İngilis Barmağı

 

Müasir dünya nizamının formalaşmasına təsir göstərmiş amillərdən danışarkən tez-tez bir ifadə işlənilir - "ingilis barmağı". Bu ifadənin kökündə yerindən və zamanından asılı olmayaraq, dünyanın istənilən ərazisində və istənilən zaman kəsiyində baş vermiş eybəcər, qeyri-humanist hadisənin arxasında, əslində, Britaniya hökumətinin dayandığına olan inam dururdu.

Həqiqətən də bir vaxtlar bəşəriyyət tarixində bütün qitələri əhatə edən ən böyük müstəmləkə imperiyasını qurmuş və ötən əsrin 30-cu illərində 37 milyon kv.km əraziyə və ya dünyanın az qala 1/4-nə nəzarət edən ingilislərin "barmağı" Yer üzündə gedən antiinsani proseslərin əsas rıçaqı, vasitəsi kimi qəbul edilirdi. Bir vaxtlar bu imperiyanın ərazisində yaşayan insanların sayı 500 milyona çatırdı ki, bu da Yer kürəsi əhalisinin 25 faizinə bərabər idi. Və bu gün - Britaniya imperiyası dağıldıqdan və müasir İngiltərə öz tarixi ərazisinə çəkildikdən sonra da bu "ingilis barmağı" nəinki aradan qalxmamış, əksinə, əvvəlkindən daha məkrli formada təzahür etməyə başlamışdır.

"Pul yalnız ingilisdə" ifadəsi də imperiya dünyagörüşündən qalmış stereotipdir. Doğrudur, bu gün dünyanı nəzarətdə saxlayan pul kütləsi təkcə London yox, həm də Vaşinqtondan idarə edilir və dünyanın rezerv valyutası da, əvvəllər olduğu kimi, yalnız funt deyil, həm də dollar hesab olunur. Lakin tarix çox qəddardır: vaxtilə dünyanın bütün zəngin bölgələrini ələ keçirmiş Britaniya imperiyasının yüzilliklər boyu yürütdüyü qarət və istila siyasəti yaddaşlardan silinməyib və tarixin hafizəsində pul, yenə də "yalnız ingilisdə" ola bilər kimi qalıb. Çünki dünya indiyədək çoxlu sayda imperiyalar görüb, amma qəddarlığına və antiinsaniliyinə görə Britaniya imperiyası ilə müqayisəolunacaq imperiya olmayıb! Öz müstəmləkəsini Britaniya imperiyası qədər amansızcasına talan edən, əhaliyə vəhşicəsinə divan tutan, istila etdikləri ərazilərin təbii ehtiyatlarını barbarcasına daşıyan, yerli aborigenləri isə qul bazarlarına çıxaran imperiyanı heç kim xatırlamır. Bu gün də dünyanın gözündə Böyük Britaniya Krallığının "ən zəngin" və "ən varlı" görünməsi təəccüblü deyil!

Bəs, "parçala və hökm sür" metodu tarixdə kimə məxsusdur? Düzdür, bu prinsipin kökü Roma imperiyası dövrünə getsə da, müasir dövrdə bu, əsasən, Britaniyanın zalım və hiyləgər müstəmləkə siyasətinin əsasını təşkil edən prinsip kimi qəbul edilir.

Bu metoda bəraət qazandırmaq istəyən britaniyalı tarixçilər bildirirlər ki, Roma imperiyası dövründən etibarən böyük əraziləri əhatə edən imperiyaları başqa cür idarə etmək qeyri-mümkün idi. Odur ki, "parçala və hökm sür" prinsipi Britaniyanın Hindistanda möhkəmlənməsi zamanı istifadə olunan əsas prinsip idi. Bu prinsip vasitəsilə britaniyalılar din, dil, milli fərq, kastalar və s. üzrə bölünmüş çoxsaylı millətləri bir-birinə qarşı yönəltməklə Hindistanın böyük ərazisini, faktiki olaraq, xırda dövlətciklərə bölüb və ayrı-ayrılıqda nəzarətə götürmək siyasətini yürüdürdü.

