Tələbə gənclər Azərbaycanı tanıtmaqda və təbliğ etməkdə böyük qüvvədir

 

Martın 12-də Strasburqda Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Tələbələr Forumu (ASAİF) öz işini davam etdirmişdir.

ASAİF-in sədri Orxan Əkbərov tədbirin gündəliyini açıqlamış və forumun dörd bölmə üzrə öz işini davam etdirəcəyi barədə məlumat vermişdir.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə keçirilən "Şəbəkələşmə və Azərbaycanı təmsil etməyin yeni yolları" adlı bölmədə iştirakçılar xaricdə təhsil alan azərbaycanlı gənclərlə diaspor təşkilatlarımız arasında şəbəkələşmənin rolundan danışmış, onun müxtəlif yolları ilə bağlı təkliflər irəli sürmüşlər.

Azərbaycanı təmsil etməyin yeni yolları ilə bağlı məsələ daha qızğın müzakirələrə səbəb olmuşdur. Tələbələr bununla bağlı müxtəlif təkliflər vermişlər. Bu istiqamətdə internetin xüsusi rolu qeyd olunmuşdur.

Böyük Britaniyada fəaliyyət göstərən Avropa-Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov rəhbərlik etdiyi qurumun yaşadıqları ölkənin əhalisinə Azərbaycanı tanıtmaq, onun qədim tarixi, zəngin mədəniyyəti, ədəbiyyatı, incəsənəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaq istiqamətində apardığı işlərdən söhbət açmışdır.

Moderatoru Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun olduğu "İnsan kapitalı - Azərbaycanın inkişaf prioriteti" bölməsində tələbələr və digər qonaqlarla dövlətimizin neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirdiyi siyasət haqqında geniş fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması ilə bağlı müvafiq Dövlət Proqramı dünyanın inkişaf etmiş əksər ölkələrinə nümunədir.

Xaricdə təhsilini bitirərək doğma Vətəninə qayıdan gənclərin ölkədəki fəaliyyəti ətrafında da ciddi fikir mübadiləsi aparılmışdır. Xaricdə təhsil alan gənclərimizin Azərbaycanı yaşadıqları ölkələrdə tanıtmaqda böyük qüvvə olduğu diqqətə çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun rəhbərlik etdiyi "Gənclik və ictimai diplomatiya" bölməsində Azərbaycan gəncləri bu gün respublikamızın xaricdə elçiləri olaraq onun tanınması və təqdimatı məsələlərində ölkəmizin işğalçı Ermənistan ilə informasiya müharibəsində hansı işləri görə bilmələri ilə bağlı müzakirələr olmuşdur. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və tarixinin təqdimatı ilə əlaqədar konkret bir layihə ətrafında da fikir mübadiləsi aparılmışdır. Azərbaycanın təqdimatına xidmət edən məlumatların hazırlanması, müxtəlif akademik konfransların keçirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeni formada təqdim yollarından danışılmışdır.

Gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında keçən "Azərbaycançılıq - gənclik naminə birlik" bölməsində iştirak edən tanınmış mütəxəssislər və tələbələr mövzu ilə bağlı ciddi müzakirələr aparmışlar. Qeyd olunmuşdur ki, azərbaycançılıq geniş mənada Azərbaycan mədəniyyətinin, dilinin, tarixi və ədəbiyyatının təbliği üzərində qurulmuşdur. Bütün bunların mərkəzində dayanan isə Azərbaycan vətəndaşlığıdır. Qeyd edilmişdir ki, ölkəmizdə çoxlu sayda müxtəlif dildə danışan vətəndaşlarımız vardır. Onları birləşdirən məhz azərbaycançılıqdır. Azərbaycançılığı müəyyən edən əsas amil isə Azərbaycan dilidir. Azərbaycanda yaşayan bütün xalqlar bu dil vasitəsilə bir-biri ilə ünsiyyət yarada bilirlər.

Fasilədən sonra öz işini davam etdirmiş forumda Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacda səfiri Elçin Əmirbəyov, Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfir, ölkəmizin Avropa İttifaqı yanında daimi nümayəndəsi Emin Eyyubov, İngiltərədəki səfir Fəxrəddin Qurbanov, Niderland Krallığındakı səfir Fuad İsgəndərov, Macarıstandakı səfir Vilayət Quliyev, Almaniyadakı səfir Pərviz Şahbazov və Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi, səfir Arif Məmmədov tələbələrin müxtəlif məzmunda suallarına cavab vermişlər.

Forumun işinə yaxından dəstək vermiş gənclər və idman naziri Azad Rəhimova, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanova, təhsil nazirinin müavini Elmar Qasımova, səfir Arif Məmmədova və bir qrup tələbəyə ASAİF-in mükafatları təqdim edilmişdir.

A.Rəhimov, E.Aslanov, E.Qasımov və A.Məmmədov forumun əvvəlində çıxış edərək belə tədbirlərin gənclərin Vətən və respublika Prezidenti ətrafında sıx birləşməyə sövq etdiyini, onlarda doğma Azərbaycana qarşı məhəbbət hissi aşıladığını, Azərbaycanı təhsil aldıqları ölkədə layiqincə təmsil etməyə, ölkəmizi tanıtmaq işinə səfərbər etdiyini bildirmişlər. Qeyd etmişlər ki, bu səbəbdən belə forumların gələcəkdə digər ölkələrdə də təşkili diqqət mərkəzində olmalıdır.

Sonda Azərbaycan incəsənət ustalarının konserti olmuşdur. Əməkdar artist Tünzalə Ağayevanın ifa etdiyi xalq mahnıları, gənc cazmen Emil Əfrasiyabın səsləndirdiyi musiqi nömrələri alqışlarla qarşılanmışdır.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Azərbaycan.- 2011.-15 mart.- S. 5.