Dağlıq Qarabağın Azərbaycanlı İcması Qarabağ problemi 1828-ci ildə ermənilərin kütləvi şəkildə Zaqafqaziyaya köçürülməsi başlayanda yaranmışdır

 

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin erməni icmasının faktiki rəhbəri Bako Saakyan, xidməti xarici pasportuna görə mühakimə yürütsək, həm də Ermənistan Respublikasının dövlət məmurudur. O, Fransaya qeyri-rəsmi səfəri zamanı bu Avropa ölkəsindəki erməni diasporunun nümayəndələri qarşısında bir sıra bəyanatlarla çıxış etmişdir. Məsələn, Saakyan özünün bu səyyar məclislərində etnik soydaşlarına demişdir ki, Dağlıq Qarabağ tarixi Ermənistanın əyalətlərindən biridir və uzun müddət müstəqil erməni dövlətçiliyinin son parçası və milli azadlıq mübarizəsinin episentri olmuşdur (qəribədir, görəsən, Dağlıq Qarabağ nə vaxt “müstəqil”, üstəlik, alban Arsax knyazlığını və türk Qarabağ xanlığını hesaba almasaq, kiminsə dövlətçiliyinin “son parçası” olmuşdur?! – (AzərTAc).

O, 1918-ci ili “Qarabağ probleminin yaranmasının başlanğıcı” adlandırmışdır. Onun sözlərinə görə, həmin ildə “Osmanlı Türkiyəsinin müdaxiləsi ilə Zaqafqaziyada “Azərbaycan” adlı dövlət yaranmışdır. O vaxta qədər tarixdə heç vaxt belə bir dövlət mövcud olmamışdır və o, yarandığı ilk gündən etibarən Osmanlı imperiyası ilə quru sərhədlərini formalaşdırmaq və pantürkist dövlət yaratmaq məqsədilə bütün qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürməyə başlamışdır”.

1921-ci il iyulun 5-də Qafqaz bürosunun plenumu tərəfindən Qarabağın Azərbaycanın tərkibində olmasının təsdiq edilməsini isə Saakyan “Azərbaycana zorla birləşdirilmə” adlandırmışdır. Saakyanın qastrol klounadasına bir sıra başqa nömrələr də daxil idi, lakin biz onun solo çıxışının yalnız ən “parlaq” nömrələrini seçmişik.

Dağlıq Qarabağın Azərbaycanlı İcması (DQAİ) öz həmyerlisinin Fransaya səfəri haqqında REGNUM informasiya agentliyinin məlumatına (http://regnum.ru/news/polit/1381281.html) münasibət bildirmişdir. DQAİ-nin bəyanatı elə həmin agentliyin saytında dərc edilmişdir (http://regnum.ru/news/polit/1381675.html). Bəyanatın mətnini oxucularımıza təqdim edirik:

“Özünü bir “ölkənin” “prezidenti” adlandıran, lakin Şengen zonasına tamam başqa ölkənin pasportu ilə gedən (etiraf edək ki, belə “dövlət başçısı”na hər gün rast gəlməzsən), əslən bizim diyardan olan Bako Saakyan öz dinləyicilərinin (əsasən elə ermənilərin) qulaqlarını yalan və saxtakarlıq lehməsi ilə doldurmuşdur. Məsələn, o bildirmişdir ki, guya Qarabağ problemi 1918-ci ildə, “Osmanlı Türkiyəsi Azərbaycan adlı dövlət yaradan vaxt” ortaya çıxmışdır.

Əvvələn, tarix elmində “Osmanlı Türkiyəsi” adlı dövlət olmamışdır. Vaxtilə Osmanlı imperiyası olmuşdur, bu gün isə Türkiyə Cümhuriyyəti vardır. “Osmanlı Türkiyəsi” eynilə “Parfiya İslam Respublikası”, “Tevton Federativ Respublikası” və ya “Kirenaik Cəmahiriyyəsi” kimi nonsensdir. Özünü hətta mövcud olmayan bir dövlətin “prezidenti” adlandıran adam, ümumiyyətlə, bu cür adi şeyləri bilməli idi.

İkincisi, Bako Saakyanın naftalin qoxusu gələn erməni təbliğat ştamplarına söykənib söylədiyi kimi, Qarabağ problemi 1918-ci ildə deyil, ondan düz 90 il əvvəl, Rusiya imperiyasının yenicə zəbt etdiyi İran ərazisində, əsasən türklərin məskunlaşdığı İrəvan və Naxçıvan xanlıqlarında o vaxta qədər həmin ərazilərdə mövcud olmamış qondarma “Erməni vilayəti” yaratmağı qərara alanda (bu vilayət 1828-ci il martın 21-də yaradılmışdır), Türkmənçay müqaviləsinin 15-ci maddəsinin şərtlərinə əsasən oraya İrandan və Osmanlı imperiyasından on minlərlə ermənini köçürəndə yaranmışdır. Həmin müqavilə bağlanandan sonra cəmi 80 il ərzində Osmanlı imperiyasından və İrandan Cənubi Qafqaza bir milyona yaxın erməni köçürülmüşdür. Rus publisisti N.Şavrov bu barədə yazırdı: “Ermənilər əsasən Yelizavetpolun və İrəvan quberniyasının münbit torpaqlarında yerləşdirilirdi. Burada onların sayı çox cüzi idi. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsində (Dağlıq Qarabağ və Zəngəzur) və Göyçə gölünün sahillərində məskunlaşdırılmışdı” (bax: Шавров Н.И. «Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам», С-Петербург, 1911, сс. 59-61.).