Eyni metoddan onlar həm də Zimbabve, Sudan, Uqanda, İraq, Əfqanıstan və s. kimi müstəmləkələrdə də istifadə ediblər.

Etiraf etmək lazımdır ki, "ingilis barmağı"nın fəsadlarını ötən əsrin əvvəllərində Azərbaycan və digər müsəlman ölkələri də çox yaxından hiss etmişdir. Məsələn, tarixə "Mart qırğınları" kimi düşmüş 1918-ci ildə Bakıda ermənilərin törətdiyi soyqırımı hadisələrində ingilislərin iştirakına dair bir sıra tarixi faktlar məlumdur.

Həmin dövrdə ümumilikdə Qafqazda törədilmiş süni milli-etnik və s. qırğınların arxasında məhz İngiltərə imperializminin durduğunu İranda yerləşən ingilis qoşunlarının komandanı Denstirvil rəsmən etiraf etmişdi. O yazırdı: "Onlar (Zaqafqaziya xalqları - red.) taqətdən düşənə qədər bir-birini qırmaqda davam etməlidir, bəlkə bundan sonra biz orada "qayda" yarada bildik". (Bax: "Britaniya imperializmi Bakıda və İranda. 1917-1918-ci illər" kitabından).

Özü də qeyd etmək lazımdır ki, Britaniyanın bu riyakar və antiinsani siyasətindən heç kəs sığortalanmayıb - ən yaxın müttəfiqlər belə tarixin müəyyən anında bu siyasətin bütün dəhşətlərini öz üzərlərində hiss etmişlər. Tarixdən də görünür ki, Britaniya dəfələrlə düşmənlərinə qarşı koalisiya yaradaraq, müttəfiqlərinin hesabına məqsədinə çatdıqdan sonra onları yarı yolda buraxaraq pis vəziyyətdə qoymuşdur. Uzağa getməyək: 2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsindən sonra Londonun davranışına nəzər salmaq kifayətdir. Separatçılıq dalğası zəminində öz ərazilərini itirmək təhlükəsi ilə üz-üzə qalmış Gürcüstanı Rusiya ilə açıq münaqişəyə və müharibəyə həvəsləndirənlərdən biri olan London sonradan nəinki Tiflisə dəstək vermədi, əksinə, Moskva ilə münasibətlərini bir qədər də yaxşılaşdırmaq üçün Rusiya - Avropa İttifaqı danışıqlarını bərpa etməyin tərəfdarı qismində çıxış etdi. Hər halda, bu barədə elə Böyük Britaniyanın "The Daily telegraph" qəzetinin özü diplomatik mənbələrə istinadən xəbər verirdi. Halbuki bundan cəmi ay yarım əvvəl Böyük Britaniyanın ovaxtkı Baş naziri Qordon Braun özünün avropalı həmkarlarını Moskvanı cəzalandırmağa və Aİ ilə Rusiya arasında yeni əməkdaşlıq müqaviləsinə dair danışıqları dayandırmağa çağırırdı...

Belə qəfil baş verən "əqidə dəyişikliyi" rəsmi Londonun yüzilliklər boyu əsaslandığı və istifadə etdiyi daha bir prinsipdən irəli gəlir. Söhbət bir çoxlarının Uinston Çörçilin adı ilə bağladığı "Britaniyanın daimi müttəfiqləri yoxdur, daimi maraqları var" prinsipindən gedir. Əslində, bu ifadəni ilk dəfə 1858-ci ildə parlamentdəki çıxışında tanınmış dövlət xadimi, ovaxtkı Baş nazir və xarici işlər naziri Henri Con Templ, lord Palmerston elan edib və orijinalda bu ifadə belə səslənir: "Bizim daimi müttəfiqlərimiz və daimi düşmənlərimiz yoxdur. Daimi olan yalnız maraqlarımızdır və bizim borcumuz - bu maraqları təmin etməkdir".

