Boz ay bizi yaza çatdırır

 

Allı-güllü, yamyaşıl yaza gedən yolun üstündəyik. Hər çərşənbə tonqalların üstündən atlana-atlana ilaxır çərşənbəyə də çatmışıq. Qışın uzun gecələri yavaş-yavaş qısalıb uzun günlə əvəzlənir, buludların qar-yağış sırğası dağılıb göy üzünə ulduz sırası düzüləcək. Bir azdan ay da bədirlənəcək. Yazın erkən çağında səmanı göy qurşağı bəzəyəcək.

Digəl ki, hələ boz ay bozara-bozara yoluna davam etməkdədir. Hikkəsini də əldən vermir, elə bil kiçik çilləynən qardaşağaymış, sözü bir yerə qoyub onun qısa ömrünün əvəzini çıxırlar bizdən. Gah qarlıyır, gah küləkləyir, birdən də elə fırtına qoparır ki, elə bilirsən qışın oğlan çağıdır. Qədimdən dədə-babalarımız boz ayı ilin-fəslin ən çılğın çağı adlandırıblar. İxtiyar yaşlılar: "Boz aydan çıxdıqsa, deməli, bu il bizə ölüm yoxdur" deyə ümidləniblər. Ulularımız bir də onu deyiblər ki, özünü qarlı-şaxtalı qışdan yox, bax, bu boz aydan qoru. Çünki boz ay hər dəqiqənin başı hal-xasiyyətini dəyişir, qara buluda dönür, buz kimi külək əsir, qızmar gün çıxır, yarımca saatdan sonra da dolu yağır. Adam ən çox fəslin bu çağında xəstələnir. Təzə doğulan körpənin qırx günü necə çətindirsə, boz ay da fəslin qırxlı çağıdır, gərək ehtiyatlı olasan.

Ancaq boz ay nə qədər şıltaqlıq eləsə də, anamız təbiət öz işindədir. Çünki bu cür şıltaqlıqlar, çağalıqlar təbiətin əbədi qanunauyğunluqlarına təsir edə bilməz, əksinə, bizi yaza çatdırır. Boz ay girəndən qız-gəlinlərin evlərdə əkdikləri səmənilər bir boy atıb ki, gəl görəsən. Belinə qırmızı kəmər də bağlanıb. Ümid, həyat, yaşamaq rəmzi səmənilər Novruza qovuşmağa can atır. Səməni göyərən arzulara bənzədilir. Tarixi mənbələrdən aydın olur ki, səməni göyərtmək və ondan halva bişirmək eramızdan əvvələrədək uzanır. Arzu və niyyət əlaməti kimi yetişdirilən səməniyə əcdadlarımız müqəddəs baxmış, sevə-sevə göyərtmiş, evdə hündür, layiqli yerə qoyulmuş, ehtiramla yanaşılmışdır.

Hər çərşənbə xonçalar bəzənir, şamlar yanır, evlərdən plov ətri gəlir. Qoca-cavan, gəlin-uşaq hamı ocaq başına toplaşıb tonqalın üstündən atlanaraq qışın çilləsindən çıxırlar. Uca Yaradandan yeni ilə qada-balasız çıxmağı arzulayırlar. Boz aya el arasında puçur açan ay da deyirlər. Külək əsməyi ilə ağacları yuxudan oyadır, düymələrini-puçurlarını açır, onları yaza səsləyir. Yel çərşənbəsinin də mənası elə budur. Elədən-belə, belədən-elə əsərək təkcə ağacları deyil, bütövlükdə təbiəti, torpağı, quşları, yerin altını da, üstünü də oyadır. Oyanan ağacların tumurcuqları açılır, yarpaqlayır, çiçəkləyir, yamyaşıl otlar dizə çıxır. Bir azdan quşların səsi də bir-birinə qarışacaq. Bununla da, təbiətlə insanın ünsiyyəti başlayır, torpaq əkilir, dən səpilir, ağac basdırılır, şitil yetişdirilir, mal-davar örüşə çıxarılır, qoyun-quzu yamaclara səpələnir.

İlaxır çərşənbədən sonra torpaqdan qalxan buğun ətri, əsrarəngiz mənzərəsi insanı heyran edir. Bənövşə, novruzgülü bugün-sabah soyuğa-şaxtaya baxmayaraq çöllərdə, yamaclarda, kolların dibindən boylanacaq, ətri də ki, bir aləm. Onlar Novruz müjdəçiləridir, boz ay, şaxta-boran bilməzlər, vəzifələri yaz xəbərini bizə gətirməkdir, nə qədər çovğun-boran olsa da, hər dəfə İlahi vəzifələrini şərəflə yerinə yetirir bu müqəddəs yaradılışlar. Bir də qaranquşdur yaz xəbərçisi. Yazdan nigaran qalmış insanlara müjdə gətirir, tövlələrin, çardağın tavanında yuva qurur, bala bəsləyir.

Türk xalqlarına məxsus Novruz bayramı müxtəlif inanclar, adət və ənənələrə köklənmiş mərasimlərlə zəngindir. Bir inancımız da var ki, Novruzu gərək tər-təmiz qarşılayasan. Qışın qara hisini atasan, mir-mitili çölə sərəsən, yorğan-döşəyin üzünü dəyişəsən, ev-eşiyi yuyub-yığışdırasan, həyət-bacanı gülə-çiçəyə döndərəsən, səliqə-sahmana salasan, divarları ağardasan. Bir də gərək təndir qalayasan, çörək bişirəsən, yuxa salasan. Analar, nənələr buğda-qovurğa tədarükünə başlayır, toyuğun yumurtalarını bir-bir yığıb boyamaq üçün ilaxır çərşənbəyə saxlayırlar. Yetik cavanlar at çapır, dirədöymə, kəməndatma, qılıncoynatma, mətəqoruma oynayır, güləş yarışı keçirirlər. Bunlar hamısı torpağın oyanmasına, yazın gəlişinə sevinməklə, şənlənməklə əlaqələndirilir.

İndi hələ boz aydır, qışın yazın qarşısında tab gətirməyib şıltaqlıq etdiyi günlər, hər saat bir təbə düşür. Bir neçə gündən sonra qış təslim olub köhlən atın çəkib gedəcək. Dörd yana gül-çiçəkdən nur səpiləcək.

Təbiətdə yaz nəfəsinin duyulması mifologiyamızda rəmzi olaraq döyüş-vuruş təsəvvürü də yaradır. Qədim insanlar yazı gülərüzlə qarşılamaq üçün boz ayda bir yerə toplaşar, tarla, əkin nəğmələri oxuyar, üzünü Günəşə tutub tez gəlməsini diləyərlər, ocaq qalayıb ətrafında nəğmələr oxuyarlarmış.

Deyirlər ilin dörd çərşənbəsi müqəddəsdir, bu zamanlar uca Yaradandan nə diləsən əsirgəməz, bəndəsini sevindirər. Bizim də budaqlardan sarala qalan arzularımız, ümidlərimiz var; Novruzu yurdumuzda qarşılayaq, tonqal qalayaq, neçə illərdən bəri çəkdiyimiz çilələri ocaqda yandıraq, buğlanan torpağın nəm ətrini ciyərimizə çəkək. Ağac əkək, torpağa dən səpək, ağban evlər ucaldaq, bağçamızda gilas-gilənar sırğalansın, əncir, üzüm şirələnsin, taxıl zəmiləri tel-tel olsun. Bu Novruz bizi bax belə sevindirsin.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.-16 mart.- S. 7.