Moskvada MDB-də mədəni-öyrədici
turizmin inkişafına həsr edilmiş Birinci Beynəlxalq
konfrans açılmışdır
MDB-də tarixi-mədəni irs ili çərçivəsində Rusiya paytaxtında mədəni-öyrədici turizmin inkişafı məsələlərində əməkdaşlıq və razılaşdırılmış siyasət formalaşdırılmasına həsr edilmiş Birinci Beynəlxalq konfrans açılmışdır.
Konfrans Federal Turizm Agentliyi (Rosturizm) və MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən təşkil edilmişdir. İki gün davam edəcək konfransın işində təxminən 200 nəfər, o cümlədən Rusiyadan 75 nümayəndə və birlik ölkələrinin hər birinin səlahiyyətli nümayəndələri iştirak edir.
Forumda Azərbaycan Respublikasını Bakı İnformasiya-Turizm Mərkəzinin direktoru Zakir Əliyev, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Dövlət Xalça Muzeyinin nümayəndəsi Nadir Mehdiyev, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Kəmalə Həsənova təmsil edir.
Konfransı Federal Turizm Agentliyinin rəhbərinin müavini Aleksandr Radkov açmışdır. O, konfransın məqsəd və vəzifələri, habelə müzakirə ediləcək əsas məsələlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, konfransda MDB məkanında mədəni-öyrədici turizmin inkişafı və tarixi-mədəni irsin qorunub saxlanması sahəsində dövlətlərarası əməkdaşlıq, muzeylər mövzusunda ixtisaslaşdırılmış turizm marşrutlarının hazırlanması və tətbiq olunması məsələləri müzakirə ediləcəkdir.
Azərbaycanın RF-dəki səfiri, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlu konfrans iştirakçılarını salamlamışdır. Onun sözlərinə görə, turizm Birlik dövlətləri arasında dialoqun tənzimlənməsi üçün çox yaxşı zəmindir. O, müxtəlif ölkələrin xalqları arasında işgüzar və mədəni əlaqələrin genişlənməsinə və dərinləşməsinə şərait yaradır, müxtəlif mədəniyyətləri təmsil edən insanlar arasında qarşılıqlı anlaşmaya nail olmaqda böyük rol oynayır. Səfir iqtisadiyyatın mühüm istiqamətlərindən biri olan turizmin inkişafı naminə ölkəmizin rəhbərliyinin siyasətindən söhbət açmış, xüsusi vurğulamışdır ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci il Azərbaycanda "Turizm İli" elan edilmişdir. P.Bülbüloğlu ötən dövr ərzində DHƏF-in fəaliyyəti və Birlik ölkələrinin dövlət başçıları tərəfindən MDB-də Tarixi-Mədəni İrs İli elan edilmiş cari ildə keçiriləcək tədbirlər haqqında ətraflı məlumat vermişdir.
Konfrans plenar iclas və 3
seksiya formatında keçir. Plenar iclasda Bakı
İnformasiya-Turizm Mərkəzinin direktoru Zakir Əliyev
çıxış etmişdir. O, Azərbaycanın zəngin
turizm potensialı, ölkədə turizm komplekslərinin
formalaşması strategiyası və iqtisadiyyatın bu sahəsinin
digər aspektləri barədə söhbət
açmışdır.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2011.-16 mart.- S. 3.