AzərTAc-ın inkişaf tarixinin böyük bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

Bu fikir Türkiyənin "İletişim" elmi jurnalında dərc olunmuş məqalədə xüsusi vurğulanmışdır

 

Türkiyənin Qazi Universitetinin redaksiya heyəti ölkənin ən nüfuzlu 19 universitetinin görkəmli alimlərindən ibarət olan və beynəlxalq indekslə nəşr edilən "İletişim" ("Jurnalistika") jurnalında Azərbaycan Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanovun "AzərTAc-ın təşəkkül tarixi və inkişaf mərhələləri" sərlövhəli elmi məqaləsi dərc olunmuşdur.

Giriş, üç bölmə və nəticədən ibarət olan məqalədə AzərTAc-ın yaranması, 91 il ərzində keçdiyi tarixi inkişaf mərhələləri, agentliyin yenidən təşkili, maddi-texniki bazasının gücləndirilməsi, qloballaşan dünyanın informasiya məkanında yeri və rolu, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılması sahəsində görülən işlər zəngin faktlar və məlumatlar əsasında araşdırılmış və təhlil edilmişdir.

Agentliyin təşkilini şərtləndirən amilləri təhlil edən müəllif yazır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk gündən onun siyasi və milli mənafeyinə xidmət edən, siyasətini dünyaya bəyan edən, dünyəvi informasiyaları xalqına çatdıran informasiya agentliyinə ehtiyac yaranmışdır. Ölkənin milli agentliyi AzərTAc məhz belə bir tarixi zərurətdən meydana gəlmişdir.

Məqalədə qeyd olunur ki, bir sıra yubiley məqalələri və jurnalist xatirələri nəzərə alınmasa, AzərTAc-ın tarixi, inkişaf mərhələləri, qarşılaşdığı problemlər və qazandığı uğurlar barədə indiyədək elmi araşdırma aparılmamışdır. Məhz bu amil məqalənin aktuallığını şərtləndirir.

Çoxsaylı arxiv materiallarına və rəsmi sənədlərə istinad olunan məqalədə bildirilir ki, ilk xəbəri 1920-ci il martın 2-də yayılan AzərTAc Xalq Cümhuriyyətinin süqutundan sonra da fəaliyyətini davam etdirmiş, sovet dönəmində sənayeləşdirmə və kollektivləşdirmə proseslərindən, İkinci Dünya müharibəsi illərində xalqımızın ön və arxa cəbhələrdə göstərdiyi fədakarlıqdan, 70-80-ci illərdə ulu öndərimiz Heydər Əliyevin Azərbaycanı İttifaq və dünya miqyasında tanıtmaq üçün gördüyü misilsiz işlərdən materiallar hazırlayıb yaymışdır.

Məqalədə qeyd olunur ki, AzərTAc-ın inkişaf tarixinin böyük bir mərhələsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlişindən sonra başlanan inkişaf prosesinin agentliyin fəaliyyətində də ciddi dönüşə səbəb olması, onun Cənubi Qafqazda SİTA-nın xəbərlərini yayan əsas mərkəzə çevrilməsi, respublikamızın dünyada tanıdılması istiqamətində fəaliyyəti, sovet məkanında birincilər sırasında yeni informasiya texnologiyaları ilə təchiz olunması sistemli şəkildə tədqiq edilmişdir.

Elmi məqalənin AzərTAc-ın müstəqillik illərində fəaliyyətindən bəhs edən bölməsində agentliyin işinin müasir informasiya texnologiyaları əsasında yenidən qurulması, beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fərmanları, sərəncamları, hökumətin qərarları, dünya informasiya məkanına inteqrasiya prosesləri, nüfuzlu regional qurumlar və aparıcı ölkələrin milli xəbər agentlikləri ilə əlaqələri zəngin faktlar əsasında şərh olunmuşdur.

Jurnalda məqalənin ingilis və türk dillərində xülasələri, istifadə olunmuş ədəbiyyatın siyahısı da verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-17 mart.- S. 2.