Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafında mühüm mərhələ

 

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bu istiqamətdə yeni vəzifələr müəyyənləşdirildi

 

Bakı şəhəri ilə hər bir azərbaycanlı qürür duyur, iftixar hissi keçirir. Hələ ötən əsrin 70-80-ci illərində - Azərbaycana birinci rəhbərliyi dövründə milli eksteryerə malik tikililərlə paytaxtı nəhəng inşaat meydanına çevirmiş ümummilli lider Heydər Əliyev bu gün hər bir azərbaycanlıda məmnunluq doğuran möhtəşəm inzibati binaların, sosial infrastruktur obyektlərinin, mədəniyyət abidələrinin əzəmətli memarı kimi dərin ehtiramla xatırlanır. Ulu öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də paytaxta daim xüsusi diqqətlə yanaşmış, onun inkişafı, müasirləşməsi və gözəlləşməsi üçün bütün zəruri tədbirləri görmüşdür.

Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya 2003-cü ilin 15 oktyabr prezident seçkilərindən sonra da uğurla davam etdirilir. Xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyev Azərbaycanın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlamış, bütün həyati əhəmiyyətli sahələrdə proqressiv islahatları təmin etməklə, ölkə vətəndaşlarının böyük rəğbətini qazanmış, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmişdir.

Bakı şəhərinin milli üslubda inkişaf etməsi, təmizliyi, gözəlliyi, müasirliyi ilə göz oxşaması üçün əlingən gələni əsirgəmir. "Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını görsünlər, bunu gündəlik həyatlarında hiss etsinlər" - deyən Azərbaycan Prezidenti bu məqsədə xidmət edən çoxşaxəli islahatları çevik və işlək mexanizmlər üzərində reallaşdırır, davamlı yüksəlişi təmin etmək üçün ölkənin daxili potensialını bu istiqamətə yönəldir.

Xatırlatmaq yerinə düşər ki, hələ 2005-ci il noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətində xüsusi toplantı keçirən Prezident İlham Əliyev ayrı-ayrı dövlət məmurlarını, qəsəbə ağsaqqallarını dinlədikdən sonra paytaxt və ətraf qəsəbələrin problemlərinin kompleks həllinə xidmət edən xüsusi dövlət proqramının hazırlanması təşəbbüsünü irəli sürmüşdür. Bu təşəbbüs əsasında hazırlanaraq 27 fevral 2006-cı il tarixdə imzalanmış "Bakı şəhərinin qəsəbələrinin (2006-2007-ci illər) sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın həyata keçirilməsi paytaxt və ətraf qəsəbələrin də sürətli inkişafına böyük təkan vermişdir. Proqram çərçivəsində paxtaxt rayonlarında tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi üçün çox iş görülmüşdür.

Nəticədə Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür. Son illər ərzində Bakı qəsəbələrində 34 məktəb, 18 tibb müəssisəsi tikilmiş, bir çoxları əsaslı şəkildə təmir edilmişdir. Paytaxtı içməli su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir.

Prezident İlham Əliyev Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair bu günlərdə keçirilən müşavirədə demişdir: "Bakının inkişafına çox böyük diqqət göstərilir. Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi səylərimiz öz nəticəsini verməkdədir. Şəhərimizdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm infrastruktur layihələri icra edilir. Bir daha demək istəyirəm ki, Bakı bu gün, sözün əsl mənasında, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bu, mənim qəti fikrimdir".

Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyev paytaxtda müxtəlif obyektlərin, yolların, körpülərin təməlqoyma və açılış mərasimlərində də iştirak etmiş, eyni zamanda, qarşıya çıxan problemlərin ən qısa zamanda həlli üçün müvafiq göstərişlər vermişdir. Bütün bunların nəticəsidir ki, son bir neçə ildə şəhərimizdə 23 yol ötürücüsü, körpülər, tunellər istifadəyə verilmiş, yolların genişləndirilməsi layihələri icra olunmuş, 32 piyada keçidi tikilmişdir. Ölkə başçısının diqqət və qayğısı paytaxt və paytaxtətrafı qəsəbələrin dinamik inkişafına, uzun illərdən yığılıb qalan bir çox problemlərin həllinə əsaslı təkan vermişdir. Başqa sözlə desək, Azərbaycanın müxtəlif guşələrində müşahidə olunan abadlıq, tərəqqi və yüksəliş Bakının simasında daha qabarıq görünür. Bakı özünün tarixi ənənələri, milli mədəniyyət nümunələri, mühüm coğrafi özəllikləri ilə seçilməklə yanaşı, həm də işgüzar insanların məskunlaşdığı məkan kimi getdikcə daha çox məşhurlaşır.

Mövcud potensialın səmərəli realizə edilməsi, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrası Bakı və onun qəsəbələrinin inkişafını şərtləndirən başlıca amillərdir. Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirməklə bərabər, dövrün tələblərinə uyğun olaraq Bakı şəhərinin və paytaxt qəsəbələrinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün qarşıya yeni vəzifələr qoyaraq adıçəkilən müşavirədə demişdir: "Bu gün verilən tapşırıqlar növbəti illərdə icra olunmalıdır. Şəhərimizdə bütün işlər yüksək səviyyədə görülməlidir, sakinlərin rahatlığı üçün bütün şərait yaradılır, yaradılacaqdır. Bakı şəhərinin qəsəbələrinin yeni inkişaf proqramının qəbul olunmasından sonra qəsəbələrə yeni həyat gələcək, güclü təkan veriləcəkdir. Bütün dövlət qurumları, yerlərdəki nümayəndələr bu proqramın icrasında fəal iştirak etməlidirlər. Bakı bizim paytaxtımızdır, doğma, əziz şəhərimizdir. Elə etməliyik ki, Bakı şəhərində bütün işlər yüksək səviyyədə görülsün".

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.-13 mart.- S. 1.