"Hörümçək toru"nun sirri
Teatr Xadimlər
İttifaqının tamaşa zalında Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə istehsal olunan "Aktrisa"
bədii filminin təqdimat mərasimi keçirildi.
Tamaşadan öncə filmin yaradıcı heyəti səhnəyə
çıxaraq çəkiliş prosesi ilə bağlı təəssüratlarını
tamaşaçılarla bölüşdülər. Ən
yaddaqalan hadisə filmdə baş rola çəkilmiş
Alesa Kaçerin Azərbaycan dilində səlis
danışması və iki il ərzində (çəkiliş
müddətində) bu dili necə öyrənməsindən,
sevməsindən bəhs etməsi oldu. Moskvadan gəlmiş bu
Kriminal-dram janrında çəkilmiş
filmdə bir-birinin ardınca eyni məkanda törədilmiş
üç qətl hadisəsindən bəhs edilir. Filmin əvvəlindən
peşəkar müstəntiq qətiyyətlə bildirir ki, bu
qətllərin üstünün açılması
yalnız bir parolun tapılmasından asılı olacaq. Film
İlqar Fəhminin eyni adlı romanının ssenarisi əsasında
çəkilmişdir. Quruluşçu rejissor Rövşən
İsax həm də bu filmdə müstəntiq rolunun
ifaçısı kimi də maraqlı, yaddaqalan obrazı ilə
diqqət çəkdi.
Filmdə göstərilir ki, 57 yaşlı bankir Vaqif Fətəliyev (obrazın yaradıcısı, xalq artisti Fuad Poladov) öz bağında suvenir xəncərlə qətlə yetirilir. Xəncərin dəstəyindəki gümüşü rəngli hörümçək fiqurunun ekranda xüsusi olaraq iri planda əks etdirilməsi tamaşaçının bu detala diqqət göstərməsinə bir işarədir. Mərhumun 26 yaşlı arvadı keçmiş aktrisa Lalə (rolun yaradıcısı Alesa Kaçer) müəmmalı davranışına görə şübhə altındadır. Lakin onun da məhz sonradan suvenir xəncərlə öldürülməsi müstəntiq Eldar Əfəndiyevi (Rövşən İsax) çətin vəziyyətə salır. Bəs qonşu bağın zirzəmisində özünü intihar etmiş yazıçı. Buna səbəb nədir? Bu cavabı çox çətin sualların müsbət həll olunmasında evin qulluqçusu, aşpazı, bağbanı danışdırılır. Ailənin qonağı olmuş insanlar araşdırılır. Dostlar, tanışlar göz altına alınır. Hətta həbs edilənlər də olur. Amma bu hörümçək torunun əsl sahibi çox mahirdir. Yaxasını asanlıqla ələ vermir.
İşin mürəkkəbliyi müstəntiqləri çətin vəziyyətə salır. Amma onlar məharətlə, ustalıqla törədilmiş qətllərin ip ucunu axtarmağa çalışırlar. Tamaşaçıların da gözləmədiyi bir proses baş verir: təsirli, yaddaqalan və uzun müddət seyrçiləri düşüncələrə qərq edən bir həyat dramının səhnə ilə dəyişik düşməsi!
Lalə
teatrların birində aktrisalıq edir. Gözəldir, cazibədardır.