Qeyd etmək lazımdır ki, 1918-ci ildə İrəvan xanlığının (sonralar İrəvan quberniyası) ərazisində, habelə Dağlıq Qarabağ və Naxçıvan xanlıqlarının ərazisinin bir hissəsində (Yelizavetpol quberniyası), daha dəqiq desək, tarixən Qarabağın bir hissəsi olmuş Zəngəzurda Ermənistan respublikası yaradılmışdı. Bu, həmin torpaqlarda ilk erməni dövləti idi. XIX əsrin birinci qərinəsində bu vilayətlər Rusiyaya birləşdirilənə qədər həmin ərazinin əhalisinin 85 faizi müsəlmanlar idi. Yeni yaradılmış Ermənistan Respublikasının ərazisinin erməni əhalisinin sayı Cənubi Qafqazın Rusiya imperiyasının tərkibində olduğu 90 il müddətində artaraq 50 faizə çatmışdır. Çoxsaylı deportasiya və mühacirət dalğalarından sonra da türklər (azərbaycanlılar) yenə əhalinin xeyli hissəsini təşkil edirdi. Erməni tarixçiləri Ronald Suni və Corc Burnutyan da bu barədə yazırlar.

Məsələn, Corc Burnutyan yazır: “Bir sıra erməni mənbələri 1830-cu illərdən sonrakı statistikadan danışarkən İran hakimiyyəti dövründə Şərqi Ermənistanda ermənilərin sayını düzgün göstərmir və onların əhalinin ümumi sayının 30-50 faizini təşkil etdiklərini bildirirlər. Həqiqətdə isə rəsmi statistik məlumatlara görə, rus işğalından sonra ermənilər Şərqi Ermənistanda ümumi əhalinin güclə 20 faizini, müsəlmanlar isə 80 faizdən çoxunu təşkil edirdi. İstənilən halda, Rusiya istilasınadək ermənilər burada heç vaxt çoxluq təşkil etməmişlər. Kameral siyahıyaalma Şərqi Ermənistanın bir neçə mahalında ermənilərin çoxluq təşkil etməsini göstərsə də, bu dəyişiklik artıq 35 mindən çox müsəlmanın həmin bölgədən mühacirətindən sonra baş vermişdir. Beləliklə, İran administrasiyası illərində heç bir dairədə ermənilərin çoxluq təşkil etməsini sübuta yetirən sənəd yoxdur. Çox güman ki, ermənilərin yerli səviyyədə çoxluq təşkil etdiyi yeganə yer Qərbibasar mahalı idi. Burada Üçkilsə (Eçmiədzin) erməni dini mərkəzi yerləşirdi. 1832-ci ildə minlərlə müsəlmanın köçürülməsi, İrandan və Osmanlı imperiyasından 57 min erməni immiqrantın gəlməsi ilə xristian əhalinin sayı xeyli artmış və müsəlmanlara bərabər olmuşdur. Yalnız 1855-56-cı və 1877-78-ci illərdəki rus-türk müharibələrindən sonra Osmanlı imperiyasından daha çox erməni köçüb gələndən, buradan isə daha çox müsəlman köçüb gedəndən sonra ermənilər, nəhayət, çoxluq təşkil etməyə başladılar. Hətta bundan sonra da XX əsrin əvvəllərindək İrəvan şəhəri, əsasən, müsəlman şəhəri olaraq qalırdı” (bax: "Transcaucasia, Nationalism and Social Change. Essays in the History of Armenia, Azerbaijan, and Georgia" (1996), p. 77-80).

Burnutyanın misal gətirdiyi statistik məlumatlara görə, 1826-1832-ci illərdə İrəvan və Naxçıvan xanlıqlarında müsəlmanların sayı təxminən 30 faiz azalmışdır. Ermənilərin sayı isə köçkünlərin hesabına 3,5 dəfə artmışdı. Burnutyan daha sonra qeyd edir: “Statistikadan görünür ki, Rusiya istilasınadək ermənilər Şərqi Ermənistan əhalisinin təxminən 20 faizini, müsəlmanlar isə 80 faizini təşkil edirdilər. Rusiya ilhaqından sonra İrandan və Osmanlı imperiyasından bura 57 min erməni immiqrant gəlmiş, 35 min müsəlman Şərqi Ermənistanı tərk etmişdir. 1832-ci ildə ermənilər ümumi əhalinin yarısını təşkil edirdilər” (bax: yenə orada, s.79).

