Xan sarayı çoxəsrlik dövlətçilik ənənələrimizin mühüm yadigarıdır

 

Ulu öndər Heydər Əliyev Naxçıvan şəhərində Mömünə xatun məqbərəsini ziyarət edərkən bu sözləri söyləyib: "Elə XX əsri götürün. Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər, çünki imkanları yoxdurE Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir. Əgər dövlətçilik o qədər yüksək səviyyədə olmasaydı, onlar bu cür abidənin yaradılması barədə qərar qəbul edə bilərdilərmi?"

"Naxçıvan Muxtar Respublikası ərazisindəki tarixi və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında" Muxtar Respublika Ali Məclisi Sədrinin imzaladığı sərəncam əsasında burada xeyli iş görülüb. Naxçıvanda 1157 abidə qeydə alınıb, onlardan 56-sı isə dünya əhəmiyyətlidir. Hər biri də xalqımızın zəngin və çoxəsrlik dövlətçilik ənənələrini özündə yaşadan memarlıq inciləridir. Onlar tariximizin on ikinci yüzilliyindən başlayaraq bu günümüzə qədər ayrı-ayrı dövrlərdə, məqamlarda inşa olunublar, iqtisadi qüdrətimizi, gücümüzü, varlığımızı, milli dövlətçiliyimizi dünyanın yaxın-uzaq ölkələrinə tanıdıblar.

Əslinə qalsa, tarixi və memarlıq abidələrimizin bərpası istiqamətində həyata keçirilən indiki tədbirlər də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında muxtar respublikanın uzun müddət üçün işlənib hazırlanmış inkişaf strategiyasından qaynaqlanıb. AMEA-nın Naxçıvan bölməsinin yaradılmasına həsr olunan geniş müşavirədə "Naxçıvan ərazisində həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri var... Onların hər biri Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini göstərən abidələrdir"-deyən ulu öndər böyük təəssüflə onu da qeyd edirdi ki, hələ də bunlar haqqında tarixi mənbələr və toplular yoxdur.

Alimlərin fikrincə, Naxçıvanda hər daşın, hər qayanın altında bir tarix yatır. Bu yaxınlarda bölgədə keçirilən mötəbər elmi toplantıda - beynəlxalq simpoziumda iştirak edən mütəxəssislərin yekun rəyləri də bundan ibarət olub ki, məmləkətimizin ayrılmaz bir parçası olan bu diyar bəşər sivilizasiyasının, mədəniyyətinin başlanğıc nöqtələrindən biridir. Bu qədim və kəşməkəşli tarixi isə sübut edən mənbələr, amillər də çoxdur: ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, erkən şəhər mədəniyyəti, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daşdan qoç heykəlləri, xatirə memarlığının ən mükəmməl nümunələri olan memarlıq inciləri...

Qazma, Əshabi-kəhf, Kilid mağaralarında daş dövrü mədəniyyətinin izləri aşkar olunub. Bu yerlərdə insanlar ibtidai icma dövründə yaşayıblar. Eramızdan əvvəl dördüncü minilliyin sonu və ikinci minilliyin əvvəllərində isə Naxçıvan ərazisində Oğlanqala, Qarabağlar, Çalxanqala, Govurqala kimi qala-şəhər məntəqələri fəaliyyət göstərib. Gəmiqaya rəsmləri kimi təsviri sənət abidələri, bədii tərtibatlı boyalı qablar, tunc məmulatları və sairə Naxçıvanın qədim tayfalarının həyat tərzini, dini-ideoloji və fəlsəfi-estetik dünyagörüşünü əks etdirir.

IX-XI əsrlərdə Azərbaycan feodal dövlətlərinin tərkibinə daxil olan Naxçıvan təkcə ayrılmaz parçası olduğu Azərbaycanın deyil, həm də Yaxın və Orta Şərqin gözəl və əzəmətli şəhərlərindən birinə çevrilir. O, böyük ticarət və sənaye, mədəniyyət mərkəzlərindən biri kimi şöhrət qazanır. XII əsrdə isə Naxçıvan Azərbaycanın Atabəylər-Eldəgizlər dövlətinin paytaxtına cevrildikdən sonra onun qüdrəti daha da artır. Regionda çoxəsrlik dövlətçilik ənənələrinin təməli də məhz o dövrdə qoyulur. Xalqımızın ümummilli lideri Heydər Əliyev tariximizin tədqiqi, öyrənilməsi və təbliği sahəsində bu amillə bağlı qarşıda duran vəzifələri aydın və konkret şəkildə göstərirdi: "Bugünkü Azərbaycanın böyük bir hissəsi, həm Naxçıvan tərəfdə olan hissəsi, həm də Araz çayının o tərəfindəki hissəsi Azərbaycan dövləti, Atabəylər dövləti olubdur. Ona görə də biz buna tarixi qiymət verməliyik".

Təbii ki, Atabəylər dövləti tariximizin və varlığımızın ən parlaq səhifələrindən birini təşkil edib. Xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvan MR-in 75 illik yubiley tədbirləri çərçivəsində Mömünə xatun türbəsi muzeyinin ekspozisiyası ilə tanış olarkən bununla bağlı deyib ki, bu abidə Atabəylər dövlətinin Azərbaycan dövlətçiliyini yüz illərlə dünyaya nümayiş etdirməsini, Atabəylər sülaləsinin, nəslinin Azərbaycan tarixində nə qədər böyük yer tutduğunu göstərir.

