Azərbaycan ATƏT və onun ayrı-ayrı strukturları ilə əməkdaşlığa böyük önəm verir

 

Martın 14-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis ilə görüşdü. Qonağı salamlayan Oqtay Əsədov bildirdi ki, demokratik, dünyəvi dövlət olan Azərbaycan ATƏT və onun ayrı-ayrı strukturları ilə əməkdaşlığa böyük önəm verir. İnanırıq ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıya səfəri Azərbaycan ilə bu qurum arasında əlaqələrin inkişafına töhfə verəcəkdir.

Milli Məclisin Sədri bildirdi ki, ATƏT-in əsas vəzifələrindən və fəaliyyət istiqamətlərindən biri bu məkanda mövcud münaqişənin həllidir. Azərbaycanın üzləşdiyi ən ağrılı problem, Dağlıq Qarabağ münaqişəsindən söz açan Oqtay Əsədov dedi ki, 17 ildir ATƏT-in Minsk qrupu bu problemin həlli ilə məşğul olsa da, hələ ki irəliləyiş yoxdur. Buna səbəb Ermənistanın qeyri-konstruktiv mövqeyi və BMT, Avropa Şurası, İKT kimi beynəlxalq təşkilatların qəbul etdikləri qərarlara məhəl qoymamasıdır. Hesab edirik ki, ATƏT, eləcə də digər beynəlxalq qurumlar bu istiqamətdə fəaliyyətlərinin səmərəliliyini daha da artırmalıdırlar.

Görüşdə Oqtay Əsədov Azərbaycanla Litva arasındakı əlaqələrə də toxundu, ölkələrimizin münasibətlərinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük rol oynadığını dedi. Milli Məclisin Sədri iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın səviyyəsini də yüksək qiymətləndirdi.

ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis səmimi görüş üçün təşəkkürünü bildirdi. ATƏT-in əsas fəaliyyət istiqamətlərindən birinin məhz dondurulmuş münaqişələrin həllinə töhfə vermək olduğunu vurğulayan A.Ajubalis dedi ki, Bakıya səfərinin əsas məqsədlərindən biri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparmaqdır.

Sonra görüşdə ATƏT ilə Azərbaycan, eləcə də Milli Məclislə Litva Seymi arasında əlaqələrin inkişaf perspektivləri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2011.-15 mart.- S. 4.