Ermənilərin İrəvana, Qarabağa və Naxçıvana köçürülməsi faktının özü müasirlər tərəfindən ətraflı sənədləşdirilmişdir və inkar edilə bilməz (bax: Грибоедов А.С. «Записка о переселении армян из Персии в наши области». http://feb-web.ru/feb/griboed/texts/piks3/3_4_v3.htm; Глинка С.Н. «Описание переселения армян аддербиджанских в пределы России, с кратким предварительным изложением исторических времен Армении». Москва, 1831, с. 131. http://www.libex.ru/detail/book166843.html). 1914-1916-cı illərdə isə keçmiş İrəvan xanlığına daha 350.000 erməni gəlmişdir. Bax: «История армянского народа». Ереван, издательство Ереванского университета, 1980 год, с. 268; Подборка статистических данных по Кавказу. Тифлис, 1869 г., том I, глава I, часть III; Кавказский календарь за 1917 год. Тифлис: канцелярия Кавказского генерал-губернатора Его Императорского Величества, 1916 г., с. 183, 219–221; Акты Кавказской археологической комиссии. Тифлис, 1870 г., т. 4, док. 37, с. 37.).

1978-ci ildə ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi bayram ediləndə Ağdərə rayonunun Marağa kəndində abidə ucaldılmışdı. “Miatsum” avantürası başlanandan dərhal sonra bu abidə ermənilərin həmin diyarda Nuh əyyamından əvvəl yaşaması barədə yayılan mifə mane olan bir monument kimi ermənilər tərəfindən tez-tələsik məhv edilmişdir. Lakin abidənin fotoşəkli və yubiley haqqında qısa material “Sovetski Karabax” qəzetində dərc edilmişdi və qəzetin həmin nömrəsinin surəti bu gün də arxivlərdə saxlanılır.

Türkmənçay sülh müqaviləsi bağlanana qədər İrəvan xanlığının əhalisinin 3/4 hissəsi müsəlmanlardan ibarət idi. Qraf Paskeviç öz qeydlərində bunu iki dəfə təsdiqləmişdir: “…Azərbaycanın (İran hissəsi nəzərdə tutulur – DQAİ) və İrəvan vilayətinin idarəçiliyi arasındakı kəskin fərqi görməmək olmaz. Şəxsi heyəti 25 minə yaxın (ərzaq payı alan insanların sayı bu qədər olmuşdur) olan qoşunlarımızın beş ay Azərbaycanda olmasına, yerli sakinlərin bununla əlaqədar üzləşdiyi çətinliklərə, 1/2 milyon g.r. (gümüş rubl– DQAİ) məbləğində pul və sursat toplanmasına, nəhayət, bizim hökumətə qarşı böyük narazılıq yaratmağa çalışan Abbas Mirzənin bütün intriqalarına baxmayaraq hər şey qaydasında idi. Yerli sakinlər bizim qoşunların bu əyalətdən çıxarılmasını həqiqətən kədərlə qarşılayırdılar. Rusların orada olması haqqında xatirələr bizim üçün ən xoş mənada orada uzun müddət yaşayacaqdır. Əksinə, əvvəllər də sərdarın zülmündən və ağır vergilərdən təngə gəlmiş, bizim hökumətin dövründə indiyə qədər bütün oklad vergilərindən azad edilmiş İrəvan vilayətində isə bütün əhalinin 3/4 hissəsini təşkil edən müsəlmanlar arasında narazılıq doğurmuşduq və indi onlar sərdar üsul-idarəsini artıq təəssüf hissi ilə xatırlayırlar (bax: Отношение графа Паскевича к начальнику Главного Штаба Е.И.В., от 2 апреля 1828 года, № 51. Акты, собранные Кавказскою археографическою комиссиею. Архивъ главного управления намъстника Кавказского, том VII. Изданъ под редакциею председателя комиссии дсс. А.Д.Берже (Тифлисъ: Типография главного управления намъстника Кавказского, 1878), Документ № 438, с. 488.).

Elə həmin Paskeviç daha sonra yazırdı: “Lakin mən heç vaxt güman etməzdim ki, hər halda özünün səy göstərməsini bəyan edən bu arxiyepiskop (arxiyepiskop Nerses - DQAİ)

 yalnız bütün qayğılarını təkcə ermənilərə yönəltmək məqsədilə öz üzərinə belə bir öhdəlik götürəcək, dövlətin mənfəətinə az qayğı göstərəcək, erməni ruhanilərinin, xüsusən Eçmiədzin monastırının xeyrini dövlətin mənafeyindən üstün tutacaqdır. Mən onu da qabaqcadan görə bilməzdim ki, general Krasovski Nersesin iradəsinin icraçılarından birinə çevriləcək və mənim ona verdiyim bütün tapşırıqlara məhəl qoymadan hətta bu ram edilmiş diyarın adi abadlığına qayğı göstərməyəcək və əhalinin 3/4 hissəsini təşkil edən müsəlmanları himayəsiz və müavinətsiz qoyacaqdır” (yenə orada, s.491).