Müasir politologiya dərsliklərində bu prinsip bəzən "xarici siyasətdə nümunəvi praqmatizm" kimi də təqdim edilir. Lakin bunun əksini düşünənlər də var. Fərqli düşünənlər bu tezisi riyakarlıq və ikiüzlülük, ingilis millətinin tarixən üstünlük verdiyi mənəvi prinsiplərin itməsi və kökündən pozulması kimi dəyərləndirirlər. Zadəgan şərəf-ləyaqətini üstün tutan və "centlmen razılaşması" kimi mənəvi dəyərlərə söykənən bir razılaşmanı daim dünyaya bəyan edən bir millətin başında duranlar, göründüyü kimi, onlara sərf edəndə, nəinki mənəvi dəyərləri, qarşılıqlı razılaşmaları, hətta hüquqi öhdəlikləri belə pozmağa, dost və müttəfiq anlayışına rişxəndlə yanaşmağa hazır kimi görünür.

Və təəssüf ki, keçən əsrlər boyu Britaniyaya rəhbərlik edənlər və ölkənin xarici siyasətini yürüdənlər daim bu cür riyakar və ikili standart yanaşmasına sadiqlik nümayiş etdirmişlər.

Bu gün istər daxili, istərsə də xarici siyasətlə bağlı vaxtaşırı baş qaldıran qalmaqallar göstərir ki, "ən mükəmməl demokratiya" və "ən praqmatik xarici siyasət"ə iddialı olan İngiltərənin siyasi elitası, əslində, korrupsiya, yalan və məişət pozğunluğu içindədir. Və bundan ən çox şok keçirən, ilk növbədə, Britaniya cəmiyyətinin özüdür.

Məsələn, ölkənin İraq müharibəsindəki rolu haqda üzə çıxan detallar sübut edib ki, hökumət öz xalqını bilərəkdən aldadırmış. 2009-cu il martın 13-də "The Independent"də yer alan məqalədən aydın olub ki, Britaniya hökumətinin müharibəöncəsi hazırladığı və Səddam Hüseynin kütləvi qırğın silahına malik olduğu iddia edilən "İraq dosyesi", əslində, çox şişirdilmiş yalan məlumatlara əsaslanırmış. Xatırladaq ki, ölkə parlamenti məhz Toni Bleyer hökumətinin bu dosyesini əsas götürərək 2002-ci ilin sentyabrında İraqa hərbi müdaxiləyə razılıq vermişdi. Ancaq sonradan İraqda nüvə silahının olmadığı və rəsmi Londonun bu haqda əvvəlcədən məlumatlı olsa da, həqiqəti ictimaiyyətdən gizlətdiyi üzə çıxdı. Belə ki, rəsmi Londonun İraq müharibəsindəki iştirakını araşdıran komissiya aşkar etdi ki, Bleyer hətta Səddam Hüseynin bioloji silaha malik olmaması təsdiqlənəcəyi halda belə, müharibəni dəstəkləyəcəyi haqda ABŞ rəhbərliyinə söz veribmiş. Bu sözün harada və hansı şəraitdə verildiyi də üzə çıxıb - 2002-ci ildə C.Buşun Texas rançosundakı təkbətək görüşdə.

Britaniyanın İraq müharibəsi ilə bağlı üzləşdiyi qalmaqallar bununla bitmir. 2004-cü ildə bütün dünya britaniyalı hərbçilərin Bəsrədə dinc etiraz aksiyasının iştirakçılarına qəddarlıqla divan tutmasının şahidi oldu. Yayılmış videokadrlarda açıq-aydın görünürdü ki, britaniyalı əsgərlər mitinqçiləri zorla hərbi hissənin ərazisinə gətirir və orada vəhşicəsinə döyürlər. Üstəlik, bütün bu biabırçılığı elə ingilis hərbçilərin özləri lentə alır, bu zaman rişxənd və istehza dolu şərhlərdən də çəkinmirlər.

