"Məişət
zorakılığının qarşısının
alınması haqqında" qanunun icrası ilə
bağlı konfrans keçirilmişdir
Martın 11-də ATƏT-in Bakı ofisi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun icrasının dəstəklənməsi: məlumatlandırma və beynəlxalq təcrübə" mövzusunda konfrans keçirmişdir.
AzərTAc xəbər verir ki, konfransda hökumət və hüquq-mühafizə orqanlarının nümayəndələri, vətəndaş cəmiyyətlərinin təmsilçiləri, beynəlxalq ekspertlər iştirak etmişlər.
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel tədbiri açaraq məişət zorakılığı və onun qarşısının alınması probleminin müasir cəmiyyətin ən aktual problemlərindən biri olduğunu demişdir. Bildirmişdir ki, Azərbaycanda bu problemin həlli istiqamətində görülən işlər təqdirəlayiqdir. Səfir demişdir: "Bizim əsas məqsədimiz başqa ölkələrin təcrübəsini təqdim etməklə və "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununun icrasının yollarına dair müzakirələr aparmaqla hökumətlə vətəndaş cəmiyyəti arasında əməkdaşlığı daha da möhkəmləndirməkdir. Azərbaycanda belə bir qanunun qəbulu gender bərabərliyi və uşaqlar da daxil olmaqla ən çox qayğıya ehtiyacı olan vətəndaşların müdafiəsi, eyni zamanda, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində Azərbaycanın irəliyə doğru atdığı mühüm addımdır".
B.Cankorel qanunun icrasının dəstəklənməsi prosesi çərçivəsində müxtəlif tədbirlərin, regionlarda "dəyirmi masa"ların və hüquq-mühafizə orqanları üçün təlimlərin keçiriləcəyini bildirmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova adıçəkilən qanunun əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycanda məişət zorakılığının qarşısının alınması istiqamətində əldə olunan müsbət nəticələr göz qabağındadır. Qanunun qəbulundan sonra onun icrası daha mürəkkəb və həlledici mərhələdir. Bu mərhələnin uğurla keçilməsi üçün dövlət tərəfindən böyük işlər görülür. Ən mühüm addımlardan biri də uşaq və ailələrə dəstək mərkəzlərinin yaradılması, vətəndaş cəmiyyəti nümayəndələrinin problemlə bağlı maarifləndirilməsi üçün mütəmadi olaraq tədbirlərin keçirilməsidir.
H.Hüseynova qanunun qəbulu zamanı olduğu kimi, onun icrası zamanı da beynəlxalq təcrübədən və belə qanunları uğurla həyata keçirən müxtəlif ölkələrin ekspertlərinin tövsiyələrindən yararlanmanın vacibliyini vurğulamışdır.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova məişət zorakılığı probleminin insan hüquqlarının ciddi surətdə pozulması ilə bilavasitə bağlı olduğunu bildirmişdir. Ölkəmizdə məişət zorakılığının qarşısının alınması haqqında qanunun qəbul olunmasını yüksək qiymətləndirən ombudsman onun həyata keçirilməsi zamanı zorakılıq formalarının təhlil edilməsi, məlumat bazasının yaradılması kimi məsələlərin əhəmiyyətini qeyd etmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu və onun qəbul olunmasına qədər həyata keçirilən mərhələlər haqqında məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, 2007-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı", "2008-2015- ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" və bir çox digər sənədlərdə məişət zorakılığı ön plana çıxarılan məsələlərdən olmuşdur.
Çexiya Daxili İşlər Nazirliyi Polis Kolleci direktorunun müavini İvana Dufkova tədbirdə "Məişət zorakılığı haqqında qanunun hüquq-mühafizə orqanları tərəfindən implementasiyası: Çex Respublikasının təcrübəsi", Bolqarıstanda Məişət Zorakılığına qarşı Müdafiə Alyansını təmsil edən vətəndaş cəmiyyəti mütəxəssisi Diyana Videva isə "Məişət zorakılığı haqqında qanunun icrasında vətəndaş cəmiyyətinin rolu: Bolqarıstan təcrübəsi" mövzularında məruzə etmişlər.
Konfransda
mövzu ilə bağlı fikir mübadiləsi
aparılmış, müzakirələr dinlənilmişdir.
Azərbaycan.- 2011.-12 mart.- S. 6.