Qarabağda da demoqrafik vəziyyət təxminən belə idi. Qarabağın Rusiyanın tərkibinə daxil olması haqqında Kürəkçay müqaviləsini 1805-ci ildə Rusiya tərəfindən knyaz Pavel Sisyanov, Qarabağ tərəfdən şuşalı İbrahimxəlil Xan imzalamışdır (traktatın mətni ilə tanış olmaq üçün bax: http://azeri.ru/az/karabakh/412/). Onun erməni etnosuna mənsub olmasını güman etmək çətin idi. 150 ildən sonra ermənilər “Qarabağ ermənilərinin Rusiyanın tərkibinə könüllü daxil olması” haqqında mif yaradacaqlar. Bu, “Zaporojye Seçi ermənilərinin Rusiya imperiyasının tərkibinə könüllü daxil olması” kimi absurd səslənir.

Bununla bərabər, Rusiya statistik məlumatlarına görə həmin dövrdə Qarabağın əhalisi 12.000 ailədən, o cümlədən 9.500 türk-müsəlman (azərbaycanlı) və 2.500 erməni ailəsindən ibarət olmuşdur (bax: Акты, собранные Кавказскою археографическою комиссиею. Архивъ главного управления намъстника Кавказского, том IV. Изданъ под редакциею председателя комиссии дсс. А.Д.Берже (Тифлисъ: Типография главного управления намъстника Кавказского, 1870), Документ № 37, с. 38-39.). Adətən müsəlman ailələrində üzvlərin sayı erməni ailələrindən daha çox olduğunu nəzərə alsaq, ermənilərin və türklərin (sonradan rahatlıq üçün onları azərbaycanlı adlandırmağa başlamışlar) say nisbəti mütləq mənada türklərin xeyrinə idi.

“Müstəqil erməni dövlətçiliyinin son parçasının” və “milli azadlıq mübarizəsinin episentrinin” (yəni, Qarabağ ermənilərinin) yaxın tarixi ilə bağlı faktlar belədir. A.S.Qriboyedovun uzaqgörənliklə xəbərdarlıq etdiyi kimi onlar “müvəqqəti buraxıldığı torpaqlara həmişəlik sahib olmaq” üçün əllərindən gələni edirdilər” (bax: Грибоедов А.С. «Записка о переселении армян из Персии в наши области». http://feb-web.ru/feb/griboed/texts/piks3/3_4_v3.htm). Bu faktların çoxu akademik Ramiz Mehdiyevin bu yaxınlarda çapdan çıxmış “Gorus-2010: absurd teatrı mövsümü” kitabında yer almışdır. Bu kitab 2010-cu ilin payızında Gorus şəhərində Ermənistan prezidenti Serj Sarkisyanın irqçi çıxışına layiqli cavab olmuşdur.

Əgər Bako Saakyan “o vaxta qədər tarixdə heç vaxt mövcud olmamış dövlət” deyəndə həqiqətən 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətini (AXC) nəzərdə tutursa, o, nədəsə haqlıdır – istər XIX əsrdə, istər XVIII əsrdə, istər Miladdan əvvəl AXC olmamışdır. Hərçənd, 1918-ci ilə qədər Ermənistan Respublikası da olmamışdır. Bir kiçik sirr açaq: 1922-ci ilə qədər tarixdə Sovet İttifaqı da olmamışdır, XX əsrin ortalarına qədər Misir Respublikası da olmamışdır. Nə edəsən ki, bizim eradan əvvəl müasir Misir ərazisində heç bir respublika olmamışdır!

Azərbaycan Respublikası 1918-ci ildə, Ermənistan Respublikası ilə eyni gündə doğulmuşdur. Amma Saakyanın özünü “prezident” hesab etdiyi “respublika” hələ də doğulmamışdır və heç vaxt doğulmayacaqdır.

REGNUM informasiya agentliyinin oxucularının nəzərinə çatdırırıq ki, Osmanlı imperiyası AXC-ni “yaratmamış”, onu (onunla birlikdə isə bütün qardaş Azərbaycan xalqını, habelə tat, xınalıq, ləzgi, kürd və talış xalqlarını) cəllad Stepan Şaumyan başda olmaqla daşnak-bolşevik banditlərin bütün Şərqi Zaqafqaziya müsəlmanlarına qarşı başladığı, sözün hərfi mənasında soyqırımından xilas etmişdir. Buna görə cəsur general Nuru Paşanın xatirəsi qarşısında baş əyirik!

Bako Saakyanın təfəkkürünün məhdudluğu, onun əyalət səviyyəsində düşünməsi hətta tarixi hadisələri primitiv interpretasiya etməsində də görünür: işə baxın ha, belə çıxır ki, əvvəlcə Osmanlı imperiyası Azərbaycanı “yaradır”, sonra isə Azərbaycan dərhal elə həmin Osmanlı imperiyası ilə quru sərhədi yaratmaq üçün bütün qonşulara ərazi iddiaları “irəli sürməyə başlayır”. Bako Saakyanın ağlına gəlmir ki, əgər Osmanlı imperiyası Azərbaycanı “yaratmış olsaydı”, o, öz “övladı” ilə onun arasında quru sərhədi olmasının qeydinə hansı şəkildəsə qalardı. Bu, müasir erməni təbliğatının miskinliyinin nümunələrindən biridir.