Sonradan Baş nazir T.Bleyer hadisənin araşdırılacağını vəd edərək iraqlılardan üzr istəsə də, baş vermiş hadisə Britaniyanın beynəlxalq imicinə daha bir sarsıdıcı zərbə oldu. Böyük Britaniyanın Müsəlman Şurasının baş katibi İkbar Sakrani isə bildirdi ki, ingilis əsgərlərinin davranışı orduda nizam-intizamın olmaması ilə yanaşı, həm də cəmiyyətdə hökm sürən mənəvi aşınmanın səviyyəsini göstərir.

Müsəlman dünyası da bu biabırçı kadrlara olduqca sərt reaksiya verdi və dünyanın müxtəlif ölkələrində britaniyalı hərbçilərin dinc iraqlılara divan tutmasına etiraz olaraq kütləvi aksiyalar keçirildi. Özü də bu aksiyalarda Bəsrədə baş verənlərlə Britaniya imperiyasının vaxtilə öz müstəmləkələrində törətdiyi vəhşiliklər arasında müqayisələr aparılırdı.

Bu aksiyalarda qaldırılan şüarlar və səslənən tələblərə diqqət yetirdikdə bir daha aydın olur ki, ötən əsrlərdə müstəmləkəçilik siyasəti həyata keçirən İngiltərənin fəaliyyətinə verilən qiymət və formalaşmış ikrah doğuran "aforizmlər" bu gün - XXI əsrdə də əvvəlki kimi aktuallığını qoruyub saxlayır.

Bəli, bu gün Britaniya əvvəlki kimi açıq istila siyasəti yürütmür, çünki dünyada gedən proseslər və müasir beynəlxalq münasibətlər sistemini nəzərə alaraq müstəmləkələrdən imtina etmək məcburiyyətində qalıb. Amma Əfqanıstan, Pakistan, İraq və geniş ərəb dünyasında baş verən iğtişaşlar, etnik toqquşmalar, terrorizm və zorakılıq dalğası məhz Britaniya imperiyasının vaxtilə tərk etdiyi ərazilərdə qoyduğu "minaların" nəticəsidir. İki-üç əsr əvvəl bu ərazilərdə səpilmiş milli, dini və etnik düşmənçilik toxumu bu gün də onlarla dövlətdə və böyük regionlarda sabitlik və sülhün bərqərar olmasına imkan vermir.

Böyük Britaniyada hakimiyyətdə olan qüvvələrin son bəyanatları isə müsəlman dünyasında baş verən neqativ hadisələrdə Londonun iştirakına əmin olan hər bir kəsin bu inamını bir qədər də artırır.

Məlum olduğu kimi, müstəmləkə dövründə Britaniya imperiyası qəsb etdiyi ərazilərdə yaşayan yerli "ağ olmayan" əhalinin heç bir hüququnu tanımırdı. İndi isə müstəmləkəçilikdən imtina etdikdən sonrakı dövr ərzində, ilk dəfə olaraq, Britaniya hökumətinin başçısı islam dininə və müsəlmanlara yanaşmada ikili standartların mövcudluğunu etiraf etdi. Söhbət D.Kemeronun Qərbi Avropanın yürütdüyü multikulturalizm siyasətinin faktiki olaraq iflasa uğraması barədə bu ilin əvvəlində təhlükəsizlik üzrə Münhen konfransında verdiyi bəyanatdan gedir.

Baş nazirin dediklərindən belə çıxır ki, Qərbdə mədəniyyətlərin paralel mövcudluğu mümkün deyil! Dolayısı ilə müsəlmanlar Qərb dəyərlərini, məsələn, eynicinsli nikahların mümkünlüyünü qəbul etməsələr, Britaniya cəmiyyətinə tam inteqrasiya edə bilməyəcəklər!

