Azərbaycanda səfərdə
olan ATƏT-in sədri Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması ilə
bağlı müzakirələr aparmışdır
Martın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan ATƏT-in sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdən sonra keçirilən birgə mətbuat konfransında müzakirə olunan məsələlərlə bağlı ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, görüşdə Azərbaycan ilə Litva arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri, ölkəmiz ilə ATƏT arasında əməkdaşlıq, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin həllində ATƏT-in rolu və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Bakıda keçirdiyi görüşlərin nəticələrindən razı qaldığını qeyd edən A.Ajubalis demişdir ki, Azərbaycanda korrupsiya ilə mübarizə istiqamətində də görülən işlər təqdirəlayiqdir.
ATƏT-in fəaliyyətdə olan sədri vurğulamışdır ki, görüşdə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində aparılan danışıqların qarşısını alan maneələri dəf etmək məsələləri müzakirə olunmuşdur.
A.Ajubalis Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünün nəticələrinin müzakirə edildiyini vurğulamış, bunu növbəti danışıqlar üçün irəliyə atılan addım kimi qiymətləndirmişdir.
Təmas xətti
yaxınlığında azərbaycanlı uşağın qətlə
yetirilməsini faciəvi hadisə adlandıran ATƏT-in fəaliyyətdə
olan sədri, snayperlərin cəbhə bölgəsindən
geri çəkilməsinin vacibliyini
vurğulamışdır. A.Ajubalis demişdir: "Mən Ermənistandakı
görüşlərimdə də bununla bağlı
danışıqlar aparacağam".
Azərbaycan.- 2011.-15 mart.- S. 4.