Ombudsman Ağdamda erməni snayperinin qətlə yetirdiyi uşağın ailəsi ilə görüşmüşdür

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova və Milli Məclisin deputatı Qənirə Paşayeva Ağdam rayonunun Orta Qərvənd kəndində olmuş, erməni snayperi tərəfindən öldürülmüş 9 yaşlı Fariz Bədəlovun ailəsi ilə görüşmüşlər.

Onlar yas mərasimində iştirak etdikdən sonra azyaşlının vurulduğu yerə baxmış, burada jurnalistlərə müsahibə vermişlər.

E.Süleymanova demişdir ki, erməni snayperinin 9 yaşlı Fariz Bədəlovu qətlə yetirməsi faktı bir daha bütün dünyaya müharibənin hələ də davam etdiyini, günahsız insanların, uşaqların, ahılların, dinc sakinlərin erməni hərbçiləri tərəfindən öldürüldüyünü göstərdi.

Q.Paşayeva bildirmişdir ki, Fariz Bədəlovun, başqa cəbhəyanı yaşayış məntəqələrində digər azyaşlıların düşmən tərəfindən hədəfə alınması ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasətinin tərkib hissəsidir. Deputatın sözlərinə görə, Azərbaycan bu məsələni bütün beynəlxalq strukturlar çərçivəsində qaldırır: "Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri kimi biz bu məsələni qurumda qaldıracağıq. Ermənistanın törətdiyi bu vəhşilik və vandalizm aktını Avropa Şurasının üzvlərinə, rəhbərliyinə ətraflı çatdıracağıq. Ermənistanın bu addımı bir daha ermənilərin iç üzünü göstərir. Həyətində oynayan körpə bir uşağın snayper tərəfindən qətlə yetirilməsi Ermənistan rəhbərliyinin yürütdüyü siyasətin mahiyyətini ortaya qoyur. Biz ermənilərin körpə uşaqlara qarşı törətdikləri vəhşilikləri, vandalizm aktlarını Xocalı soyqırımı zamanı, Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etdiyi zaman da görmüşük. Çox təəssüf ki dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Ermənistanın bu əməllərinə lazımi qiymət vermədilər, onun cəzalandırılması üçün lazımi addımlar atmadılar. Bunun nəticəsidir ki, Ermənistan vandalizm aktlarını davam etdirir. Sivil insanların, körpə uşaqların qətlə yetirilməsi beynəlxalq hüquqa, Avropa Şurasının prinsip və dəyərlərinə ziddir, ən ağır cinayətlərdən biridir.

Qənirə Paşayeva Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi məsələsinin AŞ PA-nın sessiyasında qaldırılacağını diqqətə çatdırmışdır: "Biz bu məsələni qaldırıb vurğulayacağıq ki, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Öhdəlikdə deyilir ki, tərəflər münaqişənin sülh yolu ilə həllinə çalışmalıdır. Amma Ermənistan nəinki münaqişənin sülh yolu ilə həlli üçün heç bir addım atmır, əksinə, körpə uşaqları snayperlərin əli ilə qətlə yetirərək vəziyyəti daha da gərginləşdirən addımlar atır. Ermənistan AŞ PA-nın qəbul etdiyi qətnaməyə tamamilə əks addım atır. Həmin qətnaməyə görə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməli, qaçqın və köçkünlərin qayıtmasına imkan verməlidir. Ermənistan neçə illərdir ki, AŞ PA-nın bu qətnaməsini nəinki yerinə yetirmir, əksinə, atəşkəsi pozaraq körpə uşaqları qətlə yetirir, vandalizm aktlarını davam etdirir. Avropa Şurası, AŞ PA 9 yaşlı uşağın qətlə yetirilməsini pisləməli, bu məsələyə özünün mənfi münasibətini ortaya qoymalı və Ermənistana qarşı addımlar atmalı, ona təzyiq etməlidir. Biz bu barədə Avropa Şurasının bütün qurumlarında təkcə çıxış etməklə kifayətlənməyəcək, həm də təşkilatın sənədləri şəklində qəbul olunmasına çalışacağıq".

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-15 mart.- S.6.