Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı
Martın 14-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və İsveçrə Prezidenti Mişelin Kalmi-Rey mətbuata bəyanatlarla çıxış etmişlər.
- Hörmətli xanım Prezident!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Xanım Prezident, sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Sizi ölkəmizdə görməyimə çox şadam. Biz, sizin səfərinizə böyük önəm veririk. Bu, əlaqələrimizin çox sürətlə və uğurla inkişaf etdiyini nümayiş etdirir. Biz artıq vacib ikitərəfli səfərləri həyata keçirmişik. Mən ölkənizə rəsmi səfərimi və apardığımız danışıqları xatırlayıram. Biz bu ilin əvvəlində Davosda da görüşdük və çox səmərəli danışıqlar apardıq. Biz bu gün bu dialoqu davam etdirdik və ikitərəfli əlaqələrlə, o cümlədən regional inkişafla bağlı bir sıra əhəmiyyətli məsələləri müzakirə etdik.
İkitərəfli əlaqələrimiz çox uğurla inkişaf edir və qeyd etdiyim kimi, aramızda çox faydalı və vacib siyasi dialoq mövcuddur. Biz bu gün, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızı müzakirə etdik. İqtisadi əlaqələrimizi inkişaf etdirmək üçün bu sahədə qarşılıqlı güclü maraqlarımız vardır. Bunun artıq yaxşı nəticələri mövcuddur. Biz İsveçrədən Azərbaycan iqtisadiyyatına, xüsusilə də qeyri-enerji sektoruna sərmayə qoyuluşlarını alqışlayırıq. Ümid edirəm ki, biz yaxın illərdə buna bənzər bir çox halları görəcəyik. Bu gün mən xanım Prezidentlə apardığım danışıqlar zamanı İsveçrə şirkətlərini ölkəmizdə müxtəlif infrastruktur layihələrində iştirak etmək üçün podratçı qismində Azərbaycana dəvət etdim ki, bu şirkətlər ölkəmizdə daha çox fəaliyyət göstərsinlər. Azərbaycan şirkətləri İsveçrədə sərmayə layihələrində iştirak etməyi arzulayır. Bizim Dövlət Neft Şirkəti artıq İsveçrədə ticarət əməliyyatları və neft təchizatı sahəsində fəal surətdə işləyir. Əlbəttə ki, ikitərəfli gündəliyimizin əsas hissəsini "Cənub enerji dəhlizi"nə aid müzakirələrin, o cümlədən Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının təşkil etdiyini nəzərə alsaq, gələcəkdə enerji sahəsində daha geniş və əhatəli əməkdaşlığımızın olacağına əminəm. Azərbaycan "Cənub dəhlizi"ni dəstəkləyir və biz həmin dəhlizə aid olan bütün layihələrə, o cümlədən İsveçrənin iştirak etdiyi Transadriatik layihəsinə dəstək veririk. Hesab edirəm ki, bu layihənin çox yaxşı gələcəyi vardır. Həmin xüsusi məsələ ilə bağlı şirkətlər arasında danışıqlar gedir.
Eyni zamanda bilirsiniz ki, bu ilin əvvəlində Azərbaycan Avropa Komissiyasının sədri cənab Barrozunun ölkəmizə səfəri zamanı enerji əməkdaşlığı haqqında bəyannaməni imzaladı. Hesab edirəm ki, bu, "Cənub dəhlizi"nin inkişafında olduqca mühüm və praktiki addım ola bilər. Bizim nəhəng neft və qaz ehtiyatlarımız vardır. Onlar bizə onilliklər boyu kifayətdir. Bizim artıq şaxələndirilmiş təchizat infrastrukturumuz da mövcuddur. Bu infrastruktur genişləndirilə, onun imkanları artırıla və yaxud da yeni qaz kəmərləri çəkilə bilər. Bu sahədə çox ciddi və mühüm əməkdaşlığa başlamaq üçün istehlakçılar və hasilatçılar arasında qarşılıqlı maraq mövcuddur. Eyni zamanda, ölkələrimizin xalqları arasındakı təmaslara da çox böyük əhəmiyyət veririk. Fikrimcə, insanlarımız bir-birini nə qədər çox tanısa, bir-birini görmək üçün nə qədər çox səfər etsə, bizim üçün bir o qədər yaxşıdır. Beləliklə, aramızda daha çox anlaşma və əməkdaşlıq olar.
Münasibətlərimiz hər zaman yaxşı və müsbət olub. Lakin deyə bilərəm ki, son bir neçə il ərzində biz ikitərəfli əlaqələrimizdə çox sürətli inkişafı görürük və qeyd etdiyim kimi, xanım Prezidentin ölkəmizə səfəri həmin qarşılıqlı marağın təzahürüdür.
