Əbədiyyətə aparan yollar

 

Orijinal yazı üslubu bitkin yaradıcılığı ilə ədəbiyyatımıza maraqlı mövzular bəxş edən, mükəmməl məqalələri ilə publisistikamızı zənginləşdirən, aktual dramları ilə səhnəmizə yeni nəfəs gətirən yazıçı Nahid Hacızadə ömrünün 75-ci baharını qarşılamaqdadır. Bu illər ərzində oxucu rəğbəti qazanan, sevilən səmimiyyəti ilə seçilən Nahid Hacızadə ona bəxş olunan ömür yolunun bütün döngələrini təmkinlə keçməyi bacardı.

Ədəbiyyata gəldiyi gündən qələminə sadiq qalan bu yazıçının bioqrafiyasını vərəqlədikcə heyrətlənməyə bilmirsən. Hansı mövzuya müraciət edibsə, yaradıcılıq bəhrəsi uğurlu alınıb. Bəzən bu müəllifi necə təqdim etməkdə çətinlik çəkirsən. Uzun illər Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Komitəsində çalışıb. Redaktorluqdan şirkətin sədr müavini vəzifəsinə qədər şərəfli bir yol keçib. Neçə-neçə verilişlər, proqramlar, tamaşalar məhz onun imzası ilə ekran, efir həyatı alıb. Haqqında fikir söyləyənlər çox haqlı olaraq Nahid Hacızadəni Azərbaycan televiziyasında epoxa adlandırıblar. Bu da təsadüfi deyildir. Ustad sənətkarın ömrünün az qala, 40 ilə yaxını radio televiziya ilə bağlı olub. Nahid Hacızadə bu sahədə bir məktəbdir. Ondan öyrənməyə dəyər.

Əlbəttə, görkəmli yazıçımızın fəaliyyəti təkcə radio televiziya ilə məhdudlaşmır. Hər şeydən öncə, Nahid Hacızadə nasirdir. O, ədəbiyyata 1969-cu ildə "Ulduz" jurnalında çap edilən "Lirik miniatürlər" gəlib. İlk kitabı da 1972-ci ildə "Gənclik" nəşriyyatında çap edilib. "Bir ana tanıyırdım" adlanan bu əsəri ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılandı qədəmləri yüngül oldu. Beləliklə, yazıçının dalbadal kitabları çap edilməyə başladı. Bu elə bir zaman idi ki, Nahid Hacızadənin işıq üzü görən kitabları 20, 30, 40, 45 min tirajla çap edilirdi. Bəzən kitab mağazalarında onu əldə etmək müşkülə dönürdü. Yazıçının müxtəlif illərdə yazdığı hekayə povestləri təkcə Azərbaycanda deyil, o vaxt Sovet İttifaqının mərkəzi mətbuat orqanı sayılan "Moskovskiy komsomolets" qəzetində, "Nedelya" həftəliyində, "Oqonyok" jurnalında dərc olunurdu. Nahid Hacızadəni milyonlarla insan oxuyurdu. Ötən əsrin 70-80-ci illərində yazıçının kitabları Moskvadakı "Sovetski pisatel" nəşriyyatında rus dilində nəşr olunurdu. Azərbaycanlı müəllifin əsərləri vətənin sərhədlərini aşaraq dünya xalqlarının dillərinə tərcümə edilirdi.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev yazıçı haqqında qələmə aldığı məqalələrinin birində maraqlı məqama toxunub: "Deyirlər, insan öz zamanının övladı olur. Burada bir həqiqət vardır. İnsan bəzən zamanın burulğanlarında, gündəlik qayğıların məngənəsində mütiləşir, sınır, zamanın hökmünə boyun əyərək dövrünün övladına çevrilir... Nahid müəllim "zamanın övladı" olmaqdan üstün çıxdı". Bəlkə elə bu məziyyətinə görə Nahid Hacızadə Azərbaycan ədəbiyyatının solmayan səhifələrini yazanlardan biridir. "Ölən əsərlər" müəllifi olmamaq, həqiqətən, qələm sahibi üçün bir şərafətdir.

Nahid Hacızadə 1936-cı il martın 14-də Azərbaycanın dilbər guşəsi olan Gədəbəyin Düz Rəsullu kəndində anadan olub. Orta məktəbi Tovuzda bitirib. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, burada Əli Sultanlı, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Məmməd Cəfər, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib kimi görkəmli ədəbiyyatşünas alimlərdən dərs alıb. Bu şəxsiyyətlər elə bir ziyalı ordusu idi ki, onlarla sadəcə təmas qurmağın özü böyük bir məktəbə bərabər olurdu. Ali məktəbi bitirdikdən sonra ilk yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, hazırda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktorudur.

