Bir dəstə bənövşə

 

Yaxud, yandırılmayan tonqalın əfsanəsi

 

Erməni vəhşiliyinin daha bir nümunəsi - doqquz yaşlı Fariz Bədəlovun amansızlıqla qətlə yetirilməsi 23 ildir davam edən Qarabağ münaqişəsinin bitib-tükənməyən faciələr silsiləsinə tək bir ailənin deyil, bütün bəşəriyyətin amansız müsibəti kimi daxil oldu. Qanlı olaydan xəbər tutan hər kəs insanlığa sığmayan bu qəddarlığı qəzəblə qarşılayır, lənətləyir! Yüz ildən artıqdır ki, xalqımıza qarşı davam edən erməni soyqırımının əsas hədəfi daim günahsız insanlar, mülki şəxslər, xüsusən də körpələr və uşaqlar olmuşlar. Bu qanlı cinayətlərin bu gün də davam etməsi bir daha sübut edir ki, təcavüzkar dövlətin ordusu əsl uşaq qatilidir!

...Üç-dörd gün idi ki, balaca Fariz çərşənbə hazırlığı görürdü. Həyət-bacanı dönə- dönə dolaşır, rastına çıxan çır-çırpını səliqə ilə bir tərəfə yığırdı. Bir sinifdə oxuduğu qonşuluqda yaşayan Əhməd və Raufla bəhsə girmişdilər. Hər kəs çalışırdı ki, onun yandıracağı bayram tonqalı daha gur olsun! Təbii ki, ocağın gur olması üçün daha çox çırpı lazım idi. Fariz həyət-bacadan əlavə yaxın ətrafın çır-çırpısını toplasa da, rahatlıq tapmır, köhnə çəpərin ətrafında fırlanırdı. Gözü bir tala bənövşəyə sataşanda sevincdən atılıb-düşdü. Dizlərini yerə qoyub qeyri-adi həvəslə yazın bu ilk müjdəsini dərməyə başladı. Qəşəng bir dəstə tutdu, yenicə açan yaşıl yarpaqlardan da səliqə ilə dəstənin kənarına qoyub bağladı. Tapdığına yamanca sevinirdi! Sevinirdi ki, istəkli anasını təbrik edə biləcək! Axı, bu gün çərşənbə axşamı olsa da, həm də 8 mart qadınlar bayramı idi! Hələ dünəndən bəri ürəyindən keçirirdi ki, kənd dükanına gedib anası üçün yaxşı bir ətir alsın. Amma pulu yox idi! Atasız böyüyürdü! Sınıq qəlbi ilə sıxıntı içində boy atırdı. Uşaq olsa da, yaşına uyuşmayan kişi xasiyyəti vardı. Dərdini, ağrı-acısını heç kimə deməzdi! Güvənc yeri olan ana babası Arifə də hər şeyi deyib qanını qaraltmazdı. Yaşadığı Ağdam rayonunun Orta Qışlaq kəndində hər gün eşitdiyi güllə səsləri, görüb şahidi olduğu qan-qada, yaşadığı həyəcan dolu günlər, qismətinə düşən bu ədalətsiz müharibə doqquz yaşlı uşağı əsl kişiyə çevirmişdi...

...Üst-başının toz-torpağını çırpıb səliqəyə saldı. Qapını şəstlə açıb içəri girdi. Anası Şirinnaz xamır yoğururdu. Səsə dönüb baxdı. Gələnin oğlu olduğunu görəndə bəxtəvər-bəxtəvər gülümsədi:

- Yaxşı ki gəldin, a bala, ev soyuyur, sobaya bir-iki odun qoy. Özün də çöldə-bayırda çox hərlənmə. Hələ hava soyuqdur, xəstələnərsən!

Fariz yaxınlaşıb anasının qarşısında dayandı. Əlləri xamırda olsa da, Şirinnaz başını qaldırıb gözünün ağı-qarası olan ciyərparasını qürurla süzdü:

- Sözlü adama oxşayırsan, ay Fariz, xeyir ola?

Fariz arxasında tutduğu bənövşə dəstəsini irəli uzadıb gülə-gülə dedi:

- Anacan, bayramını təbrik edirəm! Bax, bu bənövşələri öz həyətimizdən yığmışam. Darıxma anacan, böyüyüb pul qazananda sənə yaxşı hədiyyələr alacağam!

