Radikal müxalifət yenə antiazərbaycançı mövqe nümayiş etdirir

 

Yenə də böyük təşviş keçirirlər. Dərin bir narahatlıq içində vurnuxmaları özünü getdikcə daha qabarıq formada büruzə verir. Çünki illər uzunu müstəqil Azərbaycana qarşı hazırlanan planlarının icrası daim fiaskoya uğrayır. İstəklərinin əksinə olaraq Azərbaycan daha qüdrətli dövlətə çevrilir, günü-gündən inkişaf edir, təkcə mövcud olduğu regionda yox, onun hüdudlarından kənarda belə böyük nüfuz sahibi kimi çıxış edir.

Azərbaycanın qazandığı uğurların miqyası artdıqca antiazərbaycançı şəbəkənin qəddi daha çox əyilir, müvəffəqiyyətsizliyindən doğan əsəbi daha çox tarıma çəkilir. Bundan narahat olanlar təkcə həmin şəbəkə yox, həm də müxtəlif maddi təkliflər, vədlər müqabilində Azərbaycanda "siyasi təşkilat", "hüquq müdafiəçisi" adı ilə fəaliyyət göstərib, əslində isə bu antimilli şəbəkənin xidmətində duranlardır. Belələrinin dövlət, dövlətçilik, milli maraqların əleyhinə yönələn mövqeyinə ən tutarlı cavab elə həmişə xalq tərəfindən gəlib. Elə də böyük zaman kəsiyini əhatə etməyən yeni müstəqillik tariximizə nəzər yetirdikdə bunun real mənzərəsini aydın nümayiş etdirən, bir çoxumuzun canlı şahidi olduğu xeyli faktlar görmək mümkündür.

Məsələn, düz 16 il əvvəl - 1995-ci ildə baş verən məlum mart hadisələrini yada salaq. Həmin vaxt müstəqil Azərbaycan dövlətçiliyinə qarşı yaranan təhlükə ümummilli lider Heydər Əliyevin qətiyyəti, onun ideyaları ətrafında sıx birləşdiyini real əməldə sübut edən xalqın prinsipiallığı sayəsində dəf edildi. Beləliklə də 1993-cü ilin ortalarına qədər mövcud olan anarxiyanın demarşına yol verilmədi. Xalq öz istək və iradəsini ortaya qoymaqla bir daha müdrikliyini göstərdi. Azərbaycanın yeni inkişaf yoluna çıxması ilə barışmaq niyyətində olmayanların hər məkrli cəhdi iflasa məhkum oldu.

Bununla belə məlum qüvvələr hələ də tarixin keçdiyi dərsdən nəticə çıxarmaq istəyində deyillər. Fəaliyyəti daha çox Azərbaycanda xaotik bir durumun formalaşmasına köklənmiş və hələ də hakimiyyətdə olduqları bir ilin eyforiyasında yaşayan, köhnə təfəkküründən əl çəkə bilməyən radikal müxalifətin istək və əməli bunun real təcəssümüdür. Adını müxalifət qoysa da, əməlləri daha çox xalqa və onun formalaşdırdığı müstəqil dövlətə qarşı yönələn, beləliklə də əsl mahiyyətini istər-istəməz faş edən radikal qüvvələrin Azərbaycanda nədən hər vəchlə sabitliyin pozulmasına, anarxiyanın yaranmasına çalışmasının səbəbi əslində heç kimə sirr deyil! Çünki heç bir sosial bazası olmayan, xalqdan özünü təcrid edən radikal müxalifət yalnız bu halda yenidən hakimiyyətə qayıda biləcəyinə ümid bəsləyir. Ancaq o da maraqlıdır ki, Azərbaycanda 1990-cı illərin əvvəllərində mövcud olan xaotik durumun yaranmasını həm də ölkəmizə qarşı çıxan qüvvələr istəyir. Deməli, radikal müxalifət də, müstəqil Azərbaycana zidd çıxan qüvvələr də əməlləri ilə faktiki olaraq eyni bir şəbəkəyə bağlıdırlar. Digər tərəfdən müxalifətin sözügedən qanadına elə antiazərbaycançı mövqedə dayananlar tərəfindən vəsait ayrılması, bunun əvəzində müxalifət təmsilçilərinin, onların rəhbərlərinin həmin qüvvələr qarşısında müəyyən öhdəliklər götürməsi, vədlər verməsi elə radikalların öz düşərgəsində tez-tez etiraf edilən həqiqət, bəzən isə bir-birlərinə qarşı səslənən ittihamdır.