Ona maraq göstərən bir cavanın təşəbbüsü
ilə bankir Vaqif Fətəliyevlə tanış olur. Vaqif
ailə sahibidir, oğul-uşaq atasıdır, cəmiyyətdə
hörməti, nüfuzu və mövqeyi var. Bütün
bunlara baxmayaraq o, Lalənin işvəkar
davranışına, cəzbedici söhbətlərinə
vurularaq gənc (övladı yaşında) qızın
aşiqi olur. Bu "məhəbbət" onun gözlərini
elə örtür ki, sonradan hansı töhmətlə,
iradla rastlaşa biləcəyini belə, nəzərə
almadan Lalə ilə evlənir. Ailə qurduğu qızın
aktrisa olduğunu bilsə də, hətta onun bəzi
tamaşalarına sponsorluq etsə də, rəsmi izdivacdan
sonra Lalənin səhnəyə qayıtmasına icazə
vermir. Elə əsl faciə də buradan başlayır. Lalə
bütün varlığı ilə aktrisalığa
bağlıdır. Ona edilən bu qadağaların
müqabilində özü üçün yeni tamaşa
forması təyin edir. Amma burada bir aktrisa və bir
tamaşaçı olur. Qonşu bağda yaşayan
yazıçı... Aktyor İlham Hüseynovun böyük məharətlə
yaratdığı bu qələm sahibi neçə
kitabın müəllifidir. Cəmiyyət arasında
böyük hörməti var, məşhur
yazıçıdır. Günlərin birində
yaşadığı bağ evinin eyvanından qonşu həyətdə
hovuz kənarında istirahət edən Laləni görür.
Qızın qənirsiz gözəlliyi
yazıçını özünə çəkir. Ona elə
gəlir ki, Lalə məşhur bankirin qızıdır.
Axşamlar isə iş otağının pəncərəsindən
qonşu evin eyvanında müxtəlif ovqatlarda görünən
qızı seyr etməyə başlayır. Gördüyü
"mənzərələr" onu gah dəhşətə
gətirir, gah qəzəbləndirir, gah da heyrətləndirir.
Sonradan öyrənir ki, Lalə Vaqifin qızı yox,
arvadıdır. Ərli qadına göz qoyduğuna görə
özünü qınayır. Amma tamaşa davam edir.
Çünki qarşı tərəf bu oyuna
israrlıdır. Belə müşahidələrdən biri: gənc
qadın gecə paltarında balkona çıxır. Əlində
bir şüşə konyak, onu sonadək içir. Bu zaman eyvana daxil olan bankir
onu sürüyərək otağa aparır. Lalə
müqavimət göstərmək istəyəndə o,
qızı döyür. Başqa bir vaxt isə Lalə əlində
xəncər yataqda yuxuya getmiş ərinə
yaxınlaşaraq xəncəri onun bağrına sancmaq istəyir.
Sonra nə fikirləşirsə, qəzəblə xəncəri
balkondan bayıra atır. Xəncər qonşu bağın həyətinə
düşür. Sonrakı görüntü daha dəhşətli
olur. Lalə pəjmürdə halda balkonun məhəccərinə
ip bağlayaraq özünü intihar etmək
üçün "şərait" yaradır. Sonra ərinin
otağa daxil olması səbəbindən o, ipi komalayaraq bir
küncə atır ki, Vaqif Fətəliyev görməsin.
Axşamların birində isə şıdırğı
leysanın altında dayanaraq gözünü
yazıçının pəncərəsinəa dikərək
ağlayır... Rüfət Hüseynzadə - dünyanı
dolaşmış bu məşhur yazıçı
qızcığazın bu pərişan halına
dözmür. Onu qorxudan qızın özünü intihar etməsi
fikrinə düşməsidir. Gecənin bir aləmində
qonşu bağa keçərək bankirin yanına gəlir.
Onunla söhbət etmək istəyir.
Yazıçının bu qəfil gəlişi bankiri əsəbləşdirir.
Rüfət Hüseynzadə münasibətlərin tənzimlənməsi
üçün nə qədər söhbətə
körpü salmaq istəsə də, onların
danışığı baş tutmur. Hətta elə bir qəzəbli
məqam yaranır ki, bankir yazıçıya ağır
sözlər deyərək təhqir edir. Qəzəblənmiş
Rüfət Hüseynzadə həyətdən
götürdüyü xəncəri sübut
üçün bankirə göstərir. Filmin kulminasiya
nöqtəsi baş verir. Nəticədə həmin
hörümçək şəkli həkk edilmiş xəncər
ev sahibinin sinəsinə saplanır...
Bu qətl hadisəsindən
bir neçə gün sonra gecəyarısı Lalə
bağa gəlir. Əzablar içində qıvrılaraq
onunla söhbətə məqam gəzən
yazıçı yenidən qonşu evə təşrif
buyurur. Elə hadisələrin əsl mahiyyəti də burada
açılır. Bəlli olur ki, əri tərəfindən
səhnəyə çıxması qadağan edildiyindən
Lalə özü bu tamaşanın yaradıcısıdır.