Ulu öndərin belə bir kəlamı da yaddaşlarda yaşayır: "Naxçıvan xanlığı da Atabəylər dövlətçiliyinin davamı kimi özünü göstəribdir. Naxçıvan xanlığı, Azərbaycanın başqa bölgələrinin xanlıqları Azərbaycan dövlətçiliyini təmsil ediblər, Azərbaycanı qoruyub yaşadıblar". Bu, ümummilli lider tərəfindən Naxçıvan xanlığının mövcudluğunun 81 illik tarixinə verilən qiymət olub.

Naxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulmuş, 1828-ci il fevral ayının 10-da imzalanmış Türkmənçay sülh müqaviləsi ilə fəaliyyəti dayandırılmışdır. 1828-ci il martın 21-də Naxçıvan və İrəvan xanlıqları rəsmi şəkildə ləğv edilərək Rusiyanın tərkibinə qatılmışdır.

Naxçıvan xanlığının fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. O dövrdə Naxçıvana rəhbərlik etmiş xanlar içərisində Kalbalı xanın, onun övladlarının xidmətləri xüsusilə qeyd edilməlidir. Xan sarayı da məhz bu dövrdə inşa olunub.

1820-ci ildən sonra Kalbalı xanın oğlanları Ehsan xan və İsmayıl xan bu binada Naxçıvan xanlığını idarə etmişlər. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulmuşdur. Bölmələrə giriş ikimərtəbəli, balkon tipli çatma tağlı dəhlizlərdən olub. Bölmələr arasında daxili keçid yaradılıb.

Onu da qeyd edıək ki, 9429 kvadratkilometr ərazini əhatə edən Naxçıvan xanlığı özünün dövlətçilik ənənələri, torpaqlarımızın qorunması ilə Azərbaycan dövlətçiliyinə çox böyük töhfələr vermişdir. Naxçıvan xanlığı ləğv olunduqdan sonra bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşdirilmiş, 1918-20-ci illərdə isə Naxçıvan Milli Müdafiə Şurasının qərargahı buraya köçürülmüşdür. Xan sarayı müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də, qorunub saxlanılmışdır. Son illərə qədər burada Xalça muzeyi fəaliyyət göstərmişdir.

Təbii ki, Naxçıvan xanlığının fəaliyyəti təkcə siyasi müstəvidə Azərbaycan dövlətçiliyinə verdiyi töhfələrlə bitmir. Eyni zamanda, Naxçıvan xanlığı böyük dövlət xadimləri, sərkərdələr yetişdirmişdir. Tək bir nəsildən 6 generalın, bir çox ictimai xadimin yetişməsi bu sülalənin - Kəngərlilərin Azərbaycanın tarixində nə qədər böyük yeri və rolu olduğunun göstəricisidir.

Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq Muxtar Respublika Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli sərəncamı ilə "Xan sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi yaradılıb. İndiyədək Xan evinin tanınan sarayda böyük həcmdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Gəmiqaya MMC-nin bərpaçı mütəxəssisləri bu tarixi binanın ruhunu və nəfəsini düzgün qiymətləndirərək onun əvvəlki görkəmini bərpa edə biliblər. Muxtar respublikanın elmi ictimaiyyəti də bu tədbirdə yaxından iştirak edib. Az vaxt ərzində müəssisənin normal fəaliyyəti üçün lazımi arxiv materialları və digər sənədlər toplanaraq muzeyə təhvil verilib.

Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 300-dən çox eksponat nümayiş olunur. Eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər çoxluq təşkil edir. Naxçıvan xanlarının şəcərə cədvəli, Naxçıvan xanlığının xəritəsi də ziyarətçilər tərəfindən maraqla qarşılanır. Burada nümayiş etdirilən müxtəlif kitablarda Naxçıvan xanlığının tarixi barədə ətraflı məlumatlar verilir.

Xan sarayının qarşısındakı yardımçı binalarda isə hədiyyələr mağazası və qədim musiqi alətlərinin hazırlanması sexi fəaliyyətə başlayıb. Keçmişdə bu otaqlardan saray xidmətçilərinin yaşayış yeri, ərzaq anbarı və mətbəx kimi istifadə olunurmuş. Sarayın həyətinə giriş portalı da burada yerləşir. O, sferik günbəzlə örtülmüş vestübüldən keçir. Hədiyyələr mağazasında müxtəlif əl işləri, regionun tarixindən bəhs edən kitablar, onun təbiətinin, təbiət və memarlıq abidələrinin əks olunduğu bukletlər satılır. Ən çox satılan hədiyyələr isə Naxçıvanın tarixi abidələrinin əks olunduğu maketlərdir.

Binada muzey işçiləri üçün normal iş otaqları ayrılmış, binanın daxili və fasadı milli ornamentlərlə bəzədilmiş, həyətdə geniş abadlıq işləri aparılmış, oturacaqlar qoyulmuş, müasir işıqlandırma sistemi yaradılmışdır.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2011.-12 mart.- S.7.