İl dolandı, yaz gəldi...
Qarşıdan güllü yaz - mübarək Novruz gəlir. İllərdir ki, xalqımız bu müqəddəs bayramı böyük ehtiramla, istəklə qarşılayır, şən ovqatla qeyd edir. Novruzun insanların ürəyində yaratdığı sevgi elə dərindir ki, onun adət-ənənələrinə, mərasimlərinə hamı sözsüz əməl etməyi borc bilir. Bu səbəbdən də Novruza qədərki çərşənbələr xüsusi hazırlıqla, adla, şadyanalıqla keçirilir. Qədim inanclara görə Novruza qədərki çərşənbələri və bu bayramın özünü hansı ovqatla qarşılasan, ili də elə əhval-ruhiyyə ilə başa vurarsan. Yəqin ki buna görə də insanlar Novruzda mehriban davranışa, xoş sözə, şənlənməyə daha çox meyilli olurlar. Novruz təzə ilin başlanması deməkdir və bu bayrama dörd həftə qalmış ayin və etiqadlar icra olunmağa başlayır. Təbiətin dörd ünsürü ilə bağlı olan İlaxır çərşənbələr insan həyatında, yaşamında mühüm əhəmiyyət kəsb edən su, od, yel (hava), torpaqla bağlıdır.
Fevralın 22-dən başlanan çərşənbə axşamlarında xalqımız məhz sudan içərək, oddan tullanaraq, mehə bələnərək nəhayət, gəlib torpağa baş əydi. Bu gün İlaxır çərşənbəsidir. Bu gözəl günün də el arasında müxtəlif adları var: Torpaq çərşənbəsi, Yel çərşənbəsi, Çərşənbə-suri, Axırçərşənbə, İlaxır çərşənbəsi.
Məlumdur ki, hər bir çərşənbə axşamını xoş ovqatla qeyd edirlər. Amma İlaxır çərşənbəsi bunlardan bir qədər fərqlənir. O, ilin ən əziz, müqəddəs günü sayılır. İlaxır çərşənbəsini əsl bayram səviyyəsində qeyd edirlər. Bu çərşənbənin özünəməxsusluğu illərin sınağından çıxmışdı. Çərşənbə axşamı tonqalın üstündən atılır, fala baxılır, eləcə də qulaq falına çıxılır.
Hələ qədim zamanlardan bu gözəl axşama xüsusi hazırlıq görülərdi. Əvvəlcədən ev-eşik təmizlənər, xüsusi bayram tədarükü hazırlanardı. Yumurta boyanar, qovurğa qovrular, plov süzülər, şirniyyat bişirilər. Bu bayram kənd yerlərində daha gözəl keçirilir. Həmin axşam bütün həyətlərdən xoş ətirli rayihələr insanları bihuş edir. Hamı bu bayramda bir-birini təbrik etməyə tələsir, bayram axşamı ailənin sayı qədər süfrədə şam yandırılar, niyyət tutular. Həmin axşam uşaqlar qapı-qapı gəzib bayram payı alırlar. İnsanlar o gecə səhərədək şənlik edirlər. Nə xoş ki bu ənənə davam edir.
İlaxır çərşənbə ilin ən əziz, müqəddəs günü sayılır. Bu çərşənbənin mərasim və ayinləri də həmişə zəngin olur. Əvvəlki çərşənbələrin hamısı - suların daşması da, küləyin əsməsi də, ocaqda odların qalanması da məhz torpağın üzərində, onun qoynunda baş verir. Ona görə də Torpaq bu çərşənbələrin "komandiri"dir.
Torpaq çərşənbəsinin məziyyətlərindən biri də odur ki, İlaxır gecəsi bütün küsülülər barışmalıdır. Hamı təzə paltar geyməli, xoş sözlər danışmalı, qəlbə toxunan ifadələr, ovqatı korlayan kəlmələr işlətməməlidir. Çünki İlaxır çərşənbəsində adətən qapıya qulaq falına gələrlər. Deyirlər ki, ilkin olaraq hansı sözü eşitsən ilin o cür başa çatacaq. Ona görə də Axırçərşənbədə də nəhs danışmaq, qəmlənmək, nalayiq işlərə yol vermək, qeybət etmək olduqca günahdır. Hətta bayatılarda da bu məsələ öz həllini tapıb: "Siz Allah, xoş danışın, yarım qulağa çıxıb".