Hərdən də qəsdən ərini hirsləndirirmiş
ki, ona əl qaldırsın və qonşu evdəki
yazıçı bunu görsün. İçdiyi
"konyak"ın da soyuq çay olması, ipi də məhəccərdən
yalandan asması, hətta ərini öldürmək istəməsi
də uydurma "səhnəçik" imiş.
Aldığı mənəvi zərbədən özünə
gələ bilməyən Rüfət Hüseynzadə dalbadal
bir neçə qətlin sahibi olur. Elə qızı da o, xəncərlə
qətlə yetirir, özü də intihar edir. Baş
vermiş bütün hadisələri isə kompüterin
yaddaşına köçürür. Ən dəhşətli
sualı isə özünə verir: "Bu qədər uzun
olaydan sonra o, mənim səsimi bir dəfə də eşitmədi".
Bəli, bütün hadisələr səssiz gedirdi. Hər
bir vəziyyətin mənasını tamaşaçıya
musiqi çatdırırdı.
Müəlliflər nə demək istəyirlər? Azadlığın qadağan edilməsi (bu söhbəti ən çox bankir Vaqif Fətəliyevin dilindən eşidirik. Uşaq vaxtı valideynləri ona çox şeyi qadağan ediblər, hətta evlənəndə də onun rəyini nəzərə almırlar, ömrü boyu qadağaların zərbəsini yeyir. Yalnız 57 yaşında azad yaşamaq istəyərkən hörümçək toruna düşür) və yaxud da onun həddən artıq əndazədən çıxarılması baş verən faciələrin təməlində dayanır. Lalənin azadlığını isə Vaqif Fətəliyev əlindən alır. Bunun da nəticəsi ağır olur. Lalə dəniz kənarındakı bu möhtəşəm bağ evində özü üçün ağır sonluqla bitən bir tragediya yaradır.
Hadisələr bir-birini elə maraqlı tərzdə, gözlənilməz hadisələrlə izləyir ki, film başa çatdıqdan sonra da belə, tamaşaçılar yerlərindən tərpənmirdilər. Bəlkə də son illərdə belə təsiredici bir film görməmişdik. Əlbəttə, maraqlı ssenari ola bilər. Dəfələrlə bitkin əsərlərin istər səhnədə, istərsə də ekranda çox zəif əks-sədası olub. Yeni filmdə quruluşçu rejissor Rövşən İsaxın işi təqdirəlayiqdir. Hadisələrin gözlənilməzliyi, keçidlərin maraqlı alınması, fraqmentlərin bir-birindən fərqlənməsi və təbiiliyi, aktyor seçimi, tamaşaçı diqqətinin tamamilə ələ alınması... Bütün bunların hamısı rejissor yozumunun uğurlu nəticəsidir. Əslində, bir aktrisa tərəfindən bilməyərəkdən, yaxud da qəsdən hörülmüş hörümçək torunun bu qədər sirli və sehrli görünməsi quruluşçu rejissorun ssenariyə özünəməxsus şəkildə yanaşmasının nəticəsidir. Rejissorun uğurudur ki, təsirli üsullarla - deyək ki, hisslərlə, duyğularla, musiqi və yağışla, gecə səssizliyi ilə, gözəl mənzərələrlə, müxtəlif jestlərlə, inandırıcı görüntülərlə ekranda həyatın bir parçasını əks etdirə bilib. Düşündürücü və tərbiyəedici baxımdan əhəmiyyətli olan "Aktrisa" filmi haqqında yəqin ki, mütəxəssislər də öz rəylərini deyəcəklər. Bir tamaşaçı kimi bizim fikrimiz isə belədir: Azərbaycan kino sənətinin çox uğurlu bir nümunəsi həyata vəsiqə aldı. Bütün yaradıcı heyəti təbrik edirik!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-12 mart.- S. 7.