Türkiyəli rəssam Naxçıvanda

 

Türkiyəli xanım rəssam Burcu Şahinin qardaş ölkənin Naxçıvandakı baş konsulluğunda sərgisi təşkil olunmuşdur.

Sərgiyə baxışdan əvvəl baş konsul Ayhan Enginar məlumat vermişdir ki, Burcu Şahin 1957-ci ildə Türkiyənin Muğla şəhərində anadan olmuş, İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasını bitirmişdir. Burcu xanım gənc yaşlarından Türkiyənin tanınmış rəssamlarından birinə çevrilmişdir. Onun xarici ölkələrdə təşkil olunmuş sərgiləri də maraqla qarşılanmışdır. Natiq vurğulamışdır ki, Türkiyə Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında siyasi, iqtisadi, turizm, ordu quruculuğu, mədəniyyət sahələrində sıx münasibətlər mövcuddur və əlaqələrimiz dinamik şəkildə inkişaf edir. Təşkil olunan bu sərgi də mədəni əlaqələrin möhkəmliyindən xəbər verir.

Burcu Şahin bildirmişdir ki, Naxçıvanı görmək onun çoxdankı arzusu idi. Bu gün isə bu qədim diyarda olmaqdan məmnundur və sərgisinin təşkili üçün qürur hissi keçirir.

Sonra sərgiyə baxış olmuşdur.

 

 

Azərbaycan.- 2011.-13 mart.- S. 4.