Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin ədliyyə
naziri Məhəmməd
Nəsirinin başçılıq
etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Mərakeş Krallığının ədliyyə naziri Məhəmməd Nəsirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonağın ölkəmizə səfərinin Azərbaycan-Mərakeş ikitərəfli münasibətlərinin inkişafı baxımından əhəmiyyətini qeyd edən dövlət başçısı bu səfərin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, eyni zamanda respublikamızda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını vurğuladı. Prezident İlham Əliyev bu baxımdan qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəmli olduğunu dedi.
Ədliyyə naziri Məhəmməd Nəsiri rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.
Mərakeş Krallığının ədliyyə naziri Məhəmməd Nəsiri ölkəsində islahatların həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək Mərakeşin Azərbaycanda müxtəlif sahələrdə aparılan islahatların təcrübəsindən bəhrələnmək istəyində olduğunu bildirdi.
AzərTAc
Azərbaycan.- 2011.-16 mart.- S. 1.