Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının
möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan xalqının
zəngin tarixi-mədəni
irsinin qorunub saxlanılmasında, tədqiqi
və təbliğində
xüsusi xidmətləri
olan Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasını möhkəmləndirmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər
Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin
eksponatlarının restavrasiyası, habelə tarixi əhəmiyyətli
yeni muzey əşyalarının alınması
üçün Azərbaycan Respublikasının 2011-ci il
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan
Milli Elmlər Akademiyasına 1,0 (bir) milyon manat məbləğində
vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada təmin etsin.
3. Azərbaycan
Milli Elmlər Akademiyasının Rəyasət Heyəti
ayrılmış vəsaitdən Milli Azərbaycan Tarixi
Muzeyinin təqdim etdiyi plana əsasən aidiyyəti üzrə
istifadə olunmasına nəzarəti təmin etsin.
4. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 mart 2011-ci il
Azərbaycan.- 2011.-17 mart.- S. 1.