Bako Saakyan onu da bilməli idi ki, onun təbirincə desək, “Osmanlı Türkiyəsi tərəfindən yaradılmış” AXC 1920-ci il yanvarın 12-də Millətlər liqası tərəfindən de-fakto tanınmışdır və bu faktiki tanıma Qarabağ, Naxçıvan və Zəngəzur da daxil olmaqla AXC-nin bütün ərazisinə şamil edilirdi. AXC-nin de-yure tanınmasına 1920-ci ilin aprelində, yəni AXC-nin formal baxımdan tanınmasına dair millətlər liqasında təyin edilmiş səsvermə tarixinə qədər 11-ci Qızıl Ordu tərəfindən işğal edilməsi mane oldu. AXC-nin Millətlər Liqası tərəfindən de-yure tanınmamasının yeganə səbəbi bu olmuşdur. Öz xəritələrinə ucsuz-bucaqsız və nəzarət etmədiyi əraziləri özbaşına daxil etmiş Ermənistan Respublikası isə onun iki nümayəndə heyəti göndərdiyi Paris sülh konfransında rəğbətlə qarşılanmadı və onun ərazi iştahası dəstəklənmədi.

Erməni diplomatlar bunun əvəzinə avropalılardan gözlənilməz bir şapalaq aldılar: 1919-cu ilin aprel ayında müttəfiq dövlətlər AXC hökuməti tərəfindən 1919-cu ilin yanvarında təsis edilmiş və mərkəzi Şuşa şəhərində olmaqla Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarının daxil olduğu Qarabağ general-qubernatorluğunu tanıdılar. Azərbaycanın yurisdiksiyası altında yaradılmış bu qurumun qubernatoru Xosrov bəy Sultanov idi. Bu fakt mübahisəsiz olaraq təsdiq edir ki, 1918-1920-ci illərdə Qarabağ, Zəngəzur və Naxçıvan AXC-nin tərkibinə daxil idi və müttəfiqlər tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınmışdır. General-qubernatorluq Qarabağın bütün ərazisinə səmərəli nəzarət edirdi. Nəticə etibarilə ermənilər özləri də bunu etiraf etməyə məcbur olmuşdu. 1919-cu ildə Dağlıq Qarabağ ermənilərinin milli qurultayı Azərbaycan hakimiyyətini rəsmən tanımışdır ( “Azərbaycan hökuməti və Dağlıq Qarabağ erməniləri arasında 26 avqust 1919-cu il tarixli Müvəqqəti Saziş”in mətni ilə tanış olmaq üçün bax: «К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР. 1918–1925 годы: документы и материалы» (Баку: Азернешр, 1989 год), сс. 23–25. Həmçinin bax: Tadeusz Swietochowski, Russia and Azerbaijan: A Borderland in Transition (New-York: Columbia University Press, 1995), pp. 75–76.).

Bu fakt erməni tərəfin həmin dövrdə Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil olması, “müstəqil hüquq subyekti” və ya “müstəqil siyasi vahid” statusuna malik olması barədə iddialarını tamamilə təkzib edir. Bu, yalnız onların xəyallarında, ya da “dqr konstitusiyası” deyilən, heç bir əhəmiyyəti olmayan kağız üzərində mümkündür. Elə həmin il Anastas Mikoyan V.İ.Leninə yazırdı: “Ermənistan hökumətinin agentləri olan daşnaklar Qarabağın Ermənistana birləşdirilməsinə çalışırlar. Lakin Qarabağ əhalisi üçün bu, Bakıdakı həyat mənbəyindən məhrum olmaq və heç vaxt, heç nədə bağlı olmadıqları İrəvanla bağlanmaq demək olardı. Erməni kəndliləri özlərinin beşinci qurultayında Azərbaycana birləşməyi qərara almışlar” (Bax: Marksizm-Leninizm İnstitutunun Mərkəzi Partiya Arxivi – MLİ MPA, fond 461, siyahı 1, saxlama vahidi 4525, vərəq 1).

