Naxçıvan şəhəri
ilə tanışlıq ali qonaqda xoş təəssürat
yaratmışdır
Kəhrizlərlə tanışlıqdan sonra İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey muxtar respublika Ali Məclisinin Sədri Vasif Talıbov ilə birlikdə Naxçıvan şəhərini gəzmiş, Açıq Səma Altında Muzeyə və Möminə Xatın türbəsinə baxmışdır.
Ali qonağa məlumat verilmişdir ki, Azərbaycan xalqının dekorativ tətbiqi sənətinin ən yaxşı nümunələrindən olan daşdan yonulmuş mədəniyyət nümunələrinin mühafizəsi, öyrənilməsi və təbliği məqsədilə yaradılmış Açıq Səma Altında Muzeydə əsasən muxtar respublikanın ayrı-ayrı yaşayış məntəqələrində toplanan müxtəlif dövrlərə aid, o cümlədən Gəmiqaya arxeoloji ərazisində aşkar edilən maddi-mədəniyyət nümunələri - daşdan düzəldilmiş qoç heykəlləri, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr nümayiş olunur.
Muzeydəki 5 min illik tarixə malik eksponat qonaqlarda böyük maraq doğurmuşdur.
İsveçrə Prezidentinə bildirilmişdir ki, Şərq memarlığının incilərindən olan Möminə Xatın türbəsi 1186-cı ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilmişdir. Əcəmi Naxçıvaninin dövrümüzə qədər gəlib çatan ən gözəl əsəri olan bu türbə Azərbaycanın çoxsaylı qədim abidələrindən biridir. Monumental, əzəmətli bir tikili olan Möminə Xatın türbəsi Naxçıvana gələn səyyahların diqqətini cəlb etmiş və abidə haqqında məlumatlar bir çox əsərlərdə əksini tapmışdır. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə Xatının məzarı üzərində məqbərə yaradılmasına qərar vermiş, abidənin tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan başa çatdırmışdır.
Türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Sərdabada Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz, Möminə Xatın və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunmuşdur. Türbənin baştağında kufi xətti ilə bu sözlər yazılmışdır: "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar".
İsveçrə Konfederasiyasının Prezidenti Naxçıvanın gözəl şəhər olduğunu qeyd etmiş, tarixi və memarlıq abidələrinin onda xoş təəssürat yaratdığını bildirmişdir.
Azərbaycan.- 2011.-16 mart.- S. 3.