Nazirlər Kabineti bir sıra mühüm
qərarlar qəbul etmişdir
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a
verilən məlumata görə, ölkədə
sosial-iqtisadi inkişafın
sürətləndirilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması
və infrastrukturun təkmilləşdirilməsi üçün
Nazirlər Kabineti son vaxtlar bir
sıra mühüm qərarlar qəbul etmişdir.
"Azərbaycan Respublikasının
2001-ci il 29 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının daxili
işlər orqanlarında
xidmət keçmə
haqqında" Əsasnaməyə
əlavə edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2010-cu il
30 dekabr tarixli Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 25 yanvar tarixli
Sərəncamının icrasını
təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərara almışdır
ki, 2004-cü il 22 iyul tarixli qərarı
ilə təsdiq edilmiş "Daxili işlər orqanlarının
əməkdaşlarına fasiləsiz
xidmət illərinə
görə haqqın ödənilməsi üçün
xidmət illərinin hesablanması Qaydası"nın 2-ci bəndinin on birinci abzasında
"əlavə (xidmət
illərinə, xüsusi
şəraitdə vəzifələrin
icrasına, əlahiddə
xidmətə görə)"
sözlərindən sonra,
"hamiləliyə və
doğuşa görə
ödənişli məzuniyyət,
qismən ödənişli
sosial, habelə həkim məsləhət
komissiyasının rəyi
əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq dörd yaşına çatanadək
əlavə ödənişsiz
məzuniyyət" sözləri
əlavə edilsin.
"Fərdi məlumatlar
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2010-cu il 4 iyun tarixli Fərmanının
müvafiq bəndinə
əsasən Nazirlər
Kabineti "Korporativ informasiya sistemlərində
toplanılmış və
işlənilən fərdi
məlumatların ödənişli
əsaslarla üçüncü
şəxslərə
verilməsi Qaydası"nı da təsdiq
etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin 7-ci abzasına
uyğun olaraq, büdcədən maliyyələşdirilən
müəssisələrdə, təşkilatlarda çalışmış,
özlərindən asılı
olmayan səbəblərə
görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial
müdafiəsi məqsədi
ilə Nazirlər Kabineti qərara almışdır ki,
"Büdcədən maliyyələşdirilən
müəssisələrdə, təşkilatlarda çalışmış
və özlərindən
asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin
həyat şəraitinin
yaxşılaşdırılması tədbirləri
haqqında" Nazirlər
Kabinetinin 1994-cü il
10 may tarixli qərarının 2-ci hissəsinin
müddəti 2012-ci il
yanvarın 1-dək uzadılsın.
Təhsil, Səhiyyə, Mədəniyyət
və Turizm nazirliklərinə, digər
aidiyyəti dövlət
orqanlarına və əraziləri işğal
olunmuş rayonların
icra hakimiyyətlərinə
tapşırılmışdır ki, tabeliyində olan qurumlarda müvafiq boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə
qəbulu ilə bağlı müvafiq tədbirlərin
görülməsini daha
da gücləndirsinlər
və görülmüş
işlər barədə
hesabatı rübdə
bir dəfə Nazirlər Kabinetinə təqdim etsinlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
tapşırılmışdır ki, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu
ilə bağlı qanunvericiliklə müəyyən
olunmuş qaydada müvafiq tədbirlərin
həyata keçirilməsini
təmin etsin.
"Təhsil haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli Fərmanına əsasən
və Təhsil, Səhiyyə nazirliklərinin
təkliflərini nəzərə
alaraq, Nazirlər Kabineti "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının
(proqramlarının) siyahısı"nın təsdiq edilməsi haqqında" Nazirlər
Kabinetinin 2009-cu il 12 yanvar tarixli qərarına bəzi dəyişikliklər və
əlavələr etmişdir.
"Xüsusi mühafizə
olunan təbiət əraziləri və obyektləri haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 15
iyul tarixli Fərmanına və Nazirlər Kabinetinin
2006-cı il 12 iyul tarixli qərarı ilə təsdiq edilmiş "Təbiət
abidələrinin və
onların yerləşdiyi
ərazilərin təşkili
Qaydaları"na əsasən Nazirlər Kabineti Yevlax şəhəri, Kür çayının sağ
sahilində, Sahil parkında yerləşən
yaşı 200 il, hündürlüyü 40 metr
və diametri 330 santimetr olan Ağyarpaq qovaq ağacına respublika əhəmiyyətli təbiət
abidəsi statusu verilməsi və həmin ağacın Ağyarpaq Qovaq təbiət abidəsi adlandırılması
barədə qərar
qəbul etmişdir. Qərarda abidənin yerləşdiyi ərazinin
təşkili və mühafizəsi üçün
də müvafiq qurumlara tapşırıqlar
verilmişdir.
Azərbaycanın yaşayış məntəqələrində it,
pişik və ya digər ev
heyvanlarının saxlanmasını
tənzimləmək məqsədi
ilə Kənd Təsərrüfatı Nazirliyinin
aidiyyəti orqanlarla razılaşdırılmış təklifini nəzərə
alaraq Nazirlər Kabineti "Azərbaycan Respublikasının yaşayış
məntəqələrində it, pişik və ya digər
ev heyvanlarının saxlanması Qaydaları"nı təsdiq etmişdir.
Xatırladaq ki, həmin qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının
Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.
Azərbaycan.- 2011.-12 mart.- S. 2.