Naxçıvan kəhrizləri
ilə tanışlıq
Prezident xanım Mişelin Kalmi-Rey İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə Kəngərli rayonunun Xok kəndində və Naxçıvan şəhərində bərpa edilən kəhrizlərlə tanış olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xok kəndindəki "Çay" və Naxçıvan şəhərindəki "Qələndər" kəhrizlərində görülən işlər barədə ali qonağa məlumat vermişdir.
Bildirilmişdir ki, 13 quyudan ibarət olan "Çay" kəhrizinin bərpasına ötən ilin mayında başlanılmış və cari ilin martında istifadəyə verilmişdir. Bərpa nəticəsində su sərfi saniyədə 140 litrdən 180 litrə çatdırılmışdır. Bu kəhrizin suyu ilə 70 hektar əkin sahəsi suvarılır. Həmçinin 300 ailə, iki fermer təsərrüfatı təmiz içməli sudan istifadə edir.
"Qələndər" kəhrizi Naxçıvan şəhərindəki 19 kəhrizdən biridir. Üç quyudan ibarət bu kəhriz də əhalinin və təsərrüfatların suya tələbatının ödənilməsində mühüm rol oynayır.
Kəhrizlərlə tanış olan Prezident
Mişelin Kalmi-Rey demişdir ki, Naxçıvana səfərimdən
və İsveçrənin belə layihələrin
reallaşdırılmasında iştirakından çox məmnunam.
Çünki kəhrizlər bərpa olunarkən həm
iş yerləri açılır, insanlar təmiz içməli
su ilə təmin edilir, həm də sizin adət-ənənəniz
qorunub saxlanılır. Hesab edirəm ki, bu kəhrizlərin bərpası
İsveçrə ilə Azərbaycan arasında dostluq
münasibətlərinin bir rəmzidir.
Azərbaycan.- 2011.-16 mart.- S. 3.