Bakıda "Azərbaycan
muğamı və Orta Şərq musiqisi" mövzusunda
elmi simpozium işə başlamışdır
Martın 15-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində "Muğam aləmi" Beynəlxalq muğam festivalı çərçivəsində "Azərbaycan muğamı və Orta Şərq musiqisi" mövzusunda elmi simpozium işə başlamışdır.
Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Beynəlxalq Muğam Mərkəzində "Muğam aləmi" II Beynəlxalq muğam festivalının təntənəli açılış mərasiminin keçirildiyini xatırlatmışdır. F.Əlizadə demişdir ki, açılış mərasimində Beynəlxalq festivalın prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın nitqi bu möhtəşəm tədbirin uğurla keçməsinə stimul verən başlıca amil olmuşdur.
YUNESKO səviyyəsində keçirilən simpoziumun tarixi əhəmiyyətindən danışan F.Əlizadə tədbiri açıq elan etmişdir.
Simpoziumda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, Azərbaycan muğamının çoxəsrlik inkişaf tarixi özündə həm də ifaçılıq məktəblərinin, üslublarının zəngin ənənələrini yaşadır. Milli muğam sənətimiz məhz ustad xanəndə və çalğıçıların parlaq yaradıcılıq fantaziyasının məhsuludur desək, şübhəsiz, yanılmarıq. Bu gün dönə-dönə dinlədiyimiz, araşdırıb nota saldığımız muğamlar, təsnif və rənglər, ölməz xalq mahnıları, onları qoşub nəsildən-nəslə ötürmüş ustad ifaçılarımızın tükənməz ilham və bəstəkarlıq qüdrətindən xəbər verir. Elə muğam ifaçılığının son 200 illik dolğun inkişaf mərhələsinə nəzər salmaq kifayətdir ki, onun əhəmiyyətinin miqyasını dərk etmək mümkün olsun.
Nazir diqqətə çatdırmışdır ki, Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Yüzilliklərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyəti zənginləşən Azərbaycan muğamının müasir tarixində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli, silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. YUNESKO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir.
Azərbaycan muğam sənətinin inkişafı, təbliği istiqamətində görülmüş işlərdən söz açan Ə.Qarayev vurğulamışdır ki, dövlətimiz bu dəyərli sərvətə xüsusi qayğı və diqqətlə yanaşır.
Nazir vurğulamışdır ki, elmi simpozium çərçivəsində bu gün YUNESKO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının "Maqam" Tədqiqat Qrupunun 7-ci iclası öz işinə başlayır.
Ə.Qarayev əminliklə bildirmişdir ki, bu festival musiqisevərlərin böyük bayramına çevriləcək, ölkəmizi muğamın qiymətləndirildiyi, qorunduğu, sevildiyi qonaqpərvər bir diyar kimi şöhrətləndirəcəkdir.
Təhsil naziri Misir Mərdanov dünya mədəniyyətinə böyük töhfə olan muğamın həm də Şərqin bəşəri, fəlsəfi və estetik ideyalarını özündə əks etdirdiyini bildirmişdir. Vurğulanmışdır ki, ona görə də Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti uca tutmuş, onu qorumuş, inkişaf etdirmiş, nəsildən-nəslə ötürmüş və ölməz sənət əsərləri kimi bu günümüzə qədər gətirib çıxarmışdır. Azərbaycan milli mədəniyyətinin şah əsəri və bəşər musiqisinin qiymətli sərvəti olan muğam bu gün təkcə xalqımız tərəfindən deyil, həm də dünya xalqları tərəfindən sevilir. Muğamın həyatımızdakı ən böyük əhəmiyyətindən biri də müasir gənclərin mənəvi və estetik tərbiyəsində mühüm rol oynamasıdır.
M.Mərdanov diqqətə çatdırmışdır ki, bu gün xalqımız tərəfindən sevilən muğamlarımızın inkişafında, onun təkmilləşməsində dahi bəstəkar, musiqişünas alim və maarifçi Üzeyir Hacıbəylinin xidmətləri xüsusilə qeyd olunmalıdır.
Nazir bildirmişdir ki, həm Heydər Əliyev Fondu, həm Azərbaycan Mədəniyyət Fondu bu sahəyə öz layiqli töhfəsini vermişdir. Son illər ölkəmizdə bir sıra irimiqyaslı layihələr həyata keçirilmiş, muğam müsabiqələri təşkil olunmuş, "Qarabağ xanəndələri" albomu buraxılmış, "Muğam" jurnalı, "Muğam ensiklopediyası" nəşr edilmişdir. Muğama dair müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət "Azərbaycan muğamı" multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanmışdır.
Natiq vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin milli mənəvi sərvətlərimizə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə onlarla gənc və istedadlı musiqiçinin, o cümlədən muğam ifaçılarının adları Azərbaycan Respublikasının istedadlı gənclərinin "Qızıl kitab"ına daxil edilmiş və onlar Prezidentin xüsusi təqaüdlərinə layiq görülmüşlər.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirmişdir ki, insan istedadının heyrətamiz yaradıcılıq sahəsindən biri olan muğam öz fəlsəfəsi, estetikası, obrazlar aləmi ilə məhz insanlar və xalqlar arasında qarşılıqlı anlaşmanın, harmonik ictimai münasibətlərin bərqərar olmasına yönəlmişdir. Muğam təkcə təbii-etnik yayılma arealına görə deyil, həm də fövqəlmədəni mahiyyətinə görə bəşər mədəniyyətinin inkarolunmaz fenomenidir.