Qarabağ ermənilərinin nümayəndə heyəti Bakıda AXC-nin baş naziri N.Yusifbəyovla görüşdə “Qarabağ probleminin dinc yolla həll edilməsinə görə” Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirmişdi. Bu sazişin imzalanması Ermənistanın Dağlıq Qarabağı “Ermənistan ərazisi” elan etmək niyyətlərinin puç olması demək idi. AXC Cənubi Qafqazda ilk dəfə Qarabağın erməni azlığının hüquqlarına zəmanəti təmin etməklə milli azlıqların problemlərinin dinc və mülki yolla həll edilməsinə əməli nümunə göstərmişdir, qonşu Ermənistan isə eyni problemləri “özünəməxsus tərzdə” – insanların fiziki cəhətdən məhv edilməsi və deportasiya metodu ilə həll edirdi. Britaniyalı jurnalist Skotland-Liddel Şuşadan Londona yazırdı: “Qarabağa sülh gəlmişdir. Ermənilər Azərbaycan hökumətinə tabe olmağa razılaşmışlar... Ermənilər mənə deyirdilər ki, Şuşada və Qarabağda indiyə qədər bu cür asayiş və sülh olmamışdır” (bax: Azərbaycan Dövlət Tarix Arxivi, f.894, siyahı 10, saxlama vahidi 103, vərəq 18). Daha sonra o yazır: “Hər iki xalq dinc həyatını davam etdirməyə hazır idi və əgər təşviqatçılar müdaxilə etməsəydi belə də edəcəkdilər. Mən əminəm ki, Zaqafqaziyanın digər rayonlarında erməni-tatar (erməni-azərbaycanlı – qeyd DQAİ-nindir

) qırğınına görə məhz onlar məsuliyyət daşıyır. Erməni təbliğatçılar öz əməllərini bilərəkdən törədir. Lakin mən əminəm ki, onların Zaqafqaziyadakı fəaliyyəti xalis təhrikçilikdir” (yenə orada).

1920-ci ilin mart ayında daşnaklar xaincəsinə qiyam qaldırmağa cəhd etmişdilər. O vaxt bütün Dağlıq Qarabağ erməniləri Novruz bayramını sakitcə qeyd edən Azərbaycan kəndlilərinin evlərində qanlı talanlar törətmiş, Xankəndi, Şuşa və digər yaşayış məntəqələrində hökumət qarnizonlarına hücum etmişdilər. Lakin AXC hökuməti qoşunları daşnakların qiyamını yatırmağa və Şuşanı azad etməyə nail olmuşdur.

Bako Saakyan Parisdə Qarabağın Azərbaycana Stalin tərəfindən “zorla verilməsi” haqqında köhnə bayatıları səsləndirmişdir. 1921-ci ildə Dağlıq Qarabağı heç kəs zorla Azərbaycana birləşdirməmişdir. Qafqaz Bürosu Qarabağı Azərbaycana “zorla vermək” haqqında deyil, onun Azərbaycanın tərkibində SAXLANILMASI haqqında qərar qəbul etmişdir. Bu qərarın lehinə erməni Nazaretyan da (yəqin “zorla”) səs vermişdir. Qafqaz Bürosunun arxivdə saxlanılan qətnaməsində məhz belə deyilir: Qarabağ Azərbaycanın tərkibində SAXLANILSIN. Eyni zamanda əhalisinin əksəriyyəti azərbaycanlılar (mənbələrdə “tatarlar”) olan Zəngəzur Azərbaycan İnqilab Komitəsi tərəfindən Ermənistanın tərkibində “saxlanmamış”, məhz orada sovet hakimiyyəti qurulan gün – 1920-ci il dekabrın 2-də Ermənistanın bolşevikləşdirilməsinə kömək etmək və ermənilərin yeni hakimiyyətə rəğbətini qazanmaq üçün Ermənistana hədiyyə edilmişdi.

Qarabağ əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Buna görə də Qafqaz Bürosu Qarabağın erməni azlığını birtəhər sakitləşdirmək və onların arasında daşnakların təsirini azaltmaq üçün Qarabağın dağlıq rayonlarında yaşayan ermənilərə Azərbaycanın tərkibində muxtariyyət hədiyyə etməyi qərara almışdır. Lakin təəssüf ki, sakinlərinin əksəriyyəti azərbaycanlılar olan Zəngəzura və Şərqi Göyçəyə buna oxşar muxtariyyət verilməmişdir. Sovet hakimiyyətinin süqutu ərəfəsində ermənilər bu cür hədiyyələrə ənənəvi “təşəkkür” formasında cavab verərək bəyan etdilər ki, burada ümumiyyətlə heç vaxt azərbaycanlılar olmamışdır, ermənilər özləri isə az qala “8000 ildir” orada yaşayırlar.