Yeri gəlmişkən, indiyədək ailə münasibətlərində konservativlik nümayiş etdirən Britaniya üçün eynicinslilərin nikahı problemi artıq aktuallıq kəsb etməyə başlayıb. Hələ bir neçə il əvvəl heç kəs ağlına belə gətirə bilməzdi ki, "dünya parlamentlərinin anası" adlandırılan Britaniya parlamentində cinsi azlıq problemi qabardıla bilər. Amma 2010-cu ildə Britaniyanın Avropa məsələləri üzrə naziri Kris Brayant parlamentin binasında (!) eynicinsli nikaha girən ilk britaniyalı parlamentari oldu. "Cütlüyü" təbrik etmək üçün bir çox nazirlər bu mərasimə təşrif buyurmuşdular. İcmalar Palatasının spikeri Con Berkou isə bu mərasimin parlamentin binasında keçirilməsinə şəxsən icazə verdi və hətta bu münasibətlə banket də təşkil etdi.

Odur ki, Baş nazirin Münhendəki "mədəniyyətlərin fərqli olması"na dair nitqi olduqca aktual əhəmiyyət kəsb edir.

Kemeronun çıxışı həm də belə deməyə əsas verir ki, dünyaya tolerantlıq dərsi keçməyə çalışan krallıq başqa ölkələrdə "insan haqlarının qorunması"na böyük vaxt və enerji sərf etdiyi halda, Londonda öz dini hüquqlarını, mənəvi dəyərlərini təmin etməyə cəhd göstərən müsəlmanları terrorçu kimi damğalaya, addımbaşı izləyə və şəxsiyyəti alçaldan yoxlamalara məruz qoya bilər.

Təsadüfi deyil ki, Kemeronun bu çıxışı onun ölkəsindəki ultra-sağçı təşkilatların fəallaşmasına, antiislam şüarlarının daha ucadan səslənməsinə, milli və dini ayrı-seçkiliyin güclənməsinə gətirib çıxarıb. Lakin Kemeronun mətbuat xidməti bildirib ki, Baş nazir səsləndirdiyi fikirlərə görə digər mədəniyyətlərin daşıyıcısı olan insanlardan üzr istəmək fikrində deyil.

Son illər Britaniyanı silkələyən qalmaqallardan danışarkən, ilk növbədə, korrupsiya ilə bağlı üzə çıxan faktlar diqqəti xüsusilə çəkir. Bu yaxınlarda ölkədə tikinti sahəsində çalışan mütəxəssislər arasında keçirilmiş sorğu göstərib ki, bu sahədə korrupsiya yüksələn xətt üzrə inkişaf edir. Rəyi soruşulanların 51 faizi bildirib ki, bu sahədə korrupsiya - adi haldır.

Sorğuda iştirak etmiş 1400 peşəkar mühəndisin 76 faizi qeyri-leqal işçi yığımı faktını etiraf edib.

Dünya Bankı isə Britaniyada tikinti sənayesində illik korrupsiya həcminin 3 milyard funt-sterlinqə yaxın olduğunu ehtimal edir.

Son illər Böyük Britaniyada ən böyük korrupsiya qalmaqallarından biri 2009-cu ildə baş verib və parlamentin aşağı palatasının spikeri Maykl Martinin istefası ilə nəticələnib. Söhbət Leyboristlər Partiyasının üzvü olan Martinin deputatların maliyyə pozuntuları ilə bağlı xəbərdarlıqları qulaqardına vurmasından gedir.

Martinin Britaniya parlamentinin aşağı palatasının 300 il ərzində istefa verən ilk spikeri olması faktı korrupsiya qalmaqalının miqyasından xəbər verir. Düzdür, bu, Britaniyada yaşanmış ilk korrupsiya qalmaqalı deyil. 2006-cı ildə İngiltərə tarixində ilk dəfə olaraq Baş nazir (Toni Bleyer) Lordlar Palatasında yerlərin bölüşdürülməsi zamanı korrupsiya faktı ilə bağlı istintaqa ifadə verməli olub. Qalmaqalın əsasını Britaniya parlamentinin yuxarı palatasına 4 nəfər namizədin Leyborist Partiyasının fonduna böyük miqdarda vəsait köçürməsi qoyub. İstintaqa məlum olub ki, bu şəxslər həmin ödəniş hesabına lord adını almaq istəyirdilər.

