Azərbaycan tolerant ölkədir

 

Martın 14-də Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov ABŞ-ın antisemitizmin monitorinqi və ona qarşı mübarizə üzrə xüsusi elçisi xanım Hanna Rozentalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Deputat Yevda Abramov qonaqlara Azərbaycanın iqtisadi uğurları, bölgədəki nüfuzlu mövqeyi, ABŞ-la strateji müttəfiqliyi barədə ətraflı məlumat verdi. Bildirdi ki, ölkəmizdə antisemitizm əlamətləri heç vaxt olmayıb. Azərbaycan tolerant dövlətdir, burada məscid, kilsə və sinaqoqlar yanaşı fəaliyyət göstərir, hər üç dinə etiqad edənlər öz inanclarında azaddırlar. Dövlətimizin başçısının təşəbbüsü ilə burada yaşayan 20 mindən çox dağ yəhudisi üçün paytaxtın mərkəzində yeni sinaqoq inşa olunub.

Bakıya səfərin məramını açıqlayan nümayəndə heyətinin başçısı xanım Hanna Rozental Azərbaycanın dini müxtəlifliyinə, buradakı tolerantlığa heyran qaldıqlarını bildirdi. Zəngin tolerantlıq adət-ənənələrinə malik ölkələrə səfər etdiklərini dedi. Bu sahədə Azərbaycanı model ölkə kimi gördüklərini və buradakı təcrübəni öyrənib bütün dünyaya yaymaq istədiklərini vurğuladı.

Sonra ABŞ-ın müsəlman icmaları ilə iş üzrə xüsusi nümayəndəsi xanım Farah Pandit qeyd etdi ki, onların missiyası dünyada müsəlman icmalarına qarşı artan xoşagəlməz münasibəti aradan qaldırmaqdır. Bu məqsədlə yeni kampaniyaya başlayıblar. Xüsusilə gənclərə tolerantlığın aşılanması uğurlu nəticəyə zəmin yarada bilər.

Dünyada əmin-amanlıq və insansevərlik naminə bu mühüm missiyanı öhdəsinə götürmüş xanımlar - ABŞ nümayəndə heyətinin üzvləri başlatdıqları kampaniyanın ölkəmizdə dəstəklənməsini xahiş etdilər.

Söhbət əsnasında Ermənistanın təcavüzkarlığına da toxunuldu, işğal altında olan Azərbaycan torpaqlarında bütün məscidlərin, qəbiristanlıqların vəhşicəsinə məhv edildiyi qonaqların nəzərinə çatdırıldı. Təəssüflə bildirildi ki, hələ də dünyada ikili standartlar hökm sürür və indiyədək Ermənistanın cəzalandırılmamasında xristian təəssübkeşliyi mühüm rol oynayır.

Görüşdə bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

 

Milli Məclisin mətbuat xidməti

 

Azərbaycan.- 2011.-15 mart.- S. 4.