İnanclara görə çərşənbə axşamı kimin qulağı cingildəsə, mütləq xəbər eşidəcək. "Allah bu cingiltiləri xeyrə calasın" - deyərlər. Axırçərşənbədə təkcə libası deyil, fikri, davranışı, insanlara münasibəti, bütövlükdə yaxşılığa doğru mütləq dəyişmək gərəkdir. Təbiətin özündə belə o axşam hər şey təzələnir, dəyişir. Bayram tonqalının ətrafına yığışan insanlar dövrə vuraraq onun üstündən tullanır, üzərlik yandırır, "ağırlığım, uğurluğum odlara tökülsün" - deyirlər. Nişanlı qızları ocağın başına gətirərək "sənə tuşlanan yaman gözlər oda düşsün" deyərlər. Ona yanmış üzərliyin tüstüsünü verərlər. Ailə qurmaq istəyən gənclərlə bağlı Tanrıya üz tutub dualar edirlər ki, bəxtlərinə gün düşsün.
Axırçərşənbədə açılan bayram süfrələri də əvvəlkilərdən fərqlənir. Folklorşünas-alimlərin araşdırmalarına görə, hələ qədim zamanlarda Novruz süfrəsinə bol nemətlərin düzülməsi yeni başlayacaq ilin barlı-bərəkətli, firavan olmasının simvoluna çevrilərdi. Süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan 7 rəqəmin uğur gətirəcəyinə işarədir. Azərbaycanın bir sıra bölgələrində, xüsusilə də Naxçıvanda, Zəngəzurda İlaxırçərşənbəsi "Yeddi ləvin bayramı" adı ilə tanınır. İslamdan çox əvvəl süfrəyə "Ş" hərfi ilə başlanan yeddi cür nemət qoyularmış: şərbət, şəkər, şam, şərab, şabalıd. Şor, şirni və sairə. Sonralar İslamın dönəmində şərab yasaq olduğu üçün "Ş" hərfi "S" hərfi ilə əvəz edilib. Ona görə də İlaxırçərşənbəsində süfrəyə yeddi nemət düzülməlidir. Məsələn, su, süd, səməni, səbzə, sumaq, sarıkök, sünbül və sairə.
İlaxır çərşənbəsi ilə bağlı şifahi xalq ədəbiyyatında çox sayda atalar sözü, müdrik fikirlər, tapmacalar, bayatılar var. Torpaqla əlaqədar yaranan el sözləri də məna dərinliyinə görə diqqət çəkir: "Torpağa göz ağardanda üz ağardar", "Torpaqdan pay olmaz", "Torpaq deyər - sən mənə tər ver, mən sənə bar verim", "Yer qulaqlı olar", "Torpağın qarası üz ağardar", "Torpağa xor baxsan, o, sənə kor baxar", "Torpaq deyər - öldür məni, dirildim səni", "Torpağı bir yerdən götürülüb".
Andlar və alqışlarda da Torpağın böyüklüyü, müdrikliyi, müqəddəsliyi barədə qiymətli fikirlər var. Hələ əski dövrlərdən üzü bəri insanın ən böyük andı torpağa ünvanlanıb: "Torpaq haqqı", "Yer haqqı", "Torpağına dolu düşsün", "Torpağında qara yellər əsməsin", "Torpağın yada qismət olmasın", "Torpağın həmişə gül bitirsin", "Torpağı sanı yaşayasan", "Torpağını torba ilə daşısınlar", "Torpağa tapşırıldı", "Torpaq başına tökülsün", "Üstünü örtməyə torpaq tapılmasın".
Torpaqla bağlı bilməcələr də kəsb etdiyi mənasına görə seçilir: "Yer üzünün qarası, ağacların anası" (Torpaq) və yaxud da:
Mal etsən malın olar,
Şanında balın olar.
