Azərbaycan və Belarus iş
adamları arasında əməkdaşlıq perspektivləri
müzakirə edilmişdir
Martın 11-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Belarusun Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə iki ölkənin iş adamları arasında işgüzar görüş keçirilmişdir.
Görüşdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən 30-a yaxın iş adamı iştirak etmişdir.
AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın iqtisadi imkanlarına dair təqdimatla çıxış etmiş, ölkədə biznes və investisiya mühiti barədə məlumat vermişdir. O, regional əhəmiyyətli energetika və nəqliyyat layihələri, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət, neft sektorunun inkişafı və neft gəlirlərinin səmərəli istifadəsi barədə də söz açmışdır.
Natiq qeyd etmişdir ki, Azərbaycanda xarici investorlar üçün əlverişli şərait yaradılmışdır. Ölkəmiz artıq xarici investorları daha çox cəlb edir. Belə ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatına 95 milyard ABŞ dolları məbləğində investisiya yatırılmışdır ki, bunun 55 milyard dolları xarici sərmayənin payına düşür.
Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Rövşən Nəcəf şirkətin fəaliyyəti və qeyri-neft sektorunda həyata keçirilən layihələr barədə məlumat vermişdir. Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Azərbaycanla Belarus arasındakı dostluq əlaqələrindən məmnunluqla danışmışdır. Bildirmişdir ki, bu əlaqələrin möhkəmləndirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu çox böyükdür.
Səfir iki ölkənin iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Tədbirdə iş adamları arasında iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Qeyd edək ki, Belarus iş adamları Sumqayıt Texnologiyalar Parkında da olmuşlar.
AzərTAc
Azərbaycan.- 2011.-12 mart.- S. 3.