İsveçrə Azərbaycan ilə
əməkdaşlığa böyük maraq göstərir
Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey martın 14-də Milli Məclisə gəlmişdir.
Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov, sədrin müavinləri və digər rəsmi şəxslər qarşılamışlar. İsveçrə Konfederasiyasının Prezidenti parlamentin iclas zalı və Heydər Əliyev xatirə zalı ilə tanış olmuşdur.
Sonra Prezident Mişelin Kalmi-Rey Oqtay Əsədovla görüşmüşdür.
Milli Məclisin Sədri bu cür görüşlərin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir. Qeyd etmişdir ki, dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir.
Azərbaycan ilə İsveçrə arasında imzalanmış 22 sənəd siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələrimizin möhkəm hüquqi təməlini yaratmışdır. İqtisadi sahədə əlaqələrimizin daha da inkişafı üçün geniş imkanlar vardır. Bu sahədə Ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiya mühüm rol oynayır.
Parlamentlərin əlaqələrimizin inkişafında mühüm rol oynadığını vurğulayan O.Əsədov hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, deputatlarımızın qarşılıqlı səfərləri münasibətlərimizin daha da dərinləşməsinə müsbət təsir göstərir.
Regiondakı mövcud münaqişələrin Azərbaycanın, eləcə də bölgənin Avropaya inteqrasiyasına böyük maneə törətdiyini diqqətə çatdıran O.Əsədov bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ən ağrılı problemidir. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, hələlik bu istiqamətdə müsbət nəticə əldə edilməmişdir. Biz beynəlxalq birliyin, o cümlədən İsveçrənin də dəstəyi ilə problemin tezliklə öz ədalətli həllini tapacağına inanırıq.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey Azərbaycanda gördüyü inkişafdan məmnunluğunu ifadə etmişdir. Səfər çərçivəsində keçirdiyi görüşlərdən söhbət açan qonaq aparılan danışıqların əlaqələrimizin inkişafına müsbət təsir edəcəyinə inamını ifadə etmiş, siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərin daha da dərinləşməsi üçün mövcud potensialdan istifadə edilməsinin əhəmiyyətini vurğulamışdır. Ali qonaq qeyd etmişdir ki, təkcə neft sektorunda deyil, digər sahələrdə də əməkdaşlıq üçün geniş imkanlar vardır. İsveçrə Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərir.
Xanım Mişelin Kalmi-Rey ölkənin xarici siyasətinin formalaşmasında parlamentin rolunu xüsusi dəyərləndirmişdir.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının region üçün böyük əhəmiyyət daşıdığını ifadə edən İsveçrə Prezidenti problemin tezliklə sülh yolu ilə aradan qaldırılması üçün ölkəsinin hər cür dəstək göstərməyə hazır olduğunu söyləmişdir.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-15 mart.- S. 3.