Akademik diqqətə çatdırmışdır ki, birinci simpoziumdan keçən müddətdə muğamın tarixi təkamülü, fəlsəfi mahiyyəti, etnopsixoloji aspektləri yeni nəzəri-metodoloji baza əsasında tədqiq olunmuşdur. M.Kərimov əmin olduğunu bildirmişdir ki, bu simpozium muğamşünaslıq sahəsində gələcəkdə görülməli olan işləri müəyyənləşdirməklə yanaşı, indiyədək elmi-tədqiqat sahəsində həyata keçirilmiş tədbirlərin hesabatı xarakterini də daşıyacaqdır.
Tədbirin böyük əhəmiyyət daşıdığını bildirən YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq bir neçə dildə çap edilmiş simpozium materiallarının hər bir iştirakçıya müzakirələrdə yaxından iştirak etmək imkanı yaradacağını söyləmişdir.
J.Dürinq demişdir ki, YUNESKO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının "Maqam" Tədqiqat Qrupunun ötən iclaslarında muğam musiqisi fenomeninin fundamental problemləri, eləcə də onunla bağlı regional musiqi ənənələrinin tarixi aspektləri təsvir və müzakirə olunmuşdu. Həmin səylər nəticəsində muğam fenomeni barədə mövcud bilik və anlayışlar xeyli genişlənmiş və dərinləşmişdir. Nəticədə muğam sənətinin tədqiqinə həsr olunmuş çoxsaylı nəşrlər çap olunmuşdur.
Bu gün keçirilən simpozium diqqəti qədim tarixə malik və regionda geniş yayılmış Azərbaycan muğamatı üzərində cəmləşdirmişdir. Simpoziumun səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, bu, sadəcə alimlərin görüşü və ya iclası deyil, məhz muğamın zəngin tarixi keçmişini və müasir inkişafını öyrənməyə yaxından kömək edən nüfuzlu elmi məclisdir.
Azərbaycan xalqının musiqiyə, xüsusilə muğama olan sevgisi bütün dünyaya məlumdur. Muğamın YUNESKO tərəfindən yüksək qiymətləndirilməsi, eyni zamanda, Azərbaycanın birinci xanımının onun inkişafına böyük töhfəsi bu gün artıq öz bəhrəsini verməkdədir. İnanıram ki, bu simpozium muğamın tədqiqinə, öyrənilməsinə öz töhfəsini verəcəkdir.
Simpoziumun açılış mərasiminə həsr edilmiş tədbirə yekun vuran Firəngiz Əlizadə I Beynəlxalq muğam festivalının parlaq, unudulmaz günlərindən danışmış və vurğulamışdır ki, bu nəhəng mədəniyyət hadisəsinin sorağı dünyanın ən müxtəlif guşələrindən gəlir. Bu, bizi olduqca sevindirir.
Birinci festivaldan fərqli olaraq "Muğam aləmi" II Beynəlxalq muğam festivalının gündəliyinə daxil edilmiş konsert proqramlarında xalq mahnılarına xüsusi yer ayrılmışdır. Ona görə ki, muğam sənəti bizim xalq mahnılarımıza çox böyük təkan vermişdir. Siz özünüz festivalın açılış mərasimində bunun əyani şahidi oldunuz. Bu festivalın bir fərqli cəhəti də ilk dəfə onun çərçivəsində keçiriləcək açıq ustad dərslərindən ibarətdir.
Sonra elmi simpozium öz işini bölmə iclasında davam etdirmişdir.
Firəngiz Əlizadənin və almaniyalı alim Elsner Yurgenin sədrlik etdikləri iclasda ümumilikdə 5 məruzə dinlənilmişdir.
İclasda azərbaycanlı alimlər Zemfira Səfərovanın "S.Urməvinin və Ü.Hacıbəylinin elmi əsərlərində muğam-məqam sistemləri", Suraya Ağayevanın "Azərbaycan muğamlarının səs sisteminin tədqiqat məsələlərinə dair", amerikalı tədqiqatçı Uilyam Samitsin "XVII əsrdə muğamın suit formasında ifası və onun XIX əsr Azərbaycan dəstgahı ilə əlaqələri", türkiyəli sənətşünas Ozan Yarmanın "Bosfordan Marağaya qədər: muğamların düzgün ifasına dair nəzəri araşdırmalar və təcrübi təkliflər" və rusiyalı alim Faiq Çələbiyevin "Azərbaycan dəstgahı: XIX əsrin ikinci yarısından XXI əsrin əvvəlinə qədər onun strukturu nə qədər dəyişmişdir?" mövzularında məruzələri maraqla dinlənilmişdir.
Alimlər araşdırdıqları məsələləri əyani vasitələrlə diqqətə çatdırmışlar.
Sonra dünyanın məşhur muğam tədqiqatçıları onun bəzi problemləri barədə fikirlərini bölüşmüşlər.
Simpozium işini martın 17-də yekunlaşdıracaqdır.
AzərTAc
Azərbaycan.- 2011.-16 mart.- S. 4.