Azərbaycanla Mərakeş arasında hüquqi əməkdaşlıq inkişaf edir

 

Azərbaycanda səfərdə olan Mərakeşin ədliyyə naziri Məhəmməd Nəsiri Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvləri ilə görüşmüşdür.

Məhkəmə-Hüquq Şurasından AzərTAc-a bildirmişlər ki, Şura üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov Mərakeşin ədliyyə nazirinin səfəri çərçivəsində iki dövlət arasında qarşılıqlı hüquqi yardım haqqında müqavilələrin, ədliyyə orqanlarının əməkdaşlığının inkişafına xidmət edən sənədlərin imzalanmasını yüksək dəyərləndirmiş, bunun hər iki tərəf üçün əhəmiyyətini vurğulamışdır.

Görüşdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çoxşaxəli hüquqi islahatlar qeyd edilmiş, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti və onun hüquq sisteminin inkişafında rolu, hakimlərin müstəqilliyinin təmin edilməsi, peşəkar tədrisi məsələlərinə toxunulmuş, hakimliyə namizədlərin Avropada ən mütərəqqi qaydalarla, şəffaf prosedurlar əsasında seçilməsi barədə məlumat verilmişdir.

Həyata keçirilən məhkəmə-hüquq islahatının mütərəqqi nəticələrinin şahidi olduğunu bildirən qonaq, ölkəsində də hüquqi islahatların aparıldığını diqqətə çatdırmış, Mərakeşin hüquq sistemi, məhkəmələrin fəaliyyəti barədə ətraflı məlumat vermiş, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyətindən danışmış, bu sahədə konkret tədbirlər üzrə fikir mübadiləsi aparılmışdır.

Görüşdə Şura üzvləri Şəlalə Məmmədova, Azər Cəfərov, Hakimlərin Seçki Komitəsinin üzvləri İman Nağıyev və Cavid Hüseynov iştirak etmişlər.

 

 

Azərbaycan.- 2011.-16 mart.- S. 4.