Mərakeş Krallığı
Azərbaycanın haqlı
mövqeyini bundan sonra da dəstəkləyəcəkdir
Martın 15-də Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Mərakeş Krallığının ədliyyə naziri Məhəmməd Nəsirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AzərTAc respublika Prokurluğunun saytına istinadla xəbər verir ki, görüşdə Z.Qaralov Azərbaycan ilə Mərakeş arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini bildirmişdir. Baş prokuror Təslim etmə, Mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq, Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında dövlətlərarası müqavilələrin, eləcə də hər iki dövlətin ədliyyə nazirlikləri arasında imzalanmış sazişin perspektivlər üçün geniş imkanlar yaratdığını xüsusi vurğulamışdır. Ədliyyə və prokurorluq orqanları arasında əlaqələrin genişləndirilməsində İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə 2009-cu ildə Bakı şəhərində keçirilmiş konfransda qəbul olunmuş "Bakı Bəyannaməsi"nin önəmli rol oynadığı qeyd edilmişdir.
Baş prokuror demişdir ki, son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi baza yaradılmışdır.
Sonra Z.Qaralov prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi istiqamətində həyata keçirilmiş köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq-mühafizə orqanları ilə qurulmuş qarşılıqlı səmərəli əlaqələr, həmçinin prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir.
Dövlətlərimiz arasında əlaqələrin dərinləşdirilməsinə mühüm önəm verən nazir Məhəmməd Nəsiri ölkəsinin məhkəmə sisteminin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. O, respublikamızda həyata keçirilən məhkəmə-hüquq islahatlarını və bu sahədə görülən işləri maraqla izlədiyini xüsusi vurğulamışdır.
Mərakeş Krallığının Azərbaycanın haqlı mövqeyini beynəlxalq və regional təşkilatlarda daim dəstəklədiyini diqqətə çatdıran qonaq bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilmişdir.
Görüşdə həmçinin hər iki ölkənin ədliyyə və prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri, qarşılıqlı təcrübə mübadiləsinin təşkili, insan haqlarının qorunması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.-16 mart.- S. 4.