Fariz bənövşələri öz əli ilə anasına qoxladandan sonra şkafdan kiçik bir stəkan götürüb su ilə doldurdu. Bənövşə dəstəsini stəkana qoyub elə anasının xamır qatdığı teştin yanında yerləşdirdi.

Şirinnaz oğlunun bu hərəkətindən çox məmnun olmuşdu. Ümidi, pənahı sandığı yeganə oğlunun sevgisi gənc ananı dünyanın bəxtəvəri etmişdi. Könlündən şirin duyğular keçirdi. Quş qanadlı xəyalı göylərdə süzürdü. Farizi gah əsgər paltarında, dincliyini-rahatlığını ərşə çəkən, həyatının mizanını pozan yağı düşməndən layiqli qisas alan qəhrəman xilaskar libasında görür, gah oğluna gəlin gətirib toy mağarında sındıra-sındıra oynayır, gah da nəvələrini başına yığıb şirin-şirin nağıl danışır...

Bu şirin xəyaldan ayrılıb Farizi evdə görmədi. Pəncərədən çölə boylandı. Fariz yenə də çırpı toplayırdı. Oğlundakı təpər, tay-tuşlarından irəlidə olmaq istəyi könlünə rahatlıq gətirirdi. O da istəyirdi ki, kənddə ən böyük çərşənbə tonqalını məhz onun oğlu yandırsın. Sonra Şirinnazın başı ev işlərinə qarışdı. Qab-qaşığı yudu, yır-yığış elədi. Çərşənbə axşamına hazırlıq görməyə başladı. Onu həvəslə gördüyü bu işdən qonşu qadınların kəndi başına götürən tükürpədən qıyyası ayırdı. Əslində, belə həyəcanlı qəfil qışqırtıları müharibə başlayandan bəri, elə atəşkəs elan olunandan sonra da çox eşitmişdi. Amma bu dəfə kənd adamları onların həyətinə axışırdı. Qız-gəlinlər qışqırıb saçlarını yolur, haray-həşir qoparırdılar. Şirinnaz həyətin aşağı tərəfində adamların başına toplaşdığı oğlu Farizi qucaq dolusu çırpı ilə birlikdə qan içində torpağa yıxılmış görəndə dizi taqətdən, gözü nurdan, dili heydən düşdü. Dünya başına fırlandı. Ürəyi partlamaq həddinə çatdı. Doğma balasını bağrına basıb huşunu itirdi...

Günahsız bir körpəni nişan alıb öldürən erməni vəhşiliyi bütün ölkəni şoka saldı! Bu acı xəbər bütün Azərbaycanı dolaşıb sərhədləri aşdı. İnsanlığa sığmayan bu olay qana susayan erməni xislətini bir daha dünyaya tanıtdı! Qarabağ münaqişəsinə çox vaxt ikili standartlarla baxan beynəlxalq qurumlar hər kəsi heyrətə salan bu dəhşətli qətlə layiq olduğu qiyməti verməli, hiddətini bəyan etməlidir!

Hadisənin baş verdiyi Orta Qışlaq kəndi Ağdamın düşmənlə təmas xəttinin beş addımlığında yerləşir. Bu kənd rayonun Qərvənd ərazi vahidinə daxildir. Sözügedən ərazi vahidinə daxil olan 4 kənddən ikisi - Baş Qərvənd və Şıxlar erməni işğalındadır. Orta Qərvənd və Ayaq Qərvənd kəndləri isə bizdədir. Qərvənd ərazi vahidi üzrə icra nüməyəndəsi Fərid Aslanovun dedikləri:

