət və qayğısını hər an hiss edir və yüksək qiymətləndirir, cənab Ali Baş Komandanın etimadına ləyaqətli, fədakar xidmətlərilə cavab verirlər.
Danılmaz həqiqətdir ki, bugün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunlar inkişaf etmiş Avropa dövlətlərinin müvafiq qurumları ilə bir sırada dayanır. Təbii ki, bu uğurun əldə olunmasında Daxili Qoşunların beynəlxalq əlaqələrinin əhəmiyyəti böyükdür. Daxili Qoşunların beynəlxalq əlaqələrinin də təməlini ümummilli lider Heydər Əliyev qoymuşdur. 1997-ci il oktyabr ayının 31-də məhz Heydər Əliyevin təşəbbüsü ilə Türkiyə Cümhuriyyəti Jandarma Baş Komandanlığı və Daxili Qoşunlar arasında qarşılıqlı əməkdaşlığa dair protokol imzalanmışdır. O zaman Daxili Qoşunların çox ehtiyacı olan ixtisaslı zabit kadrlarının hazırlanması məqsədilə böyük öndərin bu təşəbbüsü iki qurum arasında əbədi qardaşlığın təməlini qoydu. Bu, Daxili Qoşunlarda yeni bir mərhələnin - beynəlxalq əlaqələrin başlanğıcı və tarixin qanunauyğun təkrarı idi. Həm Jandarma, həm də Daxili Qoşunlar üçün çox vacib olan bu əlaqələri ümummilli lider çox qiymətləndirirdi. O, Daxili Qoşunların xidmətini gərəkli hesab edərək demişdir ki, dövlət quruculuğu prosesində Daxili Qoşunların düzgün istiqamətdə təşkili çox əhəmiyyətlidir.
Bu illər ərzində Jandarma Qüvvələrinin zabitləri Daxili Qoşunlarda mərhələ-mərhələ fəaliyyət göstərərək təlim-tədris prosesinə kömək edirlər. Qoşunların zabit və gizirləri Türkiyənin nüfuzlu ali hərbi məktəblərində təhsil alır, öz bilik və bacarıqlarını, peşəkarlıqlarını artırırlar. Eyni zamanda, hərbi qulluqçularımız ABŞ, Almaniya, Çin Xalq Respublikası, Sloveniya, İtaliya, Fransa, İsrail və başqa ölkələrdə kurslar bitirmiş, müvafiq təlimlərdə iştirak etmişlər. Bundan əlavə, NATO, ATƏT, BQXK və digər beynəlxalq təşkilatların xətti ilə keçirilən seminar və kurslarda iştirak edərək öz biliklərini daha da təkmilləşdirirlər.
Daxili Qoşunların təkmilləşdirilməsi prosesində NATO standartlarının tətbiqi sahəsində də mühüm işlər görülür. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan MDB ölkələri arasında NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulan ilk tərəfdaş dövlətlərdən biri olmuşdur. Ümummilli lider 4 may 1994-cü ildə NATO-nun qərargahlarına səfəri zamanı SNT-yə qoşulmaq haqqında sənəd imzalamışdır, gələcək əməkdaşlıq sahələrini müəyyən etmək məqsədilə plan hazırlanmışdır. İkitərəfli əməkdaşlığa hərbi əməkdaşlıq, hərbi moderiasiya, Silahlı Qüvvələr üzərində demokratik nəzarət, sülhməramlı əməliyyatlar, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sair sahələr daxildir. Bu məqsədlə Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FİƏP) hazırlanmışdır. Azərbaycan Silahlı Qüvvələri, eyni zamanda Daxili Qoşunlar da öz üzərinə tərəfdaşlıq məqsədləri götürmüşlər. Daxili Qoşunların NATO üzvü olan ölkələrin jandarma təşkilatlarının strukturlarına uyğunlaşdırılması məqsədilə əməliyyat bölüklərinin əksəriyyəti ləğv olunmuş, xüsusi təyinatlı bölmələrə malik olan və polis