Azərbaycanda dini dözümlülük və tolerantlıq yüksək qiymətləndirilmişdir

 

Martın 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin antisemitizmə qarşı mübarizə və monitorinq üzrə xüsusi elçisi Hanna Rozental və müsəlman icmaları üzrə xüsusi nümayəndəsi Farah Anvar Pandit ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, fanatizm və nifrət əleyhinə mübarizə yolları və digər məsələlər müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır.

Şeyxülislam ölkəmizdə din və dövlət münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermiş, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələrinin dostluq şəraitində yaşadığını vurğulamışdır. Bildirmişdir ki, Dağlıq Qarabağ problemi ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunmalıdır.

Görüşdə iştirak edən ABŞ-ın ölkəmizdəki səfiri Mətyu Brayzə Azərbaycanda dini dözümlülüyü və tolerantlığı yüksək qiymətləndirmişdir.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-15 mart.- S. 4.