İfrat radikal müxalifət yenə
xəyanətkar mövqedədir
Bu düşərgə təmsilçiləri
çirkin niyyətlərinə çatmaq üçün
Azərbaycanın ən qatı əleyhdarları ilə də
işbirliyinə gedirlər
Avratlantik məkana inteqrasiya kursu seçən Azərbaycanın demokratik dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul etməsi, zamanın nəbzinə və müasir tələblərə uyğun olaraq tərəqqisini sürətləndirən islahatlar həyata keçirməsi səmərəli nəticə verir və qüdrətini hər keçən il daha da artırır. Yerləşdiyi regionun lideri olan və qazandığı yeni nailiyyətlərlə bu statusunu davamlı şəkildə möhkəmləndirən Azərbaycan artıq beynəlxalq hüququn güclü, nüfuzlu müstəqil subyekti kimi çıxış edir. Demokratik dəyərlərin kifayət qədər möhkəm özüllər üzərində bərqərar olaraq inkişaf etdiyi Azərbaycan sosial-iqtisadi sahədə də dinamik tərəqqi dövrünü yaşayır. Siyasi, iqtisadi, sosial, mədəni və digər sahələr üzrə yaşanan inkişafın biri-birini tamamlaması isə öz növbəsində ölkəmizi daha güclü, beynəlxalq miqyasda daha böyük nüfuz sahibi olan bir dövlətə çevirir.
Lakin ölkəmizin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, beynəlxalq hüquq müstəvisində istənilən məsələ üzrə milli maraqlarını qətiyyətlə müdafiə etməsi və bunun üçün lazımi gücün, qüdrətin sahibi olmasını həzm edə bilməyənlərin sayı da az deyil. Bu, ilk növbədə, artıq neçə illərdir Azərbaycan əleyhinə fəaliyyət göstərən antiazərbaycançı şəbəkəyə, bu şəbəkənin əsas nümayəndələrindən olan Ermənistana və bəzi dövlətlərə aiddir. O da məlum həqiqətdir ki, sözügedən şəbəkənin sıraları genişdir və Azərbaycanın daxilində də təmsilçiləri, əlaltıları mövcuddur. Hüquq müdafiəçisi, qeyri-hökumət təşkilatı, siyasi partiya adı altında fəaliyyət göstərən belə buyruq qulları əməlləri ilə istənilən an Azərbaycana, xalqa xəyanət etməyə hazır olduqlarını dəfələrlə sübuta yetiriblər. Onlar öz mənafeləri, maddi maraqları naminə lazım gəldikdə bir an belə, tərəddüd etmədən xəyanətlərə yol veriblər.
Niyyət və əməli daha çox Azərbaycanda daxili sabitliyi pozmağa yönələn, fəaliyyəti ilə hər zaman ölkəmizin nüfuzunu zədələməyə çalışan ifrat radikal müxalifət əslində, antiazərbaycançı şəbəkənin bir təmsilçisi kimi çıxış etdiyini istər-istəməz faş etməkdədir. Çünki cəmiyyətdən özünü təcrid halına salmış radikallar ölkəmizin rifahını istəməyənlər kimi Azərbaycanda xaotik bir durumun formalaşmasını arzulayır, bu yöndə addımlar atmağa cəhd göstərirlər. Buna nail olmasalar da, iyrənc əməlləri ilə əslində, Azərbaycanın ən qatı əleyhdarları ilə bir sırada yer aldıqlarını göstərmiş olurlar. Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, əslində, radikal müxalifət və beynəlxalq miqyasda Azərbaycan əleyhinə fəaliyyət göstərənlər əməlləri ilə bir-birinə bağlıdırlar. Bu mənada radikal müxalifətin antiazərbaycançı şəbəkədən gələn göstərişlər əsasında fəaliyyətini qurması, müəyyən maliyyə vəsaiti alması barədə indiyə qədər səslənən fikirlərin heç də reallıqdan uzaq olmadığı daha aydın görünər.