funksiyalarını yerinə yetirən motorlaşdırılmış birliklər yaradılmışdır. Qoşunların Orta ixtisas hərbi məktəbində müdavimlərə NATO, BMT, sülhməramlı əməliyyatlar, antiterror fəaliyyətləri, kiberterrorizmlə mübarizə, Avropa Birliyi, insan haqları mövzusunda dərslər, konfranslar verilir. Təlimlərin NATO standartlarına uyğunlaşdırılması, hərbi qulluqçuların bilik və peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə qoşunların təlim-tədris mərkəzləri müasir avadanlıqla, tədris vəsaitləri ilə təmin olunmuşdur. Eyni zamanda, Orta ixtisas hərbi məktəbinin bazasında Daxili Qoşunların Ali Hərbi məktəbinin yaradılması planlaşdırılmışdır. Bununla yanaşı, Daxili Qoşunların 300-dək hərbi qulluqçusu müxtəlif xarici ölkələrdə ingilis dili, insan hüquqları, ixtisas hazırlığı, komando və bölmələrin qarşısında qoyulmuş digər tapşırıqların icrası üzrə təlim kurslarında təhsil almışlar.
NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına əsasən, sülhməramlı əməliyyatlarda iştirak etmək məqsədilə Daxili Qoşunların nəzdində 2008-ci ilin sonunda bir polisə dəstək bölüyünün, 2015-ci ildə isə Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində bir taborun yaradılması planlaşdırılmışdı. Bu məqsədlə Daxili Qoşunların ölkədən kənarda beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını təmin etmək üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi barədə müvafiq qanun qəbul edilmişdir. Polisə dəstək bölüyünün hazırlıqlı şəxsi heyətlə komplektləşdirilməsi, lazımi maddi-texniki vasitələrlə təchiz olunması üçün bir çox işlər həyata keçirilmiş, NATO standartlarına uyğun təlim-tədris proqramları tərtib olunmuşdur. Təlimlər zamanı əsas diqqət silahlı cinayətkarların axtarılması və tutulması, ictimai asayişin qorunması, kütləvi iğtişaşların qarşısının alınması, terroristlərin zərərsizləşdirilməsi kimi istiqamətlərin öyrənilməsinə yönəldilir.
Polisə dəstək bölüyünün şəxsi heyətinin xarici dilləri bilməsi böyük əhəmiyyət daşıyır. Qoşunların 15 nəfər hərbi qulluqçusu Türkiyə və Sloveniyada ingilis dili kurslarına göndərilmişdir. Sülhməramlı polisə dəstək bölüyü Türkiyə, İsrail, ABŞ, Almaniya və Rusiyada istehsal olunmuş müasir silah, sursat, texnika ilə təmin olunmuşdur. Onların istismar qaydalarının öyrənilməsi üzrə praktiki təlimlər keçirilir. Bütün bu fəaliyyətlərlə yanaşı, "Şimali Atlantika Şurası + Azərbaycan" formatında Brüsseldə - NATO-da keçirilən iclaslarda qoşunların yüksək rütbəli hərbi qulluqçuları mütəmadi iştirak edir.
Bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da insan hüquq və azadlıqlarına böyük hörmətlə yanaşılır. Daxili Qoşunların müvafiq bölmələri də mövcud qanun və prinsiplərə əməl edərək öz vəzifələrini yerinə yetirirlər. Bu bölmələr Avropada istehsal olunmuş ən müasir avadanlıqlarla təmin olunmuşdur. Xüsusi qeyd etmək lazım gəlir ki, Daxili Qoşunlar həm beynəlxalq qanunlara ciddi əməl edir, həm də ölkədaxili ictimai asayişin, sabitliyin tam təmin olunması vəzifəsini layiqincə yerinə yetirir.