Bu gün biz regional inkişafa və vəziyyətə, o cümlədən regional əməkdaşlığa və təhlükəsizliyə aid məsələləri də təfərrüatı ilə müzakirə etdik. İsveçrə Cənubi Qafqaz regionunda olduqca fəaldır. Biz İsveçrənin münaqişələrin sülh yolu ilə həllinə yönələn səylərini yüksək qiymətləndiririk. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların ən son durumu haqqında xanım Prezidentə məlumat verdim. Ümidvar olduğumu bildirdim ki, Ermənistan danışıqlar zamanı özünü konstruktiv aparacaq və işğal olunan torpaqlardan işğalçı qüvvələrin çıxarılmasını tələb edən beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirməyə başlayacaqdır. Bütün mühüm beynəlxalq təşkilatlar bu məsələnin həlli ilə bağlı siyasi mövqeyini bildiriblər. BMT-nin Təhlükəsizlik Şurasının işğal olunan ərazilərdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi vardır. ATƏT-in qərarları, Avropa Şurası və Avropa Parlamentinin qətnamələri, İslam Konfransı Təşkilatının qərarlarında Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması tələb edilir. Minsk qrupu 19 ildir ki, fəaliyyət göstərir. Təəssüflər olsun ki, heç bir praktiki nəticə yoxdur. Status-kvonun dəyişdirilməsi, qaçqın və məcburi köçkünlərin həmin işğal edilmiş ərazilərə qayıdışına başlamaq üçün vaxt yetişib. Bu, onların öz torpaqlarında yaşamaq üçün fundamental hüquqlarıdır.
Ermənistan
silahlı qüvvələri uzun müddətdir ki, onları
bu hüquqdan məhrum edib. Əfsuslar olsun ki,
danışıqlar zamanı əldə edilən
razılaşmalar və qəbul edilən bəyannamələr
Ermənistan tərəfindən pozulur. Ən son misal Prezident Medvedevin
Soçidə təşkil etdiyi görüş oldu. Bu
görüşün nəticəsi olaraq etimadın
yaradılması tədbirləri və hər bir məsələni
sülh yolu ilə həll etmək cəhdinə dair niyyətlə
bağlı birgə bəyannamə imzalandı. Təəssüf
ki, bundan üç gün sonra ermənilər doqquz
yaşlı oğlanı qətlə yetirdilər. Doqquz
yaşlı oğlan əsgər deyil, o, uşaqdır. Bəs
onda belə zorakılıq aktına əl atan tərəfə
biz necə etimad göstərə bilərik?! Bu halda hədəfdə
mülki şəxslər, xüsusən də adi
uşaqdır. Bu, onu göstərir ki, Ermənistan tərəfi
hətta öz imzasına və bəyannaməsinə belə
hörmət etmir. Bu, qarşılıqlı etimad səviyyəsini
ciddi şəkildə azaldır və gözlənilməz nəticələri
olacaq vəziyyət yarada bilər. Biz ermənilərdən
mülki şəxslərimizə qarşı xüsusi qəddarlıqla
edilən hücumlara son qoymağı tələb edirik.
Çünki bu, nə birinci haldır, nə də ki, ola
bilsin sonuncu. Biz tərəfdən heç vaxt mülki şəxslərə,
o cümlədən uşaqlara qarşı belə hərəkətlər
edilməyib. Münaqişə beynəlxalq hüququn norma və
prinsipləri əsasında öz həllini tapa bilər.
Danışıqların hazırkı formatı sülh yolu
ilə nizamlanmaya apara bilər. Bunu etmək üçün
Ermənistan tərəfinin beynəlxalq təşkilatların
qətnamələrini yerinə yetirmək və
danışıqların ruhu və formasına uyğun
davranmaq üçün siyasi iradəsi olmalıdır. Bu
gün müzakirə olunan məsələlər sülh yolu
ilə nizamlanmaya, ərazi bütövlüyünün bərpasına,
eləcə də bütün qaçqın və məcburi
köçkünlərin öz doğma yurdlarına qayıdışına
apara bilər. Biz, eyni zamanda, Dağlıq Qarabağa
özünüidarəetmə statusunu güclü siyasi və
təhlükəsizlik zəmanətləri ilə verə bilərik.
Bu düstur müzakirə olunmaqdadır.
Danışıqlarda konstruktiv mövqe tutan Azərbaycan,
danışıqları bu formatda davam etdirməyə
hazırdır.
Mən xanım Prezidentə
danışıqların hazırkı durumu haqqında məlumat
verdim, həmçinin ümidvar olduğumu bildirdim ki, biz irəliləyişin
şahidi olacağıq, çünki biz vaxt itirə bilmərik.
Son illər ərzində, xüsusən də 2010-cu ildə
çox vaxt itirilmişdir. Fikrimcə, 2010-cu il itirilmiş
imkanlar ili oldu. Zənnimcə, əvvəlki illə müqayisədə
Ermənistan tərəfi daha aydın şəkildə
anlayacaq ki, regionda sülh və sabitliyin bərqərar
olması üçün yeganə yol işğal edilən ərazilərdən
çıxmağa başlamaqdır.
Bir daha qeyd etmək istəyirəm
ki, İsveçrə ilə münasibətlərimiz bizim
üçün olduqca vacibdir. Əminəm ki, xanım
Prezidentin səfərindən sonra bu münasibətlər
davamlı şəkildə uğurla inkişaf edəcək və
biz əməkdaşlıq üçün bir çox digər
sahələri müəyyən edəcəyik. Ölkələrimiz
bir-birinə daha da yaxınlaşacaq və biz gələcəkdə
daha yaxşı nəticələr görəcəyik.
Sağ olun.
Azərbaycan.- 2011.-15 mart.- S. 2.