Xalq da radikal müxalifətin kim olduğunu, nəyə qadir olduğunu yaxşı bilir. 1988-1992-ci illərdə məhz bu radikal qüvvələrin təmsilçiləri müxalifət olduqları dönəmlə Azərbaycan xalqının üzləşdiyi faciələrin yaşanmasında, siyasi alver predmeti olaraq ərazilərimizin hərraca qoyulmasında az rol oynamadılar. İnsanların kortəbii inamı dalğasında isə hakimiyyətə yiyələndikdən sonra radikalların nəyə qadir olduğu özünü daha yaxşı büruzə verdi. Bu qüvvələrin antimilli fəaliyyəti sayəsində Azərbaycan xaos, anarxiya girdabına, cinayətkarlığın meydan suladığı məkana çevrildi, dövlət, xalq əmlakı talan edildi. Həmişə tolerantlığı və dözümlülüyü ilə digər millətlərə nümunə olmuş çoxmillətli Azərbaycanda yaşayan xalqlar arasında nifaq toxumu səpildi. Xarici qüvvələr Azərbaycana öz şərtlərini diktə etməyə başladı. Lakin xalq bunun davam etməsinə yol verməyərək radikaların hakimiyyətinə son qoydu, öz xilaskarını istək və iradəsi əsasında hakimiyyətə gətirərək nəhayət, sabitliyə, intibaha qovuşdu.

İndi bu vəziyyətdən, ölkəmizin günü-gündən güclənməsindən, qüdrətli dövlətə çevrilməsindən yeganə narahatlıq duyan tərəflərdən biri ərazilərimizi işğal altında saxlayan Ermənistan və onun havadarı olan antiazərbaycançı şəbəkə, digəri radikal müxalifətdir. Bu səbəbdən hər iki tərəf öz maraqları naminə Azərbaycanda sabitliyin pozulmasına çalışır, buna yönəlik müxtəlif cəhdlər edirlər. Belə cəhdlərdən biri kimi radikal müxalifət yenidən özünün köhnə, lakin heç bir effekt verməyən mitinq taktikasını işə salmağa çalışır. Əslində, ölkəmizdə sərbəst toplaşma azadlığı mövcud olduğundan və qanunvericilik normasında təsbit edildiyindən radikal müxalfətin də mitinq və digər aksiyalar təşkil etmək hüququ var. Bu hüquqdan istifadə etməsi üçün də dövlət tərəfindən hər cür şərait yaradılıb. Lakin nədənsə radikal müxalifətçilər bu hüquqlarını qanun çərçivəsində yox, məhz qanunun pozulması hesabına həyata keçirməyə çalışırlar.

Müsavat Partiyasının martın 12-də keçirməyə çalışdığı mitinq bunun daha bir real nümunəsi oldu. Bakı meriyası tərəfindən mitinq və digər kütləvi aksiyalar keçirilməsi üçün konkret ünvanlar müəyyən edilsə də, lazımi şərait yaradılsa da, radikal müxalifət, onun bariz təmsilçisi olaraq Müsavat Partiyası həmin ünvanlara getmək istəmir. Səbəb aydındır. Buraya 50-60 radikal müxalifətçidən başqa heç kim yığışmayacaq, çünki bu müxalifətin sosial bazası yoxdur, elektorat sarıdan ciddi korluq çəkir. İctimai dəstəyə malik olmayan radikallar bu şəraitdə ən yaxşı çıxış yolunu paytaxtın gur olan yerlərində aksiyalar təşkil etməkdə görürlər. Bununla həmn gur yerlərdəki sadə insanların guya öz tərəfdarları olmasına dair bir təəssürat yarada biləcəklərinə ümid edirlər.

Müsavat Partiyasının "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərini pozaraq Bakı meriyasının təklif etdiyi Bibiheybət stadionu əvəzinə, Bakıda insanların gur olduğu məskənlərdə martın 12-də mitinq keçirmək cəhdləri bu taktikanın növbəti uğursuz sınağı oldu. Əslində, bununla həmin partiya digər insanların istirahət hüququnu kobud şəkildə pozdu, toplaşmağa çalışdığı yerlərdə nəqliyyatın hərəkətini iflic etməyə çalışdı.