- Rəsmi atəşkəs elan edilsə də, bu, əslində, formal xarakter daşıyır. Ermənistan silahlı qüvvələri müntəzəm olaraq atəşkəs rejimini pozurlar. Nəinki hərbçilərə, eyni zamanda, mülki əhaliyə, hətta mal-qaraya da atəş açırlar. Kənd sakini İldırım Məhərov qoyun otaranda erməni snayperinin gülləsinə hədəf olub, ağır xəsarət alıb. Kənd sakini Vüqar Səmədov öz həyətində bağ-bağçada işləyərkən erməni gülləsinə tuş gəlib, ağır yaralanıb. Erməni snayperin atdığı güllə Asif Quliyevin sinəsindən dəysə də, xoşbəxt təsadüf nəticəsində sağ qalıb. Belə misalların sayını artırmaq da olar. Məntiqi nəticə budur ki, ermənilər öz düşmənçiliyini bütün istiqamətlərdə məkrlə davam etdirirlər. Bu, real həqiqətdir ki tələfatlar versək də, ağır xəsarətlər alsaq da, kənd adamları qətiyyən qorxub çəkinmir, düşmənlə aramızın bir güllə məsafəsi olmasına baxmayaraq, təsərrüfat işləri ilə məşğul olurlar! İki kənddə 1285 nəfər yaşayır. Onların yaşadıqları adi həyat tərzi, mübaliğəsiz deyərdim ki, əsl qəhrəmanlıqdır! Qərvənd kənd ərazi vahidinin ümumi sahəsi 4000 hektara yaxındır. İndi bunun çoxu işğal altındadır. Əlimizdə olan torpaq sahəsi isə 1100 hektara yaxındır. Bu ilin məhsulu üçün 315 hektarda taxıl əkmişik. Hər il bol bostan-tərəvəz məhsulları istehsal edirik. Namərd qonşularımız bunun da xainliyini çəkir. Bizə gələn təbii su mənbələrini neçə ildir ki, sıradan çıxarıblar. İşğaldan əvvəl Qərvənd ərazisində 8 kəhriz var idi. Hamısı da bol sulu. İndi onların biri də işləmir. Ermənilər kəhriz quyularını doldurublar. Düşmənlər Xaçın çayının yatağına da su buraxmırlar. Su sarıdan korluq çəkirik. Amma hər an dövlətimizin qayğısını hiss edirik. Ərazidə bir subartezian quyusu qazılıb. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə biri də bu yaxınlarda qazılacaq. Üç il əvvəl Ayaq Qərvənd kəndində dövlət vəsaiti ilə müasir tipli məktəb binası tikilərək cəbhə bölgəsində yaşayan əhalinin istifadəsinə verilmişdir. Elektrik enerjisi ilə təminatda da heç bir problem yoxdur.

Ərazi icra nümayəndəsi Fərid Aslanov söhbətində çox mətləblərə toxundu. Dedi ki, Ermənistan silahlı qüvvələrinin nəzarətində olan ərazidə mülki əhali gözə dəymir. Tək-tük görünsələr də, bizim əsgərlər dinc əhaliyə atəş açmırlar! Erməni əsgərlərinin törətdiyi bu son hadisə səbr kasamızı daşdırıb! Adamlar silaha sarılıb elliklə döyüşə atılmağa hazırdır! Fərid Ağdam camaatının comərdliyindən qürurla söz açdı. Dedi ki, çətin gündə, bərk ayaqda adamlar bir-birinə arxa, dayaq olur, dərdlərini, qayğılarını bölüşürlər. Ağdam Rayon İcra Hakimiyyəti hamımızı üzən bu yas mərasiminin maddi ağırlığını öz üzərinə götürüb. İcra başçısı Nizami Sadıqov dəfələrlə yas mərasiminə baş çəkib, balaca şəhidin babası Arif Bədəlovla söhbət edib, ailə üzvlərinə başsağlığı verib. Rayonda yaranmış sağlam mənəvi-psixoloji mühitin nəticəsidir ki, baş vermiş bu faciəni hər kəs öz dərdi hesab edir. Ağdamın bütün idarə və müəssisə rəhbərləri bu ailənin dərdinə şərik olduqlarını sübut etmək üçün lazım olan hər şeyi edirlər.

...Farizin çərşənbə tonqalı üçün topladığı çırpı topası indi gözdağına çevrilib. Gözü yaşlı ana hər gün titrəyən əlləri ilə qalaqlanmış quru budaqlara sığal çəkməkdən təsəlli tapır. Ona elə gəlir ki, məşələ çevrilmiş ürəyinin odu barmaqlarına süzüb doğma balasının yandırmağa macal tapmadığı Novruz tonqalını nə vaxtsa alovlandıracaq. Balaca Farizin yığdığı o bir dəstə bənövşə hələ də təzətərdir. Şirinnaz heç kəsə ixtiyar vermir ki, ona toxunsun! Ağır dərd gənc ananı bir neçə gündə taqətdən salıb. Onun da bənövşə kimi boynu bükülüb. İndi Şirinnazın canı sanki o bir dəstə bənövşədədir. Deyir ki, onu ömrümün sonuna kimi saxlayacağam. Mən öləndən sonra isə qəbrimin üstünə səpərlər...

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2011.-15 mart.- S. 6.