Amma spiker Martinin istefası ilə nəticələnmiş qalmaqal öz miqyasına görə daha böyükdür, çünki söhbət ayrı-ayrı şəxslərin hakim partiyaya rüşvət verməsindən yox, britaniyalı parlamentarilərin vergiödəyicilərinin vəsaitini mənimsəməsindən gedir.

"Daily Telegraph" qəzetinin yazdığına görə, parlamentin bir çox üzvləri onlara öz peşəkar fəaliyyətləri üçün dövlət tərəfindən ayrılan illik vəsaiti, əslində, mənimsəyirlər. Deputat fəailyyəti üçün ayrılan pullar tamamilə başqa məqsədlərə - ailə-məişət problemlərinin həllinə, xadimələrə, basseyn tikintisinə, şəxsi həyətdə abadlıq işlərinə və s. xərclənirmiş. Məsələn, kənd təsərrüfatı nazirinin müavini Ellion Morli ipoteka kreditini il yarım əvvəl ödəyib qurtarsa da, bütün bu dövr ərzində parlamentin kassasından həmin kredit üçün vəsait götürürmüş.

Baş nazir Qordon Braun bu qalmaqala görə hamıdan üzr istəyib və hadisələrin araşdırılması üçün xüsusi komissiyanın yaradılması haqda göstəriş verib. Qalmaqalda hazırkı Baş nazir Devid Kemeronun yaxın ətrafının da adı hallandığından, o da seçicilərdən üzr istəməli və öz yaxın silahdaşlarını istefaya göndərməli olub.

Daha bir korrupsiya qalmaqalının əsasını isə "Sky News" telekanalının jurnalistləri qoyublar. Ötən ilin martında jurnalistlər özlərini ABŞ şirkətlərindən birinin təmsilçiləri kimi təqdim edərək onlar üçün lazım olan qanunların hökumət və parlamentdə qəbulunda lobbiçilik üçün Leyborist Partiyasının 9 nəfər üzvündən yardım istəyiblər və müsbət cavab alıblar. Məsələn, keçmiş nəqliyyat naziri Stiven Bayers bildirib ki, o, hökumətin yuxarı dairələrində sıx əlaqələrə malikdir və gününə 5 min funt (7,5 min dollar) müqabilində istənilən məsələ ilə bağlı dövlət rəsmiləri ilə görüş təşkil edə bilər.

Qeyd edək ki, Britaniya qanunları deputatlara pullu lobbiçilik fəaliyyəti ilə məşğul olmağı qadağan edir.

Qalmaqalda keçmiş səhiyyə və müdafiə nazirlərinin də adları hallanırdı.

İfşaedici materiallar üzə çıxdıqdan sonra leyboristlər qalmaqalda adıçəkilən deputatların partiyadan xaric edilməsi haqda qərar qəbul etməli oldular.

Növbəti qalmaqal "News of the World" qəzetində Lordlar Palatasının üzvü Makkenzinin rusiyalı oliqarx Vladimir Qusinski ilə əlaqələri haqda dərc olunmuş məqalədən sonra baş qaldırdı. Məlum oldu ki, Makkenzi 6 il ərzində V.Qusinskinin sahibi olduğu "İnterTV" şirkətindən üst-üstə 600 min funt pul alıb və bunu gizli saxlayıb. Halbuki qanuna görə, lordlar qazanclarını mütləq açıqlamalıdırlar.