Yazda, yayda çullanar,
Qış fəsli yalın
olar (Torpaq).
***
Biri gəlir, biri oturur, biri
yatır (çay, ağac, torpaq).
***
Zər kilim, zəncir kilim,
Ağırdı andır
kilim -
Nə qaldırmaq olur,
Nə çırpmaq
(Torpaq).
İlaxır çərşənbələrin
ardıcıllığı ilə bağlı da bayatı
formasında yaranmış məşhur bir tapmaca illərdir
ki, dilimizin əzbəridir:
Qabaqda sel gözəl,
Dalınca yeli gözəl.
Yaxasında
sünbülü,
Başında teli gözəl!
(Su, Yel, Torpaq və Günəş).
***
Sac üstündə
çatlayar,
Ovucdan-ovuca adlayar
(Qovurğa),
***
Dolu olar yelini,
Bəzəyərlər gəlini
(Novruz xonçası).
***
Qırmızı Xatun,
xonçanı bəzər (boyanmış yumurta).
İlaxır çərşənbəsinin
səhəri sübh tezdən bulağa gedər, evə su gətirər,
əl-üzünü axar suda yuyarlar. Mütləq bulaqdan
yeddi daş gətirərək evdəki nemət dolu
qabların içinə atarlar ki, bolluq olsun. İlaxır
çərşənbəsində oxunan nəğmələrin,
mahnıların öz coşqunluğu var:
İl dolandı, gəldi
yaz,
Bülbül etdi gülə
naz.
Ağlım başımdan
aldı,
Burdan gedən sərvinaz.
Bəli, əziz oxucular,
qarlı, çovğunlu qışın yolunu artıq zərif
güllü yaz kəsməkdədi. Sinəsində sellər,
sular şaqqıldadı, ocağında odlar qalandı,
küləklər belən-belə ərzi başına
götürdü və nəhayət, bütün bu dəyişmənin,
çarpışmanın müqabilində insan
övladının ürəyinə yeni sevinclər gətirmək
üçün saçaqlanmış sarı
sünbülü ona hədiyyə etdi torpaq! Qabda göyərtdiyimiz
səməni ümidlərimizin simvoluna çevrildi:
Səməni, ay səməni,
Göyərdərəm mən
səni.
Səməni, saxla məni,
İldə göyərdərəm
səni.
Hər dəfə bu diləyi eşidən Tanrı torpağa baş əyən insanı ucaltdı. Əməyini boş vermədi, süfrəsinə bar-bərəkət göndərdi. Ona görə də sinəsi sünbüllü torpağımızı ürəkdən sevir, onun hər qarışı uğrunda candan keçməyə hazırıq. Müqəddəs torpağımızın bir hissəsi illərdir ki, param-parça olub yağı tapdağı altında inildəyir. Qoy soydaşlarımızın bu axşam əlləri ulu Tanrıya açılsın! Hamımızın dodağından eyni alqışlar, diləklər, dualar qopsun: sən bu qədim və halal torpağımıza dinclik, sakitlik və bütövlük ərmağan et! Qoy yağıların əl-ayağı torpaqlarımızdan çəkilsin! Onu təmizliyə çıxarmaq üçün yağan yaz yağışları məmləkətimizin yaralı sinəsinə məlhəm qoysun! Qoy səsimizə həsrət qalmış dağlarımızın zirvəsində tonqallar alışsın! Qarşıdan ulu Novruz gəlir. Bayramınız mübarək! Qəm bizdən uzaq düşsün, deyək, gülək, şadlanaq. Biz əslində xoş danışırıq. Axı qulağa çıxan, bulağa enən var. Biz dərdimizi Allaha deyirik, Ona üz tutmuşuq, imdadı Ondan gözləyirik! Çünki cümlə-bəşəri yaradan Odur!
Yazı budu...
Baharı, yazı budu.
Biz kimik deyək bunu?
Alnımızdakı yazı budu...
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-15 mart.- S. 7.