Giuli Alasaniya: "Bakı
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun keçirilməsinə layiq şəhərdir"
Gürcüstan Universitetinin Himayədarlar Şurasının sədri, Qafqaz Dostluq Evinin rəhbəri xanım Giuli Alasaniya bu il aprelin 7-dən 9-dək Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət almasından məmnun qaldığını və bu mötəbər tədbirin işində böyük məmnuniyyətlə iştirak edəcəyini bildirmişdir. Giuli Alasaniya qeyd etmişdir ki, Bakı şəhərində aprelin əvvəllində keçirilməsi nəzərdə tutulmuş bu möhtəşəm foruma dəvəti Mədəniyyət və Turizm Nazirliyindən almışdır.
G.Alasaniya Bakının bu cür əzəmətli beynəlxalq məclislərin keçirilməsi üçün layiqli şəhər olduğunu vurğulamış və demişdir: "Bu günlərdə Bakıya səfər etmişdim. Bakı, sözün həqiqi mənasında, gündən-günə gözəlləşir. O, dünyanın gözəl şəhərləri sırasındadır. Azərbaycanın dövlət başçısının balanslaşdırılmış siyasəti öz bəhrəsini verir. Ölkənin iqtisadi potensialı yüksəlir, siyasi sahədə uğurlar getdikcə genişlənir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi üçün məhz Azərbaycan paytaxtının seçilməsi fikrimə əyani sübutdur. Forumda müxtəlif ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, çoxlu sayda rəsmi qonaqlar iştirak edəcəklər.
YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı və digər nüfuzlu beynəlxalq təşkilatların yekdil qərarı ilə keçiriləcək bu forumu iştirakçıların tərkibinə, beynəlxalq qurumların sayına və formatına görə dünya səviyyəli tədbir saymaq mümkündür. Bu nəcib təşəbbüsü dəstəkləyənləri alqışlayır, azərbaycanlı dostlara müvəffəqiyyət arzulayıram".
Sonra Giuli Alasaniya Bakıda keçirdiyi görüşləri xatırlatmış, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev başda olmaqla akademiyanın kollektivi ilə, həmçinin Mədəniyyət və Turizm, Təhsil nazirliklərindəki görüşlərindən söhbət açmışdır. G.Alasaniya qeyd etmişdir ki, Azərbaycan Diplomatik Akademiyası olduqca perspektivli fəaliyyətə malikdir. Belə bir təhsil ocağının Gürcüstanda da yaradılmasını istərdim. Xanım Giuli Alasaniya, həmçinin azərbaycanlıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş, Gürcüstanda bu bayramın cari ildən dövlət səviyyəsində qeyd olunacağından məmnunluq duyduğunu bildirmişdir. O, Gürcüstanın ayrı-ayrı bölgələrində keçiriləcək Novruz şənliklərində iştirak etmək niyyətində olduğunu demişdir.
İslam Əliyev,
AzərTAc-ın xüsusi
müxbiri
Tbilisi
Azərbaycan.- 2011.-16 mart.- S. 4.