Bakıda ilaxır çərşənbəyə həsr olunmuş təntənəli bayram mərasimi keçirilmişdir

 

Azərbaycan torpağına bahar gəlmişdir. Ana təbiət oyanır, yaşıl libasını geyməyə hazırlaşır. Xalqımız baharın gəlməsini - Novruz bayramını çox qədim zamanlardan əsl milli bayram kimi qeyd edir. İlaxır çərşənbələrdən başlamış kütləvi şənlik və mərasimlər keçirilir.

Azərbaycan xalqı min illər boyu qoruyub saxladığı milli mənəvi dəyərlərin ən gözəl nümunələrindən olan bu əziz bayramı bu il də hər yerdə böyük sevinc və fərəhlə qarşılayır. Həmişə olduğu kimi, bu dəfə də baharın gəlişi münasibətilə ən izdihamlı bayram şənlikləri ölkəmizin paytaxtı Bakıda keçirilir.

Martın 15-də Azərbaycanda yurdumuza baharın gəlişini müjdələyən çərşənbələrdən sonuncusu - İlaxır çərşənbə əsl ümumxalq bayramı kimi qeyd olunur. Ölkə ərazisində kütləvi şənliklər və mərasimlər keçirilir, təbiətin oyanması ilə yurdumuza qədəm qoyan baharın elimizə xoşbəxtlik, ruzi-bərəkət və əmin-amanlıq gətirməsi arzulanır.

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtda ilaxır çərşənbə münasibətilə təntənəli mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, milli geyimli oğlan və qızlar Azneft meydanından dəvələrdən ibarət karvanla Suraxanı rayonu ərazisindəki Atəşgah məbədindən od götürmək üçün yola düşmüşlər. Onları şən və oynaq musiqi sədaları altında Novruzun əsas personajları olan Dədə Qorqud, Bahar qız, atlı cəngavərlər, Keçəl və Kosa müşayiət etmişlər.

Atəşgah məbədində məşəl yandıran Bahar qız faytonların və atlıların müşayiəti ilə şəhərimizin mərkəzinə doğru hərəkətə başlamışdır. Paytaxtın mərkəzi küçələri ilə hərəkət edən karvan Qız qalasının qarşısında dayandıqdan sonra cəngavərlər Bahar qızın gətirdiyi odla qalanın üstündəki məşəli alovlandırmışlar.

Bakı Şəhər İcra Hakimiyyətinin hazırladığı atəşfəşanlıq tamaşaçılar tərəfindən maraqla izlənmişdir.

Sonra qalanın qarşısındakı meydanda tanınmış sənətçilərin iştirakı ilə bayram konserti olmuş, rəqs ansambllarının və aşıqların çıxışları olmuşdur.

Bakıda Novruz şənlikləri qarşıdakı günlərdə də davam edəcəkdir.

 

 

Azərbaycan.- 2011.-16 mart.- S. 4.