Şəkidə akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilmişdir

 

Martın 16-da AMEA-nın Şəki Regional Elmi Mərkəzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, şəhər rəhbərliyinin, ziyalıların və elm adamlarının iştirak etdikləri tədbiri giriş sözü ilə Şəki Regional Elmi Mərkəzinin direktoru, professor Zəkəriyyə Əlizadə açaraq, akademik Ramiz Mehdiyevin bu kitabının erməni saxtakarlığının ifşası, habelə son əsrlərdə regionda baş verən ictimai-siyası proseslərə aydınlıq gətirilməsi baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı tarixçilər, siyasətçilər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabın erməni ideoloqlarının beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərinə çox tutarlı cavab, təkzibolunmaz faktlara söykənən dəyərli elmi əsər olduğunu xüsusi vurğulamışdır. İcra hakimiyyətinin başçısı bildirmişdir ki, müəllif bu kitabında 2010-cu il oktyabrın 16-da Azərbaycanın qədim Zəngəzur torpağında - Gorus şəhərində Serj Sarkisyanın diaspor jurnalistləri ilə görüşünün təfərrüatlarını çox aydın şəkildə oxuculara təqdim etmişdir. Müəllif yazır ki, Xocalı soyqırımının, Dağlıq Qarabağ və ona bitişik ərazilərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmələrin əsas təşkilatçılarından biri olmuş Sarkisyan Gorus teatrının səhnəsində öz şəxsi daxili mədəniyyətinin və savadının səviyyəsini əks etdirən bir sıra kəskin bəyanatlarla çıxış etmiş, özünü "akademik" kimi göstərməyə çalışmış, bütün elm aləmini "yeni kəşflər"lə heyrətləndirməyi qərara almışdı.

M.Cabbarlı bildirmişdir ki, absurd teatrın səhnələşdirdiyi məkan - Gorusun itirdiyimiz qədim yurd yerlərimizdən biri olduğuna diqqəti cəlb edən müəllif, Serj Sarkisyanın hətta ən yaxın tarixi görmək istəməməsini onun siyasi nadanlığı ilə izah edir. Müəllif göstərir ki, Ermənistandakı azərbaycanlılara məxsus yer adlarının sonradan dəyişdirildiyinin şahidi olmaq üçün ən yaxın tariximizə aid məxəzləri vərəqləmək kifayətdir.

Bildirilmişdir ki, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" əsərini oxuduqca bir daha əmin olursan ki, həqiqət bizim tərəfimizdədir. Müdriklik əvəzinə çılğınlıq, sağlam təfəkkür əvəzinə xəstə təxəyyül, qürur əvəzinə təkəbbür, sərsəm ağıl nümayiş etdirən Sarkisyanın fikirləri uydurduğu miflərə, qayçılaya-qayçılaya gəldiyi həqiqətlərin yerində dikəltdiyi yalan sütunlara, erməni etnosu və dilinin tarixi ilə bağlı dünya ictimaiyyətinə sırımaq istədiyi cəfəng mülahizələrə söykənir. Bütün bu yalanların isə müəllif tərəfindən elmi şəkildə ictimaiyyətə çatdırılması böyük əhəmiyyət kəsb edir.

Tədbirdə Şəki Regional Elmi Mərkəzin əməkdaşları Dilbazi Cəmilov, Ramil Teymurov, Ulduz Mürşüdova və başqaları çıxış edərək akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının erməni ideoloqlarının tarixi saxtalaşdırmaq cəhdlərinin ifşa edilməsində mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulamışlar.

 

 

Azərbaycan.- 2011.-17 mart.- S. 2.