Son illərdə Daxili Qoşunların ictimaiyyətlə əlaqələrində çox isti, doğma bir münasibət formalaşmışdır. Müntəzəm olaraq hərbi hissələrimizdə gənclər, ali məktəb tələbələri, əsgər valideynləri, millət vəkilləri, incəsənət xadimləri olur. Onlar hərbi hissə ilə, əsgər yataqxanaları, yeməkxana, hamam-camaşırxana kompleksləri ilə maraqlanır, ümumiyyətlə, əsgərlərin bütün yaşayış tərzinə baxırlar. Bu, çox vacib bir məsələdir.
Ötən il ərzində də paytaxtda və bölgələrdə keçirilən müxtəlif tədbirlərdə təhlükəsizlik yüksək səviyyədə qorunmuş, Daxili Qoşunların şəxsi heyəti Sabirabad, İmişli, Hacıqabul və Saatlı rayonlarında təbii fəlakətin qarşısının alınmasında fəal iştirak etmişdir. Fəlakət zonalarından əhalinin köçürülməsi, təhlükəsiz yerlərə çatdırılmasında digər müvafiq strukturlarla yanaşı, Daxili Qoşunlar da mühüm rol oynamışdır. Eyni zamanda, Bakıda, Lənkəran və Naxçıvanda qəzalı binaların uçması nəticəsində böyük çətinliklərlə üzləşən sakinlərin köçürülməsi, onların əmlaklarının təhlükəsiz yerə daşınmasını da şəxsi heyət cəsarət və fədakarlıqla yerinə yetirdi. Bu da qoşunların yüksək döyüş hazırlığının qorunub saxlanması və əsgərlərlə qurulmuş düzgün tərbiyə işinin nəticəsidir.
Daxili Qoşunların mövcud mənəvi və döyüş hazırlığı onların Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində başlayacaq hərbi əməliyyatlara tam hazır olduğunu qətiyyətlə deməyə əsas verir. Buna 1994-cü il tarixli "Daxili Qoşunların statusu haqqında" qanun, eləcə də Daxili Qoşunların malik olduğu müxtəlif növ döyüş texnikaları, silahlar, ən önəmlisi isə zabit və əsgərlərimizin ruh yüksəkliyi imkan verir.
Daxili Qoşunlarda bu gün ciddi nizam-intizam hökm sürür, mənəvi-psixoloji durum qənaətbəxşdir. Şəxsi heyət dövlətə, dövlətçiliyə, Prezidentə, xalqa məhəbbət və sədaqət ruhunda tərbiyə olunur. Hərbi hissələrin döyüş qabiliyyəti kifayət qədər yüksəkdir. Ümumilikdə qoşunlar qarşıya qoyulmuş tapşırıqları tam və keyfiyyətlə yerinə yetirməyə qadirdir. Daxili Qoşunların keçdiyi xidmət yolu və son illərin hadisələri sübut etdi ki, Daxili Qoşunlar həmişə xalqın əmin-amanlığının, asayişin sabit durumunun sadiq keşikçisi olaraq, qarşısında duran dövlət əhəmiyyətli, mürəkkəb xidməti döyüş tapşırıqlarının öhdəsindən cəsarətlə gəlir. Bu da qoşunların cəmiyyətdə nüfuzunu qaldıran əsas şərtlərdir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vahid sisteminin mühüm struktur hissələrindən biri kimi Daxili Qoşunlar şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayətkar qəsdlərdən qorumağa, mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının mühafizəsini həyata keçirməyə, ictimai asayişin mühafizəsi, ictimai təhlükəsizliyin təmin olunması, habelə qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri və Cənab Ali Baş Komandanın dövlət və dövlətçiliyimiz naminə bütün əmr və göstərişlərini bundan sonra da layiqincə yerinə yetirməyə qadirdir və hazırdır.
Zakir HƏSƏNOV,
Azərbaycan Respublikası
Daxili Qoşunlarının
komandanı,
general-leytenant
Azərbaycan.- 2011.-12 mart.- S. 4.