Azərbaycan ilə Ukrayna arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

Bakıda rəsmi səfərdə olan Ukraynanın müdafiə naziri Mixail Yejel martın 16-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür.

Ukraynalı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi olmuş, hər iki ölkənin dövlət himnləri səslənmişdir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə general-polkovnik S.Əbiyev demişdir ki, iki ölkə arasında bütün səviyyələrdə strateji əlaqələr mövcuddur. Bu əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq inkişaf etdirmək qarşıda duran əsas məqsədlərdən biridir.

Söhbət zamanı hərbi-texniki əməkdaşlıq məsələlərinə toxunulmuş, regiondakı mövcud hərbi-siyasi durum diqqət mərkəzində olmuşdur.

Nazir S.Əbiyev vurğulamışdır ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpağı işğal edilmiş, bir milyon soydaşımız öz yurd-yuvasından didərgin düşmüşdür. Münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik konkret nəticə vermir. Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması barədə nüfuzlu beynəlxalq qurumların qətnamələri yerinə yetirilməmişdir. Nazir bildirmişdir ki, belə vəziyyətdə işğal olunmuş torpaqları azad etmək üçün Azərbaycanın ciddi zəruri tədbirlər görməkdən başqa yolu qalmır. Biz bu istiqamətdə fəaliyyətimizi genişləndiririk.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-17 mart.- S. 2.