Yazıçı ömrünü ləyaqətlə yaşamağı bacaran Nahid Hacızadə həm görkəmli dramaturqdur. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan Bakı teatrlarında tamaşaya qoyulub. "Qisas qiyamətə qalmaz" pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub. Xalq şairi Bəxtiyar Vahabzadə o zaman (1995) bu əsərə tamaşa etdikdən sonra bir məqaləsində yazırdı: "Qisas qiyamətə qalmaz" tamaşası bugünün səsi kimi milli teatrımızdakı böyük boşluğu doldurur. Bu tamaşa əli qələm tutan bütün dramaturqlarımızı silkələməli, milli teatrımızın böyük ənənəsini yeni əsərlərlə özünə qaytarmalıdır". Unudulmaz xalq şairini məftun edən Nahid Hacızadənin əsərindəki kökə bağlılıq, vətənə məhəbbət bu duyğuların səhnədə uğurlu həlli idi.

Nahid Hacızadənin ssenariləri əsasında həm 30-a yaxın sənədli bədii televiziya filmi çəkilib. Müəllifin "Son qəmin olsun, Vətən!", "Qayalarda qalan səs" "Yaşa, ey haqq" filmləri Qızıl Fonda daxil edilib. Maraqlıdır ki, Nahid Hacızadə lap gənclik çağlarından poeziyaya maraq göstərib. Onun şeirlərinə çoxlu sayda mahnılar bəstələnib. Tanınmış bəstəkarlardan Hacı Xanməmmədov, Adil Bəbirov, Cavanşir Quliyev, Tahir Əkbər, Səyavuş Kərimi onun sözlərinə musiqi libası biçiblər. Bəstəkar Eldar Mansurov Nahid Hacızadənin sözlərinə bəstələdiyi "Qalx, qalx, ulu torpaq!" mahnısı xalq artisti Mübariz Tağıyevin ifasında neçə illərdir ki, əzəmətlə səslənməkdədir. Bu mahnı Qarabağ müharibəsinin, müqəddəs torpaqlarımızın hünər rəşadət himni kimi sevilir.

Təbiətindəki səmimiyyət qələminin vasitəsilə sözünə keçən bunun da nəticəsində dəyərli əsərlər yaradan Nahid Hacızadə söyləyir: "Tanrıma, taleyimə minnətdaram ki, ömrün bu çağına məni yetirdi". Yəqin ki, bu şükranlığın içində müstəqil Azərbaycanın buxovlardan azad olunduğu günün şərafəti var. Mənəvi zənginliyi, qələminə sədaqəti məsuliyyəti ilə fərqlənən Nahid Hacızadə Azərbaycanın əməkdar mədəniyyət işçisidir. Onun keçdiyi mənalı həyat yolu çoxumuza örnəkdir. Sözünün kölgəsi olan yazıçıdır. Bu nəcabət hər kəsə nəsib deyil. Adətən, yazıçının yaradıcılığını təhlil edərkən əsərlərin say həcmi önəmli deyil. Dəyərləndirmə mövzuya, dilə üsluba görə aparılır. Çox fərəhli bir haldır ki, Nahid Hacızadə bütün yaradıcılığı boyu doğma dilimizin keşiyində əsl əsgər kimi dayanıb. Bu səbəbdən yazdıqları maraqla qarşılanıb.

Özü demişkən, könlündə qalın-qalın cildlərə sığmayan xatirələr uyuyur. Doğrudur, hərdən ayrı-ayrı sənətkarların yubileyləri, anım günləri ilə bağlı yaddaşını silkələyərək gözəl təəssüratlar, əhvalatlar qələmə alaraq mətbuatda çap etdirir. Məhz bu xatirələrin sayəsində biz neçə-neçə görkəmli şəxsiyyətin sözlə yaradılmış bitkin portretini görürük. Nazim Hikmət, Əli Vəliyev, Mir Cəlal, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Əli Kərim, Şahmar Əkbərzadə onlarca başqa unudulmaz insanlar haqqında Nahid Hacızadə oxucularına özünəməxsus şəkildə maraqlı əhvalatlar danışır. Onların istedadından, qabiliyyətindən söz açmaqla bərabər, insani məziyyətləri ilə oxucuları tanış edir. Hətta çox hallarda hansısa bir əsərin yazılma səbəblərindən maraqlı məlumatlar verir. Əsl qələm sahibləri sözlə insanlıq abidəsi ucaldırlar. Bizlər bu abidənin qarşısında dayanaraq onu ədəbi-bədii meyarlar baxımından qiymətləndirməyə çalışırıq. Müəllifin oxucunun unutduğu olur? Bu, zamanın hökmündədir. Bizim bildiyimiz odur ki, Nahid Hacızadənin əsərlərini oxuyarkən müəllifin əbədiyyətə uzanan yollarda yorulmazlığını duyuruq. Bəlkə elə ona görə yoldaşlarından olan Nəzakət xanım qələmə aldığı "75 bahar" şeirində ehtiram məhəbbətlə söyləyir:

 

75 bahardır sən yol gəlirsən,

Yollar yol yorğunu etməyib səni.

Dağlardan süzülən bulaq kimisən,

Tikanlar yolunda bitməyib sənin.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-13 mart.- S. 4.