Məlumat üçün bildirək ki, 1897-ci ildə Rusiya imperiyasında ilk ümumi siyahıyaalma məlumatlarına görə (bu məlumatlar İnternetdə yerləşdirilmişdir), Zəngəzur qəzasının 137.871 sakinindən 71.206 nəfəri “tatar” (yəni Azərbaycan) dilini ana dili hesab etdiyi halda erməni dilini ana dili hesab edənlərin sayı 63.622 nəfər olmuşdur (http://demoscope.ru/weekly/ssp/emp_lan_97_uezd.php?reg=387). Özü də bu rəqəmlər azərbaycanlıların həmin bölgədən fasiləsiz mühacirətindən və ermənilərin Rusiya tərəfindən təşviq edilən immiqrasiyasından sonrakı məlumatlardır! Elə həmin siyahıyaalma məlumatlarına görə o dövrdə bütün İrəvan quberniyasında 313.176 nəfər azərbaycanlı və 441.000 erməni yaşayırdı (bunlar əsasən Aleksandropol, Yeni Bayazid və Eçmiədzin qəzalarında əksəriyyət təşkil edən ermənilərin hesabına yaranmış rəqəmlərdir). İrəvan qəzasında azərbaycanlıların və ermənilərin sayı, müvafiq surətdə 77.491 və 58.148 nəfər (əvvəlki kimi azərbaycanlılar əksəriyyət təşkil edir), İrəvan şəhəri nəzərə alınmadan İrəvan qəzasında (yəni əsasən kənd təsərrüfatı ilə məşğul olan əhali) 65.132 və 45.625 nəfər ayrıca, İrəvan şəhərində 12.359 və 12.523 nəfər, Naxçıvan qəzasında 64.151 və 34.672, ayrıca Naxçıvan şəhərində 6.161 və 2.263, Ordubad şəhərində 4.088 və 284, Şərur-Dərələyəz qəzasında 51.560 və 20.726, Sürməli qəzasında 41.417 və 27.075, Eçmiədzin qəzasında 35.999 və 77.572 nəfər olmuşdur. Beləliklə, Türkmənçay müqaviləsindən sonra ermənilərin immiqrasiyası və müsəlman əhalinin kənara axını nəticəsində XIX əsrin axırlarında İrəvan quberniyasının 7 qəzasının 4-də əvvəlki kimi azərbaycanlılar və yalnız 3 qəzada ermənilər əksəriyyət təşkil edirdi.

Qarabağın daxil olduğu Yelizavetpol quberniyasında 1897-ci ildə “tatar” (Azərbaycan) dilini ana dili hesab edən 534.086 nəfər və ana dili erməni dili olan 292.188 nəfər yaşayırdı (http://demoscope.ru/weekly/ssp/emp_lan_97_uezd.php?reg=372). Bu quberniyanın səkkiz qəzasından yeddisində azərbaycanlı əhali əksəriyyət təşkil edirdi. Siyahıyaalma məlumatları Yerevan siyasətçilərinin bugünkü Dağlıq Qarabağın erməni əhalisinin 90 faiz təşkil etməsi barədə uydurduğu mifi alt-üst edir.

Hətta 1828-ci ildən başlayaraq ermənilər bu regiona köçürüləndən sonra da Qarabağda ermənilər nisbi çoxluq təşkil etməmişlər. Yelizavetpol quberniyasının tərkibinə daxil olan Qarabağ dörd qəzadan ibarət idi – Cavanşir (1897-ci ildə bu qəzada 52.041 azərbaycanlı və 19.551 erməni yaşayırdı), Cəbrayıl (49.189 və 15.746), Şuşa (62.868 və 73.953) və Zəngəzur (71.206 və 63.622). Ermənilərin azacıq da olsa üstünlük təşkil etməsi üçün təkcə Şuşa qəzası üzrə məlumatları nəzərə almaq lazımdır, hərçənd Qarabağın dağlıq hissəsi Cavanşir və Şuşa qəzaları hesab edilirdi. Bu iki qəzada isə, ermənilər bütövlükdə yenə də azlıq təşkil edirdi. Görəsən, erməni təşviqat və təbliğat maşını “90 faiz” rəqəmini haradan götürmüşdür? Yəqin ki, özünün “8000 yaşını” götürdüyü “mənbə”dən.

Rəsmi Yerevanın məntiqinə görə səkkiz qəzanın yalnız birinin əhalisinin tərkibində ermənilərin cüzi çoxluq təşkil etməsi bütün Yelizavetpol quberniyasının Azərbaycana “zorla birləşdirilməsi” haqqında bütün Parisə car çəkmək üçün kifayətdir. Belə olan təqdirdə Rusiya imperiyası əhalisinin tamamilə qərəzsiz şəkildə siyahıya alınması nəticələrinə əsasən İrəvan və Sürməli qəzalarında azərbaycanlı əhalinin aşkar əksəriyyət təşkil etməsinə baxmayaraq, həmin qəzaların Ermənistana birləşdirilməsinə nə ad vermək olar? Əgər Naxçıvan qəzasında erməni əhalinin 34 faiz təşkil etməsi 90 ildən sonra bu diyarın “əhalisinin iradəsinə rəğmən” onun Azərbaycanın tərkibinə “qanunsuz daxil edilməsi” barədə bütün dünyada şivən qaldırmaq üçün kifayətdirsə, onda bütün İrəvan quberniyasının əhalisinin 40 faizini təşkil edən azərbaycanlıların fikri nə üçün həmin ərazidə erməni köçkünlərin varisləri üçün süni dövlət yaradılmasının yolverilməz olması barədə analoji protestlər üçün kifayət hesab edilməməlidir? Üstəlik, elə həmin qərəzsiz qraf Paskeviçin məlumatlarına görə 1828-ci ildə İrəvan vilayətinin bütün sakinlərinin 3/4 hissəsini təşkil etmiş yerli müsəlman əhalisi deportasiyaya məruz qalmışdır! Əgər Naxçıvana Azərbaycanın tərkib hissəsi statusu verilməsi təkcə o səbəbdən qanunsuz hesab edilirsə ki, bu, Naxçıvan əhalisinin 34 faizinin xoşuna gəlmirdi, onda türk (azərbaycanlı) əhalinin nisbi sayı, müvafiq surətdə 51 faiz (ermənilər 38 faiz), 47 faiz (ermənilər 30 faiz) və 52 faiz (ermənilər 46 faiz) təşkil edən İrəvan, Sürməli və Zəngəzur qəzalarının ərazilərində Ermənistan Respublikasının və Ermənistan SSR-in yaranması da eyni qaydada qanunsuz hesab edilməlidir.

