Mədəni irsə vətəndaşlıq
qayğısı
"Xalq Bank"ın təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən "Xalq əmanəti" layihəsi çərçivəsində Dövlət mükafatı laureatı, xalq rəssamı, "Şöhrət" ordenli Maral Rəhmanzadənin əsərlərindən ibarət sərginin açılışı və fırça ustasının yaradıcılığını əks etdirən toplunun təqdimat mərasimi keçirildi.
Tədbirdə Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, məşhur memar Eldar Ömərov və başqaları çıxış edərək Maral Rəhmanzadənin yaradıcılığından Azərbaycan təsviri incəsəntinə verdiyi töhfələrdən söz açdılar.
Xatırladaq ki, "Xalq Bank" 2010-cu ildən başlayraq xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə çatdırılması, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədilə "Xalq əmanəti" adlı mədəniyyət layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, incəsənət və elm xadimlərinin əsərləri, eləcə də folklor nümunələri nəfis tərtibatda nəşr olunaraq sənətsevərlərin ixtiyarına verilir. Layihənin ilk buraxılışı xalq rəssamı Böyükağa Mirzəzadəyə, ikinci nəşri isə xalq şairi Məmməd Araza həsr olunmuşdu. Yüksək bədii dəyəri, nəfis poliqrafik tərtibatı ilə diqqət çəkən hər iki kitab geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılandı.
Bir məsələni də qeyd edək ki, "Xalq əmanəti" layihəsi çərçivəsində çap edilən kitablar, toplular, bədii albomlar müxtəlif dillərdə nəzərdə tutulur. "Maral Rəhmanzadə" adlı yeni bədii toplu isə üç dildə - Azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb. Burada rəssamın bütün əsərlərinin fotoəksi var. Yaradıcılığı haqqında da oxuculara məlumat verilir.
"Xalq əmanəti" layihəsi əsasında tərtib olunan bu kitablar hədiyyəlikdir. Təqdiralayiqdir ki, bu nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evlərinə, kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. "Xalq əmanəti" layihəsi xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi işinə "Xalq Bank"ın çox gözəl bir töhfəsidir. Gərəkdir ki, bu xeyirxah işdən çoxu nümunə götürsün.
Azərbaycan.- 2011.- 13
mart.- S. 4.