Azərbaycanda mövcud sabitliyin keşiyində hər zaman sarsılmaz sədaqətlə dayanan, dövlətçiliyinə, xalqına, Prezidentinə və vəzifə andına sadiq qalan daxili işlər orqanlarının şəxsi heyəti bu dəfə də radikal müxalifətin mənfur niyyətinin həyata keçməsinə imkan vermədi. Baş verənlər isə növbəti dəfə göstərir ki, müxalifətin radikal qanadının əməllərində, təfəkküründə hələ də dəyişiklik baş verməyib. İsa Qəmbər, Əli Kərimli və digər radikal müxalifət təmsilçiləri yenə də ötən əsrin 90-cı illərinin əvvəllərindəki fəaliyyətlərini davam etdirməkdədirlər. Nəticə isə onu göstərir ki, xalqın birmənalı şəkildə rədd etdiyi bu şəxslər, bütövlükdə radikal müxalifət hakimiyyət və mənsəb naminə hər yola baş vurmağa, hətta iblislə işbirliyinə getməyə hazırdırlar. Elə bu səbəbdəndir ki, formal mövcudluqlarını çoxdan xaricdəki bədxah qüvvələrin qəpik-quruşlarından asılı etmiş radikal müxalifət və onların səhnə dekorasiyası kimi dəyişməz liderləri antiazərbaycançı mənafelərindən əl çəkmək istəmirlər. Xalqın nifrətinə tuş gəldikləri üçün isə bütün ümidlərini xaricdə olan, müstəqil Azərbaycanın varlığına qarşı çıxan qüvvələrə bağlayıblar. Özgələrinin baltalarına sap olduqularından isə indi sosial bazadan məhrum olan radikal müxalifət partiyaları ölkə cəmiyyətində haqlı olaraq partiya yox, kiçik bir qrupun yığışdığı zərərli dərnək adlanır və bu formada qəbul edilir. Bunun nəticəsidir ki, müxalifətin radikal hissəsi ilə Azərbaycan cəmiyyəti arasında uçurum getdikcə dərinləşir. Azərbaycan vətəndaşlarının böyük əksəriyyətində sabitliyin, dincliyin ən yüksək dəyər kimi qiymətləndirilməsi fonunda meydana çıxan ifrat aqressivləşmiş müxalifətlə cəmiyyət arasında yaranan uçurumun həddən artıq dərinləşməsi əslində tamam təbii xarakter daşıyır.

O da birmənalı həqiqətdir ki, əgər müxalifətin radikal hissəsi öz davranışını dəyişdirməsə, ölkəmizin milli maraqlarına cavab verən ideoloji dəyişikliklərə uğramasa, onların tamamilə Azərbaycanın siyasi həyatından silinməsi labüd xarakter daşıyacaq. Çünki bu, artıq cəmiyyətin tələbi kimi çıxış edir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu məsələ ilə bağlı haqlı olaraq qeyd edir: "Biz müxalifətin (dağıdıcı, radikal müxalifəti nəzərdə tuturam) hansısa bir ümummilli proses, yaxud da adi bir məsələ barədə konstruktiv təklifini, əsaslandırılmış təşəbbüsünü, problemlərdən çıxış yolu barədə layihəsini görməmişik. Müxalifət Azərbaycanda gedən hüquqi dövlət quruculuğu prosesinə, demokratik islahatlara zərrə qədər də olsun töhfə verməyib, əksinə, daim bu dəyişikliklərə mane olmağa cəhd göstərib, özünü ölkə həyatının müsbət gedişindən tam təcrid edib. Müxalifət düşərgəsi bu gün yeknəsək deyil, müxtəlif qrupları, fərqli mənafeləri əks etdirir. Lakin bu qrupların əksəriyyəti, zorən özünü aparıcı qüvvə kimi sırıyan hissəsi köhnə təfəkkürün, meydan illərinin düşüncə və mübarizə tərzinin daşıyıcılarıdır. Onlar təşkilatlarının daxilində yeniləşmə ilə bağlı təşəbbüslərə necə müqavimət göstərirlərsə, ölkə həyatında baş verən müasirləşmə, modernləşmə prosesinə qarşı çıxmağa da cəhd edirlər".

Radikal müxalifətin ictimai təhlükəsizliyi pozmaq cəhdləri, şübhəsiz ki, həmin asayişin keşiyində ləyaqətlə dayanan müvafiq dövlət strukturları, o cümlədən daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən qətiyyətlə alınacaq. Daxili işlər orqanlarının peşəkarlığı, fəaliyyətdə nümayiş etdirdikləri qətiyyət və prinsipiallıq hər cür xaos və anarxiya daşıyıcılarının məkrli niyyətlərinə qarşı etibarlı sipərdir.

Ulu öndərin inkişaf strategiyasını böyük uğurla davam etdirən, ideyalarını yaşadan Prezident İlham Əliyevin ətrafında daha sıx birləşən Azərbaycan xalqı isə möhkəm özüllər üzərində qurulmuş sabitlik şəraitində sürətli inkişaf yolunda yeni böyük müvəffəqiyyətlərə imza ataraq daha da irəliyə gedəcək. Xalq və iqtidar arasında olan sarsılmaz birlik antiazərbaycançı qüvvələrin istəklərinin əksinə olaraq, bundan sonra daha da möhkəmlənəcək!

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.-15 mart.- S. 6.