Yeri gəlmişkən, əgər 1921-ci ildə Qafqaz Bürosu Qarabağın Ermənistana verilməsini qərara alsaydı, bu həqiqətən zorla birləşdirmək olardı, çünki bu qərar nə diyarın tarixi keçmişini, nə də onun əhalisinin əksəriyyətinin iradəsini əks etdirməzdi.

Saakyan Parisdə tez-tez “Qarabağ xalqı” ifadəsini işlətmişdir. Lakin o, bir məsələni unudur ki, onun bütün qarabağlıların adından çıxış etmək səlahiyyəti yoxdur. Ola bilsin ki, o, Qarabağ xalqının erməni icmasının lideridir, lakin bu xalqın Azərbaycan seqmenti də vardır – Qarabağın təkcə dağlıq rayonlarının əhalisinin üçdəbir hissəsindən çoxu azərbaycanlılardır! Lakin əgər qarabağlılar dedikdə Qarabağın təkcə dağlıq hissəsinin sakinlərini deyil, onun bütün sakinlərini nəzərdə tutsaq, (əslində belə də olmalıdır) belə çıxır ki, Saakyan qarabağlıların cəmi 20 faizini təmsil edir, özü isə hamının adından çıxış edir. Qoy o hər yerdə elə belə də desin – mən qarabağlıların 20 faizinin adından, məhz ümumi Qarabağ xalqının erməni hissəsinin adından çıxış edirəm. Hindi rezervasiyalarından birinin başçısı bütün amerikalıların prezidenti sayıla bilərsə, Saakyan da qarabağlıların prezidenti ola bilər.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Saakyanın Fransaya səfəri, orada əsasən ermənilərlə görüşməsi və necə deyərlər, Fransanın ermənidaxili gettosunun hüdudlarından kənara çıxmaması daha çox keçmiş DQMV-nin ermənilər yaşayan kəndlərinə səyahəti xatırladır.

Aydındır ki, erməni təşviqatı və təbliğatı növbəti dəfə dəlilsiz-sübutsuz Azərbaycanı “tarixi saxtalaşdırmaqda” təqsirləndirməyə tələsəcək və heç bir ciddi akademik əks arqument olmadığı halda, iki xalqdan hansının “daha qədim” olması və Stalin dövrünün möcüzəli sınaq şüşəsindən kimin hamıdan sonra çıxması mövzusunda mənasız fəlsəfi mühakimələrə qapılacaqdır. Təkcə onu qeyd edək ki, yuxarıda göstərilən bütün faktlar müstəqil, mötəbər və əlyetərli tarixi mənbələrdən, əsasən Rusiya mənbələrindən, bəzi hallarda isə erməni müəlliflərin özlərinin təsdiqlədiyi mənbələrdən götürülmüşdür. Əgər bundan sonra kimisə tarixi saxtalaşdırmaqda və yalanda ittiham etsələr, bu ittihamlar 1828-ci il Türkmənçay müqaviləsinin müəlliflərinə, qraf İ.F.Paskeviçə, knyaz P.D.Sisyanova və imzalanmış traktat üzrə onun qarabağlı tərəfdaşı şuşalı İbrahimxəlil Xana, A.S.Qriboyedova, S.N.Qlinkaya, N.Şavrova, A.D.Berjeyə, C.Burnutyana, R.Suniyə, A.Mikoyana, ingilis Skotland-Liddelə, Kameral Siyahıyaalma müəlliflərinə, 1897-ci il Rusiya imperiyasının birinci ümumi siyahıyaalmasının iştirakçılarına, RK(b)P Qafqaz Bürosunun stenoqrafçılarına, Marağa kəndindəki abidənin və “Sovetski Karabax” qəzetindəki məqalənin müəlliflərinə, bir sözlə bu cür ittiham irəli sürənlərin özlərindən başqa hamıya ünvanlanmış olacaqdır. Pitekantroplar qəbiləsindən kimin daha tez aralanaraq millətə çevrilməsi mövzusunda marazmatik diskussiyalara gəldikdə isə, bağışlayın, biz həmin diskussiyalarda iştirak etmirik. Belə diskussiyalar üçün cənab Şavarş Koçaryanın və Ara Saqatelyanın idarələri vardır”.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-16 mart.- S. 6.