Azərbaycanla Mərakeş arasında əlaqələr inkişaf edir

 

Martın 14-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Mərakeşin ədliyyə naziri Məhəmməd Nəsirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Ziyafət Əsgərov bildirdi ki, Azərbaycanla Mərakeş arasında qardaşlıq münasibətləri mövcuddur. Münasibətlərin bu səviyyəyə çatması dövlət başçılarının uğurlu xarici siyasətinin göstəricisidir. Bu siyasətə uyğun olaraq ölkələrimizin ayrı-ayrı dövlət qurumları arasında əlaqələr genişlənməkdədir.

Mərakeş ədliyyə nazirinin səfəri zamanı ölkələrimiz arasında imzalanan sənədləri yüksək qiymətləndirən Ziyafət Əsgərov parlamentlərarası əlaqələrə də toxundu. Ötən ilin sentyabrında Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radinin ölkəmizə səfərini xatırladan birinci vitse-spiker qanunverici orqanlar arasındakı əlaləqlərin dövlətlərarası münasibətlərdə mühüm rol oynadığını dedi. Həm qarşılıqlı səfərlərin, həm də hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsinin dövlətlərimiz arasında əlaqələrin inkişafına dəlalət etdiyini deyən Ziyafət Əsgərov elm, təhsil və digər sahələrdə də əməkdaşlığın vacibliyini bildirdi.

Görüşdə Dağlıq Qarabağ problemindən də söz açıldı. Ziyafət Əsgərov həm Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini, həm də ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəklədiyinə görə Mərakeş rəhbərliyinə təşəkkürünü ifadə etdi. Öz növbəsində Azərbaycanın da Qərbi Səhra probleminin həllində Mərakeşin mövqeyini müdafiə etdiyi qonaqların diqqətinə çatdırıldı.

Görüş üçün təşəkkürünü bildirən Məhəmməd Nəsiri Azərbaycanla Mərakeş arasında əlaqələrin inkişafında dövlət başçılarının siyasi iradəsini yüksək qiymətləndirdi. Onun sözlərinə görə, səfəri zamanı imzalanmış sənədlər ölkələrimizin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın əsasını qoydu. Qonaq ikitərəfli əlaqələrin digər sahələrdə, o cümlədən iqtisadi sferada da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu dedi.

Məhəmməd Nəsiri onu da vurğuladı ki, Azərbaycanda gördükləri inkişaf onları valeh edib. "Biz qardaş Azərbaycana davamlı tərəqqi arzu edirik. Mərakeş Qərbi Səhra problemi ilə bağlı Azərbaycanın dəstəyini heç vaxt unutmayacaq. Biz Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyirik" deyən qonaq onu da əlavə etdi ki, Mərakeş beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı müdafiə edəcək.

 

 

Azərbaycan.- 2011.-15 mart.- S.4.