Moskvada çıxan "Azərbaycan diasporu" qəzetində "Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəaliyyəti və siyasi irsi akademik Ramiz Mehdiyevin fəlsəfi baxışlarında" sərlövhəli məqalə dərc olunmuşdur

 

Moskvada fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin ictimai-siyasi orqanı olan və 30 min tirajla çıxan "Azərbaycan diasporu" qəzetində "Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəaliyyəti və siyasi irsi akademik Ramiz Mehdiyevin fəlsəfi baxışlarında" sərlövhəli elmi məqalə rus dilində dərc edilmişdir.

Məqalənin müəllifi M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun məzunu, siyasi elmlər üzrə fəlsəfə doktoru Tahir Məmmədov ulu öndər Heydər Əliyevin şəxsiyyət və fəlsəfə, fəlsəfədə şəxsiyyət konsepsiyasını yüksək səviyyədə tədqiq edən görkəmli akademik Ramiz Mehdiyevin son illərdəki məhsuldar elmi yaradıcılığına istinad edərək yazır: "Nyu-York Elmlər Akademiyasının üzvü, akademik Ramiz Mehdiyev qlobollaşma, demokratik inkişaf modelləri, milli münasibətlərlə bağlı elmi-fəlsəfi, nəzəri əsərləri, habelə milli ideya və ideologiyamızı tədqiq edən sanballı məqalələri ilə yanaşı, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin araşdırılması sahəsində yaratdığı fundamental əsərlər onun bir filosof kimi dünya siyasi elmində şöhrətini getdikcə artırır".

Məqalədə müasir rus fəlsəfi fikrinin tanınmış nümayəndələri olan alimlərin əsərlərindən də sitatlar gətirilmişdir. Müəllif fikirlərini yekunlaşdıraraq yazır ki, xalqımızın əbədiyaşar oğlu Heydər Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyətinə və zəngin siyasi irsinə fəlsəfi və konseptual elmi baxışlarla yanaşan görkəmli akademik Ramiz Mehdiyev öz dəyərli yaradıcılığı ilə Heydərşünaslıq institutunun təməlini qoymuş və Heydər Əliyev irsini öyrənən siyasi məktəb yaratmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-12 mart.- S. 2.