Daxili Qoşunlar daim Azərbaycan
xalqına və dövlətçiliyinə sədaqətlə
xidmət etmişdir
Martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 19-cu ildönümü münasibətilə qurumun "N" saylı hərbi hissəsində təntənəli mərasim keçirilmişdir.
Mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Türkiyə Jandarma Qüvvələri Baş Komandanlığının qərargah rəisi, general-polkovnik Fikrət Demirtaş və digər rəsmi şəxslər iştirak etmişlər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Məruzə ilə çıxış edən Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı fərmanla Azərbaycan Respublikası Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün - martın 12-si Daxili Qoşunlar Günü elan olunmuşdur. Daxili Qoşunlar ölkəmizin ictimai-siyasi həyatında baş verən bütün proseslərin bilavasitə iştirakçısı olmuş, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxmışdır. Daxili Qoşunların əsgərləri Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq nümunələri göstərmişlər. Ümumiyyətlə, döyüş əməliyyatları aparılan müddətdə Daxili Qoşunların şəxsi heyətindən 496 nəfər həlak olmuş, 1166 nəfər yaralanmış, 268 nəfər itkin düşmüş, 9 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Həlak olan igid oğulların bir çoxunun adı əbədiləşdirilmişdir.
Qarşıda duran vəzifələrdən danışan Zakir Həsənov bildirmişdir ki, Daxili Qoşunların Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etməsi, fədakarlığı ümummilli lider Heydər Əliyevin, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqətindən kənarda qalmamış, bir çox hərbi qulluqçu dövlət mükafatlarına layiq görülmüşdür.
Daxili Qoşunların bu gün yüksək döyüş hazırlığına malik bir qurum olduğunu deyən Z.Həsənov bildirmişdir ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin Silahlı Qüvvələrə diqqəti və qayğısı nəticəsində Daxili Qoşunlarda davamlı olaraq inkişaf prosesi gedir. Bu gün qoşunlarda aparılan islahatlar, döyüş hazırlığı, maddi-texniki təminat, hərbi qulluqçuların sosial vəziyyəti və digər proseslər baxımından son 7-8 il yeni inkişaf dövrü kimi xarakterizə olunur. Daxili Qoşunlar qarşıya qoyulan xidməti vəzifələrini tam yerinə yetirməyə qadirdir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bayram münasibətilə şəxsi heyətə təbriklərini və xoş arzularını çatdırmışdır.
Nazir bildirmişdir ki, dövlətimizin başçısı Azərbaycanın Silahlı Qüvvələrinin tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsinə, peşəkarlığının yüksəldilməsinə daim diqqət və qayğı göstərir. Silahlı Qüvvələrimizin formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərini vurğulayan R.Usubov demişdir ki, Daxili Qoşunların şəxsi heyəti milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır və ölkədə daxili sabitliyin qorunmasında əsas qüvvələrdən birinə çevrilmişdir.
Nazir demişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları qısa zamanda böyük bir inkişaf yolu keçmişdir. 1990-cı ilin əvvəllərində formalaşmış Daxili Qoşunlar torpaqlarımızın qorunmasında fədakarlıq göstərmiş, yüzlərlə şəhid vermiş və sonrakı illərdə Azərbaycanın müstəqilliyinin, daxili sabitliyin qorunmasında əzmkarlıq nümayiş etdirmişdir. Daxili Qoşunlar yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığı yüksək olan bir quruma çevrilmişdir. Qoşunların bütün şəxsi heyəti Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqət nümayiş etdirir. Keçilmiş yola nəzər salanda görürük ki, Azərbaycan xalqına, dövlətçiliyinə xidmət Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olmuşdur.
Prezident İlham Əliyevin qayğısı nəticəsində Daxili Qoşunların sosial problemlərinin son 6-7 ildə çox sürətlə öz həllini tapdığını vurğulayan nazir bildirmişdir ki, zabit evlərinin tikilməsi, əsgər yataqxanalarının istifadəyə verilməsi buna bariz nümunədir.
Daxili Qoşunların qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəldiyini deyən Ramil Usubov Türkiyə Jandarma Qüvvələri Baş Komandanlığının qardaşlıq yardımının bu gün də davam etdiyini bildirmişdir.
Nazir Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki, Daxili Qoşunların şəxsi heyəti bundan sonra da qarşıda duran bütün vəzifələri yüksək səviyyədə yerinə yetirəcək, Azərbaycan dövlətinə, dövlətçiliyinə, Vətənə, Ali Baş Komandana sədaqətli xidmətini davam etdirəcəkdir.
Nazir Daxili Qoşunların qərargah rəisinin birinci müavini Şahin Məmmədova Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə general-mayor rütbəsi verilməsi haqqında rəsmi sənədi, xidmətdə fərqlənmiş hərbi qulluqçulara medallar, bir qrup hərbçiyə rütbə və mükafatlar təqdim etmişdir.
Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov Türkiyə Jandarma Qüvvələri Baş Komandanlığının qərargah rəisi, general-polkovnik Fikrət Demirtaşı "Xidmətdə fərqlənməyə görə" döş nişanı ilə təltif etmişdir.
Şəxsi heyətin təntənəli marşla keçidindən sonra nümunəvi çıxış olmuşdur.
Daha sonra tədbir iştirakçıları Daxili Qoşunların istifadə etdiyi silah və texnikaya, həmçinin əsgər yataqxanalarına baxış keçirmiş, əsgərlərlə birgə nahar etmişlər.
AzərTAc
Azərbaycan.- 2011.-13 mart.- S. 3.