Bakıda "Azərbaycan
muğamı və Orta Şərq musiqisi" mövzusunda elmi simpozium işini davam etdirmişdir
Martın 16-da Azərbaycan
Bəstəkarlar İttifaqında
"Muğam aləmi"
II Beynəlxalq muğam
festivalı çərçivəsində
keçirilən "Azərbaycan
muğamı və Orta Şərq musiqisi" mövzusunda elmi simpozium öz işini bölmə iclasında davam etdirmişdir.
AzərTAc xəbər verir ki, gün ərzində
keçirilən bölmə
iclaslarına amerikalı
alim Uilyam Samtsin, rusiyalı sənətşünas Ramilla
Canizadə, Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir
üzvü, əməkdar
incəsənət xadimi
Zemfira Səfərova və türkiyəli bəstəkar Ozan Yarman sədrlik etmişlər.
İlk olaraq YUNESKO-nun nümayəndəsi,
Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq "Qafqaz və İran mühitində Azərbaycan muğamlarının
yeri" mövzusunda məruzə ilə çıxış etmişdir.
J.Dürinq demişdir ki, hazırladığı
məruzə əsasən
İran və Qafqazdan ibarət regional mühitdə Azərbaycan muğamlarının
tədqiqinə yönəlmişdir.
Alim məruzəsində regionda muğamın yayılma coğrafiyasını,
bu sənət növünün keçdiyi
tarixi inkişaf yolunu və onun müasir mədəni sivilizasiyada rolunu aydın şəkildə iştirakçıların
diqqətinə çatdırmışdır.
Sonra Beken Münir "Makam musiqi ənənəsində
formanın və səsin qarşılıqlı
əlaqəsi", Salih
Turan "Azərbaycan
zərb muğamları
və türk musiqisində analoji janrlar" (Türkiyə),
Rəna Məmmədova
"Azərbaycan və
türk musiqisində məqam düsturlarının
müqayisəli təhlili
haqqında", Ariz
Abdullayev "Şərq
ənənəvi professional
musiqisində bayatı
muğamı", Cəmilə
Həsənova "Azərbaycan
musiqisində məqamların
qarşılıqlı əlaqələrinin
tədqiqi məsələləri"
(Azərbaycan), Araş
Mohafez "Musiqi eyniliyinin iki təzahürü: Azərbaycan muğamında
və İran dəsgahında təsnif nümunəsi", Ehsan Xezrlou "Azərbaycan muğam intervalları: neytralların yox olma prosesi" (İran), Sergey Lebedev "Muğamın rus musiqişünaslığına
inteqrasiyası: problemlər
və perspektivlər"
(Rusiya), Yürger Elsner "Müasir muğamın struktur və formalaşması haqqında qeydlər"
(Almaniya),
Rüstəm Boltayev
"Xorezm tanbur və dutar makomlarının
bəzi xüsusiyyətləri
haqqında" (Özbəkistan)
və Yasin Muhpul "On iki Uyğur mukamlarının Azərbaycan
muğamları ilə
müqayisəli tədqiqi"
(Çin) mövzusunda
məruzələri dinlənilmişdir.
Məruzələrdə bir
daha muğam musiqisinin dünya xalqları tərəfindən
böyük maraqla dinlənildiyi və bu sənət növünün sərhəd
tanımaması barədə
fikirlər səslənmişdir.
Bildirilmişdir ki, yarandığı vaxtdan uzun bir inkişaf
yolu keçən Azərbaycan muğamları
tarixin müxtəlif məqamlarında yeniləşməyə
doğru meyillənsə
də, daim öz keçmiş ənənəsini qoruyub saxlamışdır.
Alimlər araşdırdıqları
məsələləri əyani
vasitələrlə diqqətə
çatdırmışlar.
Məruzələr ətrafında
geniş fikir mübadiləsi aparılmışdır.
Simpozium öz işini martın 17-də
başa çatdıracaqdır.
Azərbaycan.- 2011.-17 mart.- S. 2.