Texas Parlamentinin Nümayəndələr Palatasında Amerika azərbaycanlıları ilə bağlı ilk qətnamə qəbul olunmuşdur

 

ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) səmərəli fəaliyyəti nəticəsində Texas Parlamentinin Nümayəndələr Palatasında Amerika azərbaycanlıları ilə bağlı ilk qətnamə (HR 220) qəbul olunmuşdur.

Sənəd Nümayəndələr Palatasının üzvü Skot Hokberq tərəfindən parlamentin müzakirəsinə təqdim edilmişdir. S.Hokberq bununla bağlı ABŞ Azərbaycanlıları Şəbəkəsi idarə heyətinin üzvü Nigar Qasımovaya məktub göndərmişdir.

Qəbul olunmuş qətnamədə bildirilir ki, Texasda yaşayan azərbaycanlılar bu ştatın inkişafına böyük töhfələr verirlər. Burada yaşayan azərbaycanlılar Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası vasitəsilə öz doğma ölkələrinin tarixi adət-ənənələri haqqında yerli sakinləri geniş məlumatlandırırlar. Texasda yaşayan azərbaycanlılar Hyuston şəhərinin iqtisadiyyatının inkişafına, mədəniyyətinin zənginləşməsinə mühüm töhfələr verirlər. Parlament bu ştatda yaşayan azərbaycanlılara təşəkkür etmiş gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Olduqca əhəmiyyətli qətnamənin qəbul olunması ABŞ Azərbaycanlıları Şəbəkəsinin qazandığı mühüm nailiyyətlərindən biridir.

 

 

Azərbaycan.- 2011.-15 mart.- S. 5.