"Azərbaycanın
sığorta bazarı: problemlər və perspektivlər"
mövzusunda konfrans keçirilmişdir
Martın 16-da Bakı Biznes Mərkəzində Azərbaycan Sığortaçılar Assosiasiyası və Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycanın sığorta bazarı: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransın məqsədi sığorta təsisatlarının fəaliyyətinin əhəmiyyətini biznes təşkilatları rəhbərlərinin və dövlət məmurlarının diqqətinə çatdırmaq olmuşdur.
Tədbirdə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirmişdir ki, Azərbaycanda aparılan iqtisadi islahatların tərkib hissələrindən biri ölkədə maliyyə bazarının formalaşmasıdır. Azərbaycanda bunun üçün əlverişli şərait yaradılmışdır. Vergi, maliyyə büdcə ilə əlaqədar dünya standartlarına cavab verən qanunvericilik bazası yaradılmış, sığorta bazarının formalaşması üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Ziyad Səmədzadə vurğulamışdır ki, sığorta bazarı inkişaf səviyyəsinə görə bir qədər geridə qalır.
Bu geriliyi aradan qaldırmaq, sığorta bazarının inkişafına nail olmaq üçün dövlət tərəfindən mühüm işlər görüldüyünü deyən Z.Səmədzadə hazırda Milli Məclisdə icbari sığorta haqqında qanun layihəsinin müzakirə olunduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, qanun layihəsi cari il aprelin birinci ongünlüyündə ikinci oxunuşda Milli Məclisin yaz sessiyasının müzakirəsinə çıxarılacaqdır. Hazırda bununla bağlı sığorta şirkətləri ilə fəal iş aparılır.
Z.Səmədzadə Azərbaycanda güclü maliyyə-sığorta bazarının yaradılacağına əmin olduğunu demişdir.
Maliyyə Nazirliyi Dövlət Sığorta Xidməti rəisinin əvəzi Namiq Xəlilov Azərbaycanda sığorta qanunvericiliyi və dövlət sığorta nəzarəti haqqında məlumat vermişdir.
"Qala-Həyat" sığorta şirkəti Müşahidə Şurasının üzvü Vüsal Abbasov "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" haqqında Azərbaycan Respublikası Qanununun əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, qanuna əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün işəgötürən təşkilat və müəssisələr, dövlət orqanları öz işçilərini icbari qaydada sığortalamalıdırlar.
Konfransda
dünyada və Azərbaycanda sığorta sektorunun
inkişaf perspektivləri, sığorta məhsulları və
sığorta müqavilələri, istehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta, Azərbaycanda həyat
sığortasının inkişaf perspektivləri, risklərin
idarə edilməsi sistemində sığortanın rolu və
digər aktual məsələlər müzakirə
olunmuşdur.
Azərbaycan.- 2011.-17 mart.- S. 2.