Qeyd edilənlər son illər bütün Britaniya cəmiyyətini silkələyən və hələ üzə çıxan korrupsiya qalmaqallarının çox cüzi bir hissəsidir. Yerli mətbuatda keçmiş Baş nazir T.Bleyerin ayrı-ayrı ölkələrə səfərləri müqabilində külli-miqdarda vəsait alması, müxtəlif iş adamlarının Bleyerin övladlarına mülk bağışlaması, habelə sahibkarların maraqlarına cavab verən bu və ya digər qanunun qəbulu üçün hökumət və parlament üzvləri arasında vasitəçilik təklif edən deputat və nazirlər, hətta kral ailəsinin üzvləri haqda belə məlumatlar dərc olunur.

Məlum olur ki, ölkənin siyasi elitasını təşkil edən siyasi partiyaların rəhbərləri, Baş nazir, hökumət üzvləri və parlamentarilər vergiödəyicilərin hesabına dəbdəbəli həyat tərzi keçirir, şəxsi təyyarələr, villalar alır, dövlət vəsaitini şəxsi məqsədlərə sərf edir və s.

Məlum olur ki, bu ölkənin siyasi elitasına daxil olan şəxslər hökumət və parlament üzvlərinin qeyri-qanuni lobbiçiliklə məşğul olaraq rüşvət hesabına qanunlar qəbul etdirməsini, korrupsiya və rüşvətxorluqla bağlı qalmaqalları unutdurmağın yeganə yolunu başqa ölkələrin ünvanına əsassız korrupsiya ittihamları səsləndirmək, sübutsuz-filansız yalanlar tirajlamaqda görürlər.

Məlum olur ki, Britaniyada konservativ, adət-ənənələrə hörmətlə yanaşan, şərəf və ləyaqət, həqiqət, şəffaflıq və digər normalara söykənən, centlmen razılaşmasını hər şeydən üstün tutan cəmiyyətlə paralel olaraq daim xalqa yalan məlumatlar və şişirdilmiş hesabatlar verən, həm öz seçicilərinə, həm də dünya birliyinə qərəzli və saxta məlumatlar ötürən siyasi və iqtisadi elita var.

Məlum olur ki, Britaniya hökuməti üçün İraqda kütləvi qırğın silahının olmadığını bilə-bilə, bunun əksinin iddia olunduğu dosyeni parlamentə göndərmək və humanitar faciələrə bais olmaq utandırıcı hal sayılmır.

Məlum olur ki, ekoloji normaların pozulduğunu bilə-bilə, rəsmi hesabatlarda bunu ört-basdır etmək və sonradan Meksika körfəzinin tarixində ən böyük ekoloji fəlakətə yol açmaq bu ölkənin aparıcı şirkətləri üçün adi haldır.

Məlum olur ki, başqa ölkələri "insan haqlarını qorumağa" çağırmaqla öz riyakar siyasətini pərdələməyə çalışan krallıq hökumətinə İraqda dinc aksiyanı dağıtmaq üçün "Şimali İrlandiya taktikası"ndan istifadə etmək olar və s. və i.

Bütün bunlar Böyük Britaniyada hakim elitanın istər siyasi, istər iqtisadi, istərsə də mənəvi baxımdan aşınmaya məruz qaldığını göstərir. Əgər "Dumanlı Albion"da hələ də ikili standart və müttəfiqlərə xəyanət siyasəti "xarici siyasətdə praqmatizm" kimi təqdim olunursa, əgər xarici dövlətlərlə münasibətlər qurularkən hələ də üzdə bir, arxada isə tamam fərqli mövqe tutulursa, XXI əsrin əvvəlində başqa dövlətlərə və xalqlara münasibətdə orta əsrlərin feodal təfəkkürü ilə yanaşılırsa, onda bu gün rəsmi Londonun həyata keçirdiyi siyasətlə, Britaniya imperiyasının vaxtilə öz müstəmləkələrinə qarşı yürütdüyü qarətçi, şantaj və sayğısızlıq siyasəti arasında paralel görənlər o qədərmi haqsızdırlar?

 

 

Azərbaycan.- 2011.-15 mart.- S. 5.