Kişinyovda görkəmli şərqşünas alim Aida İmanquliyevanın "Məqalələr və tərcümələr" kitabı təqdim olunmuşdur

 

AzərTAc xəbər verir ki, Kişinyovda görkəmli şərqşünas alim Aida İmanquliyevanın "Məqalələr və tərcümələr" kitabının təqdimat mərasimi keçirilmişdir.

Moldovanın dövlət və hökumət rəsmilərinin, tanınmış elm, təhsil və mədəniyyət xadimlərinin, diplomatik korpusun nümayəndələrinin qatıldığı təqdimat mərasimində Azərbaycanın Moldovadakı səfiri İsfəndiyar Vahabzadə filologiya elmləri doktoru, elm təşkilatçısı, professor Aida İmanquliyevanın öz zəngin yaradıcılığı ilə dünya şərqşünaslıq elminə verdiyi dəyərli töhfələrdən danışmışdır.

Kitaba Aida İmanquliyevanın 60-80-ci illərdə qələmə aldığı məqalələrin daxil edildiyini bildirən diplomat Azərbaycanda ilk qadın şərqşünas alim kimi böyük şöhrət qazanmış professorun tək ölkəmizdə deyil, o cümlədən keçmiş SSRİ məkanında müasir ərəb ədəbiyyatının tədqiq olunmasında və öyrənilməsində göstərdiyi misilsiz xidmətlərdən söz açmışdır.

Mərasimdə çıxış edən alimlər, elm və təhsil ictimaiyyətinin nümayəndələri professor Aida İmanquliyevanın zəngin elmi irsinin bir çox dillərə tərcümə olunaraq şərqşünaslıq institutlarında dərslik vəsaiti kimi istifadə edilməsinin vacibliyini vurğulamışlar. Qeyd olunmuşdur ki, öz zəngin yaradıcılığı ilə Şərqin və Qərbin mənəvi dəyərlərini özündə birləşdirən görkəmli elm fədaisi Aida İmanquliyevanın fundamental tədqiqatları dünya şərqşünaslıq elminin inkişafında mühüm istiqamətlərdən biridir.

Təqdimat mərasimi keçirilən günü Moldovanın nüfuzlu "NİT" televiziya kanalında Aida İmanquliyevaya həsr edilmiş "Ayın əksi" sənədli filminin nümayişi də görkəmli şərqşünas alimin xatirəsinə dəyərli töhfə olmuşdur.

 

 

Azərbaycan.- 2011.-12 mart.- S. 2.