Azərbaycanda 1990-92-ci illərdə mövcud olan anarxiyanın, xaosun yaranmasında radikal müxalifətin indi ən maraqlı tərəflərdən biri kimi çıxış etməsinin səbəbləri hamıya yaxşı məlum olan həqiqətdir. Belə ki, ölkəmizdə demokratiyanın inkişaf etdiyi, cəmiyyətin maddi rifah halının davamlı olaraq yüksəldiyi bir şəraitdə radikal düşərgənin təmsilçiləri yenidən hakimiyyətə gəlmək şanslarının sıfıra bərabər olduğunu yaxşı başa düşürlər. Hətta utopik olsa da, özlərini bugünkü Azərbaycan reallıqlarında hakimiyyətə alternativ ola biləcək bir qüvvə kimi təsəvvür etməkdə çətinlik çəkirlər. Məhz bu səbəbdən radikal müxalifəti maraqlandıran əsas məsələ ölkəmizdə yenə qanunsuzluğun hökm sürməsi, insanların ən elementar hüquqlarının belə, pozulduğu bir şəraitin yaranmasıdır. Çünki radikal müxalifət 1990-cı illərin əvvəllərində olduğu kimi, belə bir şəraitdə yenidən insanların kortəbii inam dalğasında hakimiyyətə gələ biləcəyinə dair xəyallar qurur, bu xəyalın reallaşması üçün Azərbaycanın ən qatı əleyhdarları ilə, hətta ermənilərlə belə işbirliyi qurmaqdan çəkinmir. Müsavat Partiyasının sədri İsa Qəmbərin Ermənistan Ümummilli Hərəkatı ilə qarşılıqlı əməkdaşlıq haqqında bəyannamə imzalaması, Əli Kərimlinin xeyir-duası ilə AXCP üzvü Ruslan Bəşirlinin Gürcüstanda ermənilərlə partiyası adından əməkdaşlığa dair razılıq əldə etməsi bunun real təsdiqidir.
Çox da uzaq olmayan yaxın keçmişə nəzər saldıqda radikal müxalifət təmsilçilərinin öz mənafeləri naminə Azərbaycan xalqının faciələrlə üzləşməsinə hazır olmalarına dair konkret misallar çəkmək mümkündür. Ayaz Mütəllibovun hakimiyyətdən devrilməsi üçün AXC və Müsavatın Azərbaycan ərazilərini hərraca qoyması, ermənilər tərəfindən işğal olunmasına şərait yaratmaları da bunun faktiki sübutu kimi çıxış edir. Bu həmin müxalifətdir ki, 20 yanvar faciəsi və Xocalı soyqırımı kimi qanlı hadisələrdən istifadə edərək silah gücünə hakimiyyətə yiyələnmək istiqamətində addımlar atmaqdan çəkinmədi.
İndi görünən odur ki, radikal müxalifət yenidən Azərbaycanda növbəti faciələrin yaşanmasını, ölkəni ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürüklənməsini istəyir. Bunun üçün qeyd edildiyi kimi, Azərbaycan əleyhinə çıxan ən müxtəlif xarici qüvvələrlə böyük məmnuniyyətlə işbirliyinə gedir. Məqsəd Azərbaycanda qarşıdurma yaranmasına, qardaş qanı tökülməsinə nail olmaqla hakimiyyətə gəlmək, həmçinin qulluqlarında durduğu xarici ağalarından ölkədə anarxiya yaradacaqlarına dair vədlər verib daha çox miqdarda pul qoparmaqdır. Müxalifətin İctimai Palata dediyi yeni quruma fəaliyyəti heç də Azərbaycanın mənafeyinə cavabverməyən qüvvələr tərəfindən milyonlarla dollar ayrılacağı barədə dolaşan xəbərlər də bunun sübutudur.
Son günlərdə isə radikal müxalifət düşərgəsində belə absurd fikirlər də yer almağa başlayır ki, guya bir sıra ərəb ölkələrində, məsələn, Tunisdə, Misirdə yaşanan məlum hadisələr Azərbaycanda da təkrarlana bilər. Əslində, bunun mümkünsüzlüyü radikal müxalifətin özünə də yaxşı məlumdur. Çünki sözügedən ərəb ölkələrində ictimai-siyasi, iqtisadi vəziyyət Azərbaycandan tamamilə fərqlidir. İfrat radikal müxalifət Tunisdə məlum hadisələr baş verəndə dərhal bu ölkə ilə Azərbaycan arasında analogiyalar aparmağa çalışdı. Halbuki bu ölkələrin geosiyasi çəkisi, inkişaf və digər mühüm göstəriciləri kəskin şəkildə fərqlənir. Bin Əlinin ölkəyə rəhbərlik etdiyi dönəmdə ölkədə cəmi 6 siyasi partiya fəaliyyət göstərib, müstəqil vətəndaş cəmiyyəti institutları olmayıb. Burada 306 qəzetin lisenziyası olsa da, cəmi bir neçə qəzet çıxıb, müxalifət və müstəqil mətbuat 1990-cı ildə ləğv olunub və sonrakı dövrdə onların fəaliyyətinə icazə verilməyib, demokratiya hər zaman boğulub.
Azərbaycan isə sürətli demokratik inkişafına görə fərqlənən ölkələr sırasında yer alır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ölkəmizdə 54 siyasi partiya qeydiyyatdan keçib, 4500-ə yaxın mətbuat orqanı uçota götürülüb. 2600-dən artıq ictimai təşkilat fəaliyyət göstərir. Müxalifət, onun radikal qanadı, xüsusən də, AXCP, Müsavat Partiyası, onlara bağlı mətbu orqanlar durmadan ölkədə "demokratiyanın boğulduğunu" iddia edir. Lakin belə fikirlərinə görə hakimiyyət tərəfindən müxalifətə heç bir irad tutulmur. Əksinə, onlara məxsus qəzetlərin dövlət nəşriyyatına olan borcları ölkə Prezidenti tərəfindən silinir. Hətta həmin qəzetlərə Prezident, eləcə də dövlət tərəfindən yaradılan müvafiq qurum səviyyəsində maliyyə yardımları edilir. Amma nədənsə bütün bunları açıq etiraf etməkdən radikal müxalifət çəkinir, heç dilinə belə, gətirmək istəmir. Azərbaycanda özəl biznesə, xarici investisiyaya böyük himayə göstərilir. Sahibkarlara dövlət hesabına güzəştli kreditlər verilir, fermerlərə hər il milyonlarla dollar həcmində subsidiyalar ayrılır. Ölkəmizdə heç bir kəskin sosial ziddiyyət yoxdur, xalq və hakimiyyət arasında birlik isə get-gedə daha da möhkəmlənir.
Bütün bunlar Tunis, eləcə də adı müxalifətin dilindən düşməyən ərəb ölkələri ilə Azərbaycan arasında kifayət qədər böyük fərqlər olduğunu aydın göstərir. Digər tərəfdən o da sirr deyil ki, ərəb ölkələrində baş verən hadisələr müəyyən Qərb dairələrinin bütün müsəlman dünyasını qarışdırmaq, müsəlman cəmiyyətlərində ciddi qarşıdurma yaratmaq niyyətlərinin göstəricisi kimi çıxış edir. Azərbaycan isə artıq öz inkişaf və qüdrətinin elə bir həddindədir ki, hər hansı kənar qüvvənin daxili işlərinə qarışmasına qətiyyən yol verməz. Buna cəhd edənlər isə hər zaman layiqli cəzalarını alırlar.
Əslində, reallığa söykənməyən analogiyalar aparmaq ifrat radikal müxalifətin, belə demək mümkünsə, köhnə şakəridir. Xatırlatmaq yerinə düşərdi ki, 2004-cü ildə Gürcüstanda, 2005-ci ildə Ukrayna və Qırğızıstanda yaşanan məlum hadisələrdən sonra da radikal müxalifət analoji hadisələrin Azərbaycanda təkrarlanacağını iddia edir, hətta narıncı rəngə bürünürdü. Lakin ən böyük hakim olan zaman radikal müxalifətin nə dərəcədə yanıldığını, sadəcə cəfəng fikirlər müəllifi olduğunu real formada sübuta yetirdi.
Qeyd edilənlərə rəğmən, indi bəzi ərəb ölkələrində yaşananlardan öz dayaz fantaziyaları çərçivəsində yararlanmağa çalışan və bununla daha çox avantürist olduğunu bir daha sübuta yetirən radikal müxalifət şəxsi ambisiyalarının həyata keçməsi üçün cəmiyyəti çaşdırmağa yönəlmiş hər cür cəfəng fikirlər səsləndirir. Milli Məclisin deputatı Rasim Musabəyov da bildirir ki, ərəb ölkələrində baş verənlərin Azərbaycanda təkrarlanacağını düşünmək sadəlövhlükdür: "Hər bir ölkədə mövcud daxili səbəblər üzündən nəsə baş verə, hansısa proseslər yaşana bilər. Bunun dərhal Azərbaycana təsir göstərəcəyini və burada təkrarlanacağını bildirmək sadəcə, məntiqsizlikdir. Kim isə müəyyən ərəb ölkələrində yaşananların Azərbaycanda təkrarlanacağını iddia edirsə, bu xülyadır. Bu xülya ilə yaşayanlar isə siyasətdən kənar olan insanlardır".
Ölkə müxalifətinin radikal qanadı onu da yaxşı bilməlidir ki, istər Azərbaycan cəmiyyəti, istərsə onun sabahı olan gənclik sərsəm fikirlərlə çıxış edən radikal avantüristlərə uyan deyil. Əksinə, xalq indi Azərbaycanı sürətlə inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyev ideyaları, bu ideyaları yaşadan və həyata keçirən Prezident İlham Əliyevin ətrafında daha sıx səfərbər olur. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda insanların maddi rifah halı davamlı olaraq yüksəlir, ölkəmiz insan inkişafı indeksinə görə MDB məkanında liderlik edir. Qeyd edilən fakt BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatında da aydın şəkildə öz əksini tapıb. Burada açıq vurğulanır ki, insan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı məkanındakı ölkələr arasında son 10 il ərzində aparıcı dövlət olub.
Siması gündən-günə gözəlləşən Azərbaycan öz inkişafı ilə bütün dünyanı heyran qoyur, artıq beynəlxalq miqyasda inkişafın Azərbaycan modelindən bəhs olunur, onun səciyyəvi xüsusiyyətləri öyrənilir. Ölkəmizin dayanıqlı və davamlı inkişafını təmin edən bu model müasir Azərbaycan reallıqlarını yaradaraq son 17 il ərzində onu modern və dinamik tərəqqi parametrlərinə görə nümunəvi ölkəyə çevirib. İqtisadi, siyasi və digər mühüm parametrlər üzrə qüdrətli dövlətə çevrilən Azərbaycan qazanılan müvəffəqiyyətlərin miqyasını davamlı şəkildə genişləndirir, yeni-yeni uğurlara imza atır, xalqımızın sosial-rifah halı daim yüksələn xətt üzrə inkişaf edir. Nəhəng quruculuq işləri, saysız-hesabsız tikililər, səhiyyə ocaqları, təhsil müəssisələri, məcburi köçkünlər, şəhid ailələri, əlillər, veteranlar üçün yaşayış binaları, qəsəbələr, yollar, körpülər ölkəmizin iqtisadi yüksəlişinin və xalqımızın sosial vəziyyətinin yüksək səviyyəsinin bariz nümunəsidir. Ölkəmizdə insanların həyat səviyyəsi gündən-günə yüksəlir. Əməkhaqları, pensiyalar, digər sosial ödəmələr artırılıb və bütün sosial təbəqələr dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Bununla yanaşı, ölkəmizdə neqativ hallarla, o cümlədən bütün ölkələrdə az və ya çox dərəcədə mövcud olan rüşvətxorluq, korrupsiya, inhisarçılıq, süründürməçiliklə mübarizə gücləndirilir və artıq əhali bunun effektini gündəlik həyatında hiss edir.
Güclü makroiqtisadi sabitlik, qlobal maliyyə böhranı şəraitində belə, böyük infrastruktur layihələrin həyata keçirilməsi, regionların sürətli inkişafına xidmət edən dövlət proqramlarının uğurla reallaşdırılması, zamanın tələblərinə cavab verən islahatların aparılması və bu qəbildən olan digər amillər ölkə vətəndaşlarının yaşayış durumuna müsbət təsir göstərir. Hüquqi, sivil, demokratik inkişaf göstəricilərinə malik Azərbaycan regionda və beynəlxalq müstəvidə get-gedə güclənən dövlət halına gəlir. Hazırda Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi məhz ölkəmizə məxsusdur.
Qeyd edilənlər öz növbəsində, Azərbaycanın beynəlxalq hüququn müstəqil subyekti olaraq daha da güclənməsinə, mövqeyinin nəzərə alınmasına, maraqlarının təmin olunmasına gətirib çıxaran bir vəziyyət formalaşdırıb. Bu da ölkəmizə təkcə regional yox, daha geniş miqyasda proseslərin gedişinə təsir etmək, onun milli maraqlarına cavab verən məcrada inkişafına nail olmaq kimi üstünlüklər qazandırır. Belə vəziyyət həllini gözləyən ən vacib məsələ kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də təsirsiz ötüşmür və bu ətrafda cərəyan edən hadisələri ölkəmizin lehinə dəyişdirir. Danılmaz faktdır ki, indi diplomatik sferada Ermənistanı məğlubiyyətə uğradan, bu dövlətin həyata keçirdiyi işğalçılıq siyasətini dünyaya açıq-aydın göstərən Azərbaycan sözügedən ölkənin silahlı qüvvələrinin zəbt edilmiş ərazilərdən çıxarılması üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiqinin artan xətt üzrə inkişafına nail olub. Ən əsası, Azərbaycan özü iqtisadi qüdrəti, güclü ordusu ilə Ermənistana qarşı tətbiq etdiyi pressinqi daim gücləndirməkdədir ki, artıq işğalçı ölkənin buna müqavimət gücü tam tükənməkdədir. Bütün dünya, eləcə də Ermənistan yaxşı bilir ki, Azərbaycan ordusu istənilən an ərazilərini işğaldan azad etmək gücündədir.
Bütün bunlar isə onu göstərir ki, Azərbaycanda əhalinin, ayrı-ayrı təbəqələrin narahatlığına və narazılığına, kütləvi aksiyalara səbəb ola biləcək hal yoxdur. Sosial dayaqlarını itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları Azərbaycanda sabitliyin pozulmasına çalışır, buna yönəlik müxtəlif cəhdlər edirlər. Belə cəhdlərdən biri kimi radikal müxalifət yenidən özünün köhnə, lakin heç bir effekt verməyən mitinq taktikasını işə salmağa çalışır. Bu da növbəti dəfə göstərir ki, müxalifətin radikal qanadının əməllərində, təfəkküründə hələ də dəyişiklik baş verməyib. İsa Qəmbər, Əli Kərimli və onlar kimi digər radikal müxalifət liderləri yenə də ötən əsrin 90-cı illərinin əvvəllərindəki fəaliyyətlərini davam etdirməkdədirlər. Nəticə isə onu göstərir ki, xalqın birmənalı şəkildə rədd etdiyi bu şəxslər, bütövlükdə radikal müxalifət hakimiyyət və mənsəb naminə hər yola baş vurmağa, hətta Azərbaycanın ən qatı əleyhdarları ilə işbirliyinə getməyə hazırdırlar. Elə bu səbəbdəndir ki, formal mövcudluqlarını çoxdan xaricdəki bəzi bədxah qüvvələrin qəpik-quruşlarından asılı etmiş radikal müxalifət təmsilçiləri antiazərbaycançı mənafelərindən əl çəkmək istəmirlər. Xalqın nifrətinə tuş gəldikləri üçün isə bütün ümidlərini xaricdə olan, müstəqil Azərbaycanın varlığına qarşı çıxan qüvvələrə bağlayıblar. Təbii ki, Azərbaycanın hüquq-mühafizə orqanları, ölkəmizdə xaos yaratmaq istəyən bu qüvvələrin qarşısını almalı, ölkəmizin milli maraqlarını satanları, xaricdəki ağaları ilə işbirliyi quranları cəzalandırmalıdırlar.
Rasim BAYRAMOV
Azərbaycan.- 